Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1421/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (sonradan - Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Ermənistanın Ararat rayonunda doğulmuşdur. 1976-cı ildən 1978-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kəndi “Lenin yolu” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Bakı şəhəri, 87 nömrəli Texniki məktəbində Elektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil almış, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında xidmət etmişdir. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma trestində 2-ci dərəcəli elektrik, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər Əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilə qədər “xxxx Dövlət Şirkətinin 518 nömrəli tikinti quraşdırma qatarında əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə qədər teplovoz maşinisti köməkçisi, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər “xxxx” MMC-də sürücü, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər “xxxx” MMC-də sürücü, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilə qədər “H.Z.Tağıyev adına” NQÇİ-də qaldırıcı maşinisti, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilə qədər Azneft istehsalat birliyi nəqliyyat departamentində qaldırıcının maşinisti vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildən hal-hazırkı vaxta qədər ARDNŞ nəqliyyat idarəsi 5 saylı texnoloji nəqliyyat departamentində avtomobil sürücüsü və qaldırıcının maşinisti vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 27 il 5 ay 14 gün ümumi iş stajı, 15 il 9 ay 19 gün zərərli iş stajını tamamlamışdır. 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci il il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2020-ci il tarixli, **********0 №-li imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. İstər hazıda qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunda, istərsə də xx.xx.2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda hərbi xidmət dövrü ümumi iş stajı sayılırdı. Təhsil aldığı və kolxozda işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 67-ci maddəsinin İ hissəsinə əsasən üzvlük əsasında kolxozda işlədiyi dövr ümumi iş stajı kimi nəzərə alınırdı. İddia ərizəsinə əlavə etdiyi kolxozçunun üzvlük kitabçası, təhsil alması barədə atestat, hərbi xidmət keçmə barədə arayış, əmək kitabçalarının surəti və iş stajını təsdiq edən arayışdan görünür ki, ümumi iş stajı 25 ildən çoxdur. İşlədiyi «əl ilə qaynaq aparan qaynaqçılar» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «əl ilə qaynaq aparan elektrik qaynaqçıları», “elektrovoz maşinist köməkçisi” isə həmin siyahının 21.4-cü bölməsinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun xx.xx.2006cı ilə qədər ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Odur ki, iddiaçının pensiya hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistan SSR Ararat rayonunda doğulmuşdur. - xx.xx.1980-cı il tarixli, 389 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə qədər Bakı şəhəri 87 №li texniki məktəbdə elektrovozun maşinist köməkçisi ixtisası üzrə təhsil almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə övlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, 197 №-li arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. - İddiaçı məxsus kolxozçunun üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1976-cı ildən 1978-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kəndi “Lenin yolu” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Aralez kənd kolxozunda kolxozçu, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Tikinti Quraşdırma trestində 2-ci dərəcəli elektrik, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası “xxxx” ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarı tərəfindən verilmiş 02 №-li ,xx.xx.2006-cı il tarixli arayışdan, məhkəmənin sorğusuna verilmiş 03 №-li xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.1994-cü il tarixli 54/k, xx.xx.2003-cü il tarixli 28/k və xx.xx.2006-cı il tarxili 03/k №-li əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixədək 54/k saylı əmrlə “xxxx” Dövlət Şirkətinin 518 nömrəli Tikinti Quraşdırma Qatarına əl-elktrik qaynaqçısı qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdə 28/k saylı əmrə əsasən teplovoz maşinisti köməkçisi işinə keçirilmişdir. xx.xx.2006-cı il tarixdə 03/k saylı əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 №-li, xx.xx.1998-ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti “xxxx” X4 Cəmiyyətə çevrilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********020200 №-li məktubuna əlavə edilmiş təsis sənədlərindən görünür ki, xxxx” ATSC-nin Nizamnaməsi xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Həmin Nizamnamənin 1-ci maddəsinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 851 №-li xx.xx.1998-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli qanunu ilə təsdiq edilmiş “dövlət müəssisəninin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır. Həmin Nizamnamənin 2.4cü maddəsinə əsasən Cəmiyyət ləğv edilmiş “xxxx dövlət Şirkətinin bu Nizamnaməyə əlavədə göstərilən 9 müəssisəsinin bazasında yaradılır, onların hüquq və öhdəliklərinin varisidir. - Əmək kitabçasının işəgötürən tərəfindən təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər “xxxx” MMC-də sürücü, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər “xxxx” MMC-də sürücü, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilə qədər H.Z.Tağıyev adına NQÇİ-də qaldırıcı maşinisti, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilə qədər Azneft istehsalat birliyi nəqliyyat departamentində qaldırıcının maşinisti vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildən hal-hazırkı vaxta qədər ARDNŞ nəqliyyat idarəsi 5 saylı texnoloji nəqliyyat departamentində avtomobil sürücüsü və qaldırıcının maşinisti vəzifəsində işləyir. - Filialın iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 27 il 5 ay 14 gün (təhsil müddəti – 1 il 6 ay 5 gün, hərbi xidmət 2 il 0 ay 7 gün, kolxozçu – 7 il 6 ay 29 gün, elektrik 0 il 6 ay 14 gün, qaynaqçı – 13 il 5 ay 8 gün, teplovoz maşinisti – 2 il 4 ay 11 gün) ümumi və 15 il 9 ay 19 gün (qaynaqçı – 13 il 5 ay 8 gün, teplovoz maşinisti – 2 il 4 ay 11 gün) güzəştli iş stajı mövcuddur. Güzəştli iş stajına dair məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi «əl ilə qaynaq aparan qaynaqçılar» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”, “elektrovoz maşinist köməkçisi” isə həmin siyahının 21.4-cü bölməsinin “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Bundan əlavə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. İddiaçının işlədiyi müəssisələr tərəfindən MDSS haqqları ödənilməmiş olsa belə, qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Bu hal isə iddiaçının pensiya hüququnun təmin olunmasına şərait yaradır. Bundan əlavə xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdeh inzibati orqan həm iddia ərizəsinə yazılı etirazda, həm də imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də, bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova