Məhkəmə qərarları › İş №2-1(112)-1421/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1421/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1421/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əldə edilmiş yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin geri qaytarılması üçün müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əldə edilmiş yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin geri qaytarılması üçün müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********424200 saylı qərarının ləğv edilərək, ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayının 6-da İddiaçı tərəfindən "xxxx" MTK-dan nağdsız qaydada 0292 nömrəli payçı müqaviləsi əsasında daxili kredit (hissəli ödəniş) şərtləri əsasında 36 (otuz altı) ay müddətinə mənzil və qaraj alınmışdır. Qeyd olunan mənzil və qarajın aylıq ödənişləri MTK tərəfindən tərtib edilmiş cədvəl üzrə 2022-ci ilin iyul və avqust aylarında Azərbaycan Beynəlxalq Bankı ASC-nin (bundan sonra “ABB”) filiallarına yaxınlaşaraq ödənilmiş, sonrakı aylar üzrə isə ödənişləri “ABB”-yə məxsus 5167***2351 saylı əməkhaqqı kartından mobil tətbiq vasitəsilə "xxxx" MTK-nin ABB-da olan AZ19İBAZ******************** hesabına ödəmişdir. Qeyd olunan əsaslarla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ƏDV-nin geri alınması üçün müraciət olunsa da, müraciəti təmin edilməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********000200 saylı iddianın mümkün sayılmaması barədə vəsatəti və xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********793900 vəsatətə əlavə məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1421/2025 saylı qərardadı ilə hazırki iddia, yəni İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üşün iş ilə billikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(103)-2118/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1421/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda aşağıdakılar qeyd edilmişdir: - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********424200 saylı Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələr üzrə ƏDV-nin qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini və ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. - Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qərar inzibati orqan tərəfindən qəbul edilsə də, inzibati akt üçün səciyyəvi olan əlamətlərə malik deyildir. Bu səbəbdən də həmin qərar inzibati akt hesab edilmir. Həmin qərar inzibati akt hesab edilmədiyi üçün hazırki iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. İddiaçı qeyd olunan qərarın ləğv edilməsini tələb etsə də, iddiaçının hüquqi marağı ona qaytarılmasını tələb etdiyi ƏDV məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir. xx.xx.2026-cı il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, № 3-21-2-3/2-1404180/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): İddia tələbinə dair yazılı mülahizədə (etiraz) göstərilmişdir ki, iddia tələbinin ƏDVnin 30%-nin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi düzgün deyil. Belə ki, ƏDV-nin qaytarılması cavabdeh tərəfindən deyil, müvəkkil bank tərəfindən həyata keçirilir. Elektron qaimə-faktura və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra-Qaydalar) 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********323900 nömrəli) və xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********097400 nömrəli) ərizələrlə cavabdeh orqana müraciət etmiş, elektron ərizəyə “0291” saylı alqı-satqı müqaviləsi, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. İddiaçının təqdim etdiyi sənədlər yoxlanıldıqda, alqı-satqı müqaviləsi üzrə mənzilin ümumi qiymətinin tam olaraq nağdsız ödəndiyini təsdiqləyən sənədlərin olmadığı müəyyən edilmiş, ümumi məbləğ 99924 manat olmasına baxmayaraq, mənzilin dəyərinin 54493.67 manat hissəsinin nağdsız ödənilməsi barədə sənəd təqdim olunmuş, 45430.33 manatın isə nağdsız ödənilməsi barədə sənəd təqdim edilməmişdir. Həmin sənədələrdə yaranmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı alıcıya xx.xx.2024-cü ildə bildiriş göndərilmiş, lakin, İddiaçı bildirişi aldıqdan sonra 10 iş günü ərzində bu problemi həll etməmişdir. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Qaydalar”ın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamış, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********424200 saylı qərar qəbul edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsi ilə bağlı İnzibati Şikayətlərin araşdırılması Baş İdarəsinə müraciət etmiş, Baş İdarənin xx.xx.2024-cü il tarixli **********222100 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, xx.xx.2024-cü il tarixli **********424200 saylı qərar dəyişdirilmədən saxlanılmışdır. 1. İddiaçının qeydi: İddiaçı ödənişləri "xxxx" MTK-nın ABBdə olan bank hesabına ödədiyini bildirir, bununla bağlı bankdan və MTK-dan ödənişlərin tamamlandığına dair sənəd təqdim etmişdir. Cavabdehin münasibəti: İddiaçının təqdim etdiyi həmin sənədlər müraciətlərində əlavə etdiyi sənədlərlə eynilik təşkil edir, ancaq həmin sənədlərdəki çatışmazlıqlarla bağlı iddiaçının elektron portalına bildiriş göndərilsə də, bildirişə münasibət bildirilməmiş, iddia ərizəsinə də yeni sənəd əlavə edilməmişdir. 2. İddiaçının qeydi: Tərəfimdən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanmış və satıcının bir hesabına ƏDV daxil məbləği MTK-ya ödəniş etsəm də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəmiş, vergiyə hesabat təqdim etmişdir. Cavabdehin münasibəti: Buna münasibətdə bildirilmişdir ki, Qaydanın keçid müddəasının 6.1-ci maddəsinə əsasən aparılmış ödənişlər iki hissəyə bölünmüşdür: 1) Qayda qüvvəyə mindiyi tarixədək ödənişlər (yəni xx.xx.2022-ci ilə kimi) 2) Qayda qüvvəyə mindiyi tarixdən sonrakı ödənişlər (yəni xx.xx.2022-ci ildən sonra). Sözügedən Qaydanın 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) müvafiq tələblər nəzərə alınmaqla qaytarılır. İddiaçıya verilmiş imtinanı daha ətraflı araşdırmaq üçün onun ödənişlərinə nəzərə yetirmək lazımdır. Belə ki, daşınmaz əmlakın alğı-satqısına üzrə ilkin ödəniş iddiaçı tərəfindən deyil, X4 tərəfindən 50000 manat məbləğində ödəniş edilmiş, 2022-ci ilin iyul və avqust aylarında İddiaçı tərəfindən aylıq 1368,70 manat ödəniş edilmiş, növbəti ödənişlərsə yenə iddiaçı tərəfindən deyil, X2 məxsus əmək haqqı kartı vasitəsilə xx.xx.2022-ci il tarixində başlamış və xx.xx.2023-cü il tarixində sonuncu ödəniş olmaqla hər ay fərqli məbləğlər ödənilmişdir. Qaydaların 5.1.2-ci bəndinin 1-ci hissəsində alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və ödənişi aparan alıcının soyadı, adı və atasının adı dəqiq göstərildiyi bank ödəniş sənədi yoxlanılması zəruri olan sənədlərdəndir. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən görürük ki, xx.xx.2022-ci il tarixində ilkin ödəniş və 2022-ci ilin iyul və avqust ayından başqa digər aylardakı ödənişlər alıcı tərəfindən aparılmadığı, ödənişləri icra edən şəxsə səlahiyyətlərin ötürülməsi ilə bağlı etibarnamənin təqdim edilmədiyi (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan sənədin cavabdeh orqana iddiaçı tərəfindən təqdim olunmadığını məhz iddiaçı öz iddia ərizəsində təsdiq edir. İddiaçının təqdim etdiyi bank sənədlərindən görünür ki, ödənişlər qayda qüvvəyə mindikdən sonrakı tarixlərdə edilmiş, həmçinin iddiaçı heç bir ödənişinin ƏDV məbləğini ayrıca satıcının depozit hesabına ödəməmişdir. Göründüyü kimi Qayda vətəndaşlara yalnız Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, ödənilmiş ƏDV-nin 30%-ni müvafiq tələbləri nəzərə almaqla qaytarılması imkanı yaradır. İddiaçı isə Qayda qüvvəyə mindiyi tarixdən sonra da ödəniş edərkən ƏDV məbləğini satıcının ƏDV depozit hesabına köçürmədiyindən Qaydanın tələblərini açıq şəkildə pozmuş, bu səbəbdən vergi orqanının imtinası əsaslı olmuşdur. İddiaçının əldə etdiyi mənzil üzrə ödənişlərin bir hesaba köçürməsi və Qaydanın 5.1.2-ci bəndinin tələblərini pozmuş olması birbaşa iddiaçının məsuliyyət sferasına aiddir və səyyar vergi yoxlaması aktında bu hal nəzərdə tutula da bilməzdi. Diqqətinizə çatdırırıq ki, analoji xarakterli iş üzrə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1 (102)-2593/2025 saylı qərarında Qaydanın 6.1-ci maddəsinin tətbiqinə dair belə mövqe ifadə olunmuşdur: Qayda iki kateqoriyadan olan alıcılara şamil edilir — (1) ödənişlərini Qayda qüvvəyə mindiyi tarixədək tam başa vurmuş, (2) həmin tarixədək sahəni əldə edib ödənişlərini sonradan davam etdirən şəxslər. Birinci kateqoriyaya aid alıcılara 90 gün ərzində müraciət etdikləri halda ƏDV-nin 30 faizinin qaytarılması hüququ verilir. İkinci kateqoriyaya aid şəxslər də bu hüquqa malik olsa da, onlar üçün ƏDV-ni depozit hesabına ödəmək tələbi qüvvədə qalır və ya bu Qayda qüvvəyə mindiyi tarixdən sonra ƏDV-ni depozit hesabına ödəməkdən azad edən norma yoxdur. Buna görə də, ödənişləri Qaydanın 5.1.2-ci maddəsinə uyğun aparılmayan alıcıların tələbləri təmin edilmir. Həmçinin, Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-477/2025 saylı qərarında qeyd olunmuşdur ki, Qaydada nəzərdə tutulan portal yalnız ƏDV-nin qaytarılması üçün alıcının müraciətlərinin qeydiyyata alındığı sistemdir və ödənişlərin satıcının bank və ya depozit hesabına yönləndirilməsini təmin etmək funksiyasına malik deyil. Qaydanın qüvvəyə mindiyi tarixlə portalın istifadəyə verildiyi dövrdə digər alıcılar müvəkkil bank vasitəsilə ödənişlər etmiş, bu zaman ƏDV məbləğini qanunvericiliyin tələblərinə uyğun olaraq satıcının depozit hesabına köçürmüş və nəticədə onların müraciətləri təmin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra texniki imkanların olub-olmaması məsələsi araşdırıla bilər, lakin bu işdə belə araşdırmaya əsas yoxdur. Çünki iddiaçı sonuncu ödənişi portal istifadəyə verildikdən sonra, yəni texniki imkan mövcud olduğu halda, lakin Qaydanın 5.1.2-ci bəndinin tələblərinə uyğun olmadan həyata keçirmişdir. Apellyasiya instansiyası yalnız sonuncu ödənişin uyğun aparılmadığını nəzərə alaraq, digər ödənişlərə mütənasib ƏDVnin qaytarılmasını mümkün saysa da, Ali Məhkəmə bu mövqelə razılaşmamışdır. Kollegiyanın fikrincə, qanunvericilikdə ƏDV-nin qismən deyil, yalnız mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında qaytarılması nəzərdə tutulur. Bu səbəbdən, iddiaçının ödənişlərinin Qaydalara uyğun olmaması cavabdehin imtinasını qanuni və əsaslı edir. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-667/2025 saylı qərarında da eyni hüquqi mövqe ifadə olunmuşdur. Qərarda göstərilmişdir ki, Qaydanın 5.1.2-ci bəndinə əsasən, ƏDV-nin qaytarılması yalnız o halda mümkündür ki, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürmüş olsun. Həmçinin, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “ƏDV-nin depozit hesabında uçotun aparılması və hərəkəti Qaydaları”nın 1.6-ci bəndinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən daşınmaz əmlak alan şəxslər də ƏDV-nin məbləğini mütləq şəkildə satıcının depozit hesabına yönləndirməlidirlər. Məhkəmə qeyd etmişdir ki, bu tələblər imperativ xarakter daşıyır və onlara əməl edilmədikdə ƏDV-nin qaytarılması hüququ yaranmır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən ödənişlər ƏDV daxil olmaqla satıcının bank hesabına köçürülmüşdür ki, bu da Qaydanın 5.1.2-ci bəndinin tələblərinə uyğun hesab edilmir. Qeyd edilmişdir ki, sadalanan məhkəmə işlərində iddiaçılar tərəfindən aparılmış ödənişlər həm Qaydanın qüvvəyə mindiyi xx.xx.2022-ci ildən, həm də müraciətlərin qeydiyyata alınması üçün nəzərdə tutulan portalın fəaliyyətə başladığı xx.xx.2022-ci ildən sonrakı dövrü əhatə edir. Hazırkı iş üzrə iddiaçının ödənişləri də eyni mahiyyət daşıdığından, bu iş analoji xarakterli məhkəmə mübahisələrinə aiddir. Ali Məhkəmənin formalaşmış mövqeyinə əsasən, Qayda qüvvəyə mindiyi tarixdən sonra fiziki şəxslər ödənişləri yalnız Qaydanın tələblərinə uyğun — ƏDV-nin satıcının depozit hesabına köçürülməsi qaydasında — həyata keçirməlidirlər. Əks halda, bu, qanunvericiliyin pozulması sayılır və həmin pozuntu hazırkı iş üzrə iddiaçı X1 ödənişlərində də müşahidə olunur. Aşağıda qeyd edilənləri nəzərə alaraq, hesab edirlər ki, iddia tələbi təmin edilməməlidir: 1) İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir; 2) Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli **********550900 nömrəli bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. 3) İddiaçı Qaydaların 5.1.2-ci maddəsinin tələblərini pozmaqla mənzilin dəyəri üzrə ƏDV məbləğini ayrıca satıcının depozit hesabına ödəməmişdir. 4) Ödənişlər Qaydaların 5.1.2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq alıcı tərəfindən həyata keçirilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı tələbinə dair etirazı müdafiə edərək və ona uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: 0291 №-li 06 iyun 2022-ci il tarixli Payçı Müqaviləsinin surətindən görünür ki, "xxxx" MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 8-ci binasında, 8-ci blok, 3-cü mərtəbə, 4 №-li, 2 otaqlı mənzili tikib və “Payçı”nın (İddiaçı) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 8-ci binasında, 8-ci blok, 3-cü mərtəbə, 4 №-li, 2 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “Avant Park” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Mənzilin xarici peritmetr üzrə sahəsi 74.57 kv.m. təşkil edir. Mənzilin daxili perimert üzrə sahəsi 64.95 kv.m. təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 99924 manat təşkil edir. "xxxx" MTK-nın 18 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 8-ci binasında, 8-ci blok, 3-cü mərtəbə, 4 saylı, 2 otaqlı, 74.57 kv.m. mənzil "xxxx" MTK-ya məxsusdur. 06 iyun 2022 tarixli, 0291 saylı Payçı müqaviləsinə əsasən 8-ci bina, 8-ci blok, 3-cü mərtəbə, 4 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlanmış 001 №-li, xx.xx.2024-cü il tarixli məktubdan göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçirildikdən sonra ƏDV-nin yekun məbləğindən 30% güzəşt tətbiq edilməklə, ƏDV məbləğinin 30%-i geri qaytarılır. Kooperativə tərəfindən ödənilən ƏDV daxil 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğin 15242,64 (on beş min iki yüz qırx iki) manat 64 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi aidiyyatı üzrə vergi orqanına ödənilmişdir. Azərbaycan Beynəlxalq Bankının Müştəri xidməti departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 6-2-12/20H-xx-xx/2024 saylı məktubundan görünür ki, 5167*****2351 saylı əmək haqqı kartından xx.xx.2022-ci il tarixində 1387.00 AZN və 334.00 AZN, xx.xx.2022-ci il tarixində 668.00 AZN və 2774.00 AZN, xx.xx.2022-ci il tarixində 668.00 AZN və 2774.00 AZN, xx.xx.2023-cü il tarixində 668.00 AZN və 4161.00 AZN, xx.xx.2023-cü il tarixində 334.00 AZN və 1387.00 AZN, xx.xx.2023-cü il tarixində 668.00 AZN və 4161.00 AZN, xx.xx.2023-cü il tarixində 334.00 AZN və 1387.00 AZN, xx.xx.2023-cü il tarixində 334.00 AZN və 4161.00 AZN, xx.xx.2023-cü il tarixində 1000.00 AZN, 2500.00 AZN və 7500.00 AZN, xx.xx.2023-cü il tarixində 500.00 AZN və 4000.00 AZN, xx.xx.2023-cü il tarixində isə 1815 AZN, 685.00 AZN və 7500.00 AZN vəsaitiər “AVANT GROUP“ MTK-a məxsus olan AZ19İBAZ******************** hesaba ödənilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********424200 №-li qərarında qeyd olunmuşdur ki; - İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. - Alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron ərizələrə 291 nömrəli alqı-satqı müqaviləsi, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. - Təqdim edilmiş sənədlərin araşdırılması zamanı alqı-satqı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 99924.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 54493.67 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 45430.33 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2024-cü il tarixli **********550900 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. - Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasfnın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. - “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq, 1. İddiaçı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələr üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, № **********212200 saylı məktubu ilə iddiaçıya göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, № **********222100 saylı qərardan müəyyən olunur ki; - Vətəndaş İddiaçı (bundan sonra - vətəndaş) inzibati şikayətində "xxxx" MTK-dan 0291 nömrəli payçı müqaviləsinə əsasən daxili kredit şərtləri əsasında 36 ay müddətinə mənzil və qaraj aldığını, ödənişin MTK-nın ABB-də olan cari hesabına ödənildiyini, ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı qaydalara uyğun olaraq portaldan qeydiyyatdan keçib müvafiq sənədləri əlavə edərək vergi orqanına müraciət etdiyini, lakin vergi orqanı tərəfindən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərar qəbul olunduğunu bildirərək, araşdırılması və tədbir görülməsini xahiş etmişdir. - Vətəndaş xx.xx.2024-cü il tarixli **********323900 nömrəli və xx.xx.2024-cü il tarixli **********031600 **********097400 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizələr ilə müraciət etmiş, həmin ərizələrə xx.xx.2022-ci il tarixli 0291 nömrəli müqavilə və ödəniş sənədlərini əlavə etmişdir. Vergi orqanı tərəfindən elekton müraciətə əlavə edilmiş sənədlərdə çatışmazlıqların olduğu müəyyən edilmiş və bununla bağlı vətəndaşın portalda yaratdığı elektron kabinetə xx.xx.2024-cü il tarixli **********550900 nömrəli bildiriş göndərilərək, bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması tövsiyə olunmuş, lakin vətəndaş tərəfindən müəyyən olunmuş müddət ərzində çatışmazlıqlar aradan qaldırılmamışdır. - Göründüyü kimi vətəndaş İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********550900 nömrəli bildirişdə göstəriiən çatışmazlıqlar (təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 99.924,0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 54.493,67 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 45.430,33 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir) müəyyən olunmuş müddətdə aradan qaldırılmadığı üçün vergi orqanı tərəfindən qəbul edilmiş “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. - Eləcə də, vətəndaş İddiaçı tərəfindən vergi orqanı tərəfindən qəbul edilmiş “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərarın ləğv olunması ilə bağlı araşdırmaya tutarlı dəlil təqdim etməmişdir. - Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 80.1.1-ci maddəsini rəhbər tutaraq, vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayətinin təmin edilməməsi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrininə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********424200 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ... Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması ... Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. ... 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. ...

6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir

MƏHKƏMƏNİN MÖVQEYİ:

Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Nəzərə alınmalıdır ki, qanunvericinin Vergi Məcəlləsinin 165.6-cı maddəsində ifadə edilmiş iradəsi nağdsız hesablaşmaların təşviqi ilə bağlı dövlət siyasətindən irəli gəlir. Bu halda, nağd ödəmələrlə bağlı ƏDV-nin qaytarılması istisna edilir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Belə yanaşmanın davamı olaraq, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin mənzil alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyinin müəyyən edilməsidir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022- ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Əlavə olaraq, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, lakin ödənişləri həm Qaydaların qəbul olunmasından əvvəl, həm də sonra həyata keçirən şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxslərdən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmamalı, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edildiyi halda, başqa sözlə, alıcı qalan ödənişi (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ tanınmalıdır. Başqa sözlə desək, iddia tələbinin hüquqi əsasını təşkil edən normativ hüquqi aktların tələblərinə görə alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədi və yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini təqdim etməlidir. Burada xüsusi ilə qeyd olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir. Bu isə onu deməyə əsas verir ki, hazırki halda iddiaçı yaşayış sahəsinə dair müqaviləni 06 iyun 2022-ci il tarixdə bağladığından, ödənişlər isə həm Qaydanın qüvvəyə minməsindən sonra aparıldığından Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğunqaydada qiymətləndirilmə aparılmalıdır. Nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə minməsindən sonra isə iddiaçı tərəfindən aparılan ödənişlərin 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olmadığı da işin tərəflər arasında mübahisəli olmayan hallarına aiddir. Lakin hazırki iş üzrə təqdim olunmuş bank ödəniş sənədindən də göründüyü kimi alıcı tərəfindən yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil olmaqla) satıcının bank hesabına ödənilmişdir. Halbuki, həmin yaşayış sahəsinin yalnız ƏDV-siz dəyəri satıcının bank hesabına ödənilməli, ƏDV məbləği isə depozit hesabına köçürülməli idi. İddiaçi tərəfindən ödənişlərin düzgün həyata keçirilməməsi, yəni ƏDV-siz məbləği bank hesabına, ƏDV məbləğini isə depozit hesabına ödənilməsi ilə bağlı hərətəkəti cavabdeh vergi orqanının təqsiri ilə bağlı hərəkətlərindən meydana gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi həmin əsas qanunamüvafiq olaraq imtina əsası kimi qiymətləndirilir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də o istiqamətdədir ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmamasını araşdırmalıdır. Başqa sözlə, satıcılar tərəfindən alıcılara mənzilin dəyərinin və onun ƏDV-nin ayrı-ayrılıqda ödənilməsinə imkan verən eqaimənin tərtib edilməsinin texniki cəhətdən mümkün olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, satıcının Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürə bilməsinə dair texniki imkanlara malik olması aydınlaşdırılmalıdır. Hazırkı halda, məhkəmə qeyd edir ki, hər bir halda Qaydanın qüvvəyə minməsindən sonra texniki imkanların mövcudluğu məsələsinə aydınlıq gətirilməlidir. Lakin hazırkı iş üzrə bunun aydınlaşdırılmasına ona görə əsas yoxdur ki, iddiaçı tərəfindən aparılmış sonuncu ödəniş portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir. Belə ki, iddiaçı tərəfindən Qaydaların 5.1.2-ci bəndinin tələblərinə riayət olunmamış, hansı səbəblərə görə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməməsinin əsasları göstərilməmiş, ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların mövcudluğu müəyyən olunmamışdır. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödəniş Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci, 69-cu, 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar