Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14205/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Abşeron rayon X4 ərazisində yerləşən 800 kv.m torpaq sahəsinin sxeminin (yerləşmə cizgisinin) tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixdən etibarən işlədiyi Abşeron Rayon Hövsan X1 İttifaqı Komitəsinə çoxuşaqlı ailə başçısı olması ilə əlaqədar olaraq torpaq sahəsi ayrılması məqsədi ilə 1992-ci il tarixdə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında Abşeron Rayon Hövsan X2 İttifaqı Komitəsinin və əmək kollektivi şurasının 20 may 1992-ci il tarixli, 13 saylı protokoluna əsasən Abşeron Rayon X4 tərəfindən 25 may 1992-ci il tarixli, 62 saylı əmrlə ona sovxozun ərazisində 0,08 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsi verilən vaxtdan etibarən iddiaçı ailə üzvləriylə birlikdə həmin torpaq sahəsində fasiləsiz olaraq yaşayır və həmin torpaq sahəsi bu günədək onun sahibliyindədir. O, əvvəlcə həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, sonucu bundan imtina etmişdir. Daha sonra isə hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh də ona imtina məktubu ilə cavab vermişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi Abşeron rayon İH-nin müvafiq qərarına əsasən 1992-ci ildə ayrılmışdır. Abşeron rayon İH-ti tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Eyni zamanda iddiaçıya ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan X4 ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən hazırki iş üzrə cavabdehin əsl cavabdehlə əvəz olunması barədə qərardad qəbul edilməlidir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin X4 ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, Bakı şəhəri, Binə qəsəbəsi, X4 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən kserosurəti məhkəməyə təqdim edilmiş Abşeron rayon X3 xx.xx.1992-ci il tarixli, 62 saylı əmrindən çıxarışda iddiaçıya 0,08 hektar torpaq sahəsi ayrıldığı göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan X3 xx.xx.1992-ci il tarixli, 62 saylı əmrində vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının istifadəsinə verilmiş Abşeron rayonu, X4 ərazisində yerləşən torpaq sahəsinin (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin) ölçüləri, konfiqurasiyası, koordinatlarının Abşeron rayon X3 62 №-li, 25 may 1992-ci il tarixli əmrinə əsasən, mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmadığı üzrə və faktiki naturada yerləşmə vəziyyəti, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi, uyğunluq olmadığı halda nədən ibarət olması, digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, ərazi ilə bağlı müraciət olub-olmaması müəyyən edilərək mütəxəssis rəyinin verilməsi xahiş olunur. Bununla əlaqədar bildirilir ki, vətəndaşın göstərdiyi Binə qəsəbəsi, 161-ci Binə küçəsi, giriş 40 ünvanına baxış keçirildi. Baxış zamanı X- 424663, Y- ******* nömrəli koordinatlarda yerləşən torpaq sahəsinə dair vətəndaş tərəfindən Abşeron rayon X3 62 №-li, 25 may 1992- ci il tarixli əmri təqdim edildi. Təqdim olunan sənəddə torpaq sahəsi 0,08 hektar olsa da, faktiki yerində 0,12 hektardır. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsi keçmiş Abşeron rayonu tərəfindən verildiyi üçün Binə qəsəbə nümayəndəliyində və Cavabdehndə heç bir məlumat yoxdur. Qonşuların 27 avqust 2025-ci il tarixli şahidlik aktına əsasən iddiaçı ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 800 kv.m olsa da, faktiki olaraq hasardaxili 1335 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahənin 8.8 m-10.2 m məsafəsindən 6.0 kVt-lıq elektrik xətti keçir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilməyib. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə Xəzər rayonu, Binə qəsəbəsinin hüdudları daxilində yerləşir. Sahədəki tikililərin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Göstərilən sahəyə digər fiziki şəxsin müraciəti olmamışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. Hazırkı halda iddiaçı yerləşmə sxeminin verilməsini tələb etdiyi torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsinin Abşeron rayon X3 xx.xx.1992-ci il tarixli, 62 saylı əmri əsasında ayrıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin sənədin mötəbər olmadığı aşkar edilmişdir. Belə ki, həmin sənədin yalnız kserosurəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı sənədin əslinin onda olmadığını bildirmişdir. Təqsim edilmiş kserosurət isə yalnız çap makinasında yazılmış bir sənəd olmaqla üzərindəki möhür də oxunaqsız vəziyyətdədir. İşin məhkəmə araşdırması zamanı müvafiq inzibati orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan X3 xx.xx.1992ci il tarixli, 62 saylı əmrində vətəndaş İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. Bu hal isə iddiaçının təqdim etdiyi əmrin mötəbərliyinə məhkəmə tərəfindən əsaslı şübhələr yaranmasına səbəb olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1.). Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.2.). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (89.3.). Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir (89.4.). İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir) (89.5.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 7-ci bəndində gösərilmişdir ki, u Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Qeyd edilən siyahının 2.5-1-ci bəndində “sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış” öz əksini tapmışdır. Hazırkı vəziyyətdə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydəalınmasını deyil, həmin sahəyə dair plan-cizginin verilməsini tələb edir. Buna baxmayaraq iddiaçı həmin torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququna əsaslanır və sahəyə dair plan-cizginin verilməsi gələcəkdə həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün addım hesab edilir. Həmçinin mövcudluğu mövcudluğu təsdiq edilməyən bir əmrə əsasən iddiaçıya istifadəsində olan torpaq sahəsi üçün plan-sxemin verilməsi qanuni hesab edilə bilməz. Beləliklə, qanuni əsaslarla iddiaçıya hər hansı torpaq sahəsinin ayrıldığı iş materialları ilə sübut olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən olunmur. Odurki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin sxeminin (yerləşmə cizgisinin) verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-14205/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14205/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver