Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1422/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni 10 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1963-cü il tarixdə doğulmuşdur. 30 sentyabr 1981-ci il tarixdən 09 noyabr 1981-ci il tarixədək Azərbaycan SSR Cəlilabad rayon elektrik şəbəkəsinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. 15 noyabr 1981-ci il tarixdən 16 noyabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 30 noyabr 1983-cü il tarixdə Azərbaycan SSR Cəlilabad rayon elektrik şəbəkəsinə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur. 11 sentyabr 1984-cü il tarixdən 10 aprel 1985-ci il tarixədək yeni təşkil olunmuş Novoqolovski şəbəkə sahəsində 4-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. 08 may 1985-ci il tarixdən 21 noyabr 1985-ci il tarixədək “Azneftximmontaj” trestinin 1-ci Sumqayıt quraşdırıcı idarəsində 4-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. 17 dekabr 1985-ci il tarixdən 05 sentyabr 1991-ci il tarixədək Sumqayıt Superfosfat zavodunun Ftorlu alüminium sexində 3-cü dərəcəli aparatçı vəzifəsində işləmişdir. 05 sentyabr 1991-ci il tarixdən 06 fevral 1996-cı il tarixədək Sumqayıt Superfosfat zavodunun Sulfat turşusu sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-6-cı dərəcəli elektrik montyoru vəzifəsində işləmişdir. 06 fevral 1996-cı il tarixdən 19 mart 1997-ci il tarixədək Sumqayıt Superfosfat zavodunun avadanlıqlarının komplektləşdirilməsi və anbar təsərrüfatı sexində nəzarətçi vəzifəsində işləmişdir. 19 mart 1997-ci il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda hərbiləşdirilmiş mühafizə dəstəsinin komandiri vəzifəsində işləmişdir. 21 may 1998-ci il 03 iyun 2002-ci il tarixədək Azerenerji Sumqayıt İstilik Elektrik Stansiyasında 4-cü dərəcəli növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. 03 iyun 2002-ci il tarixdən 01 iyul 2002-ci il tarixədək Azərenerji Sumqayıt İstilik Stansiyasında 4-cü dərəcəli növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. 01 iyul 2002-ci il tarixdən 06 noyabr 2002-ci il tarixədək Azərenerji Sumqayıt İstilik Elektrik Stansiyasında Elektrik sexində növbə rəisi vəzifəsini öyrənən vəzifəsində işləmişdir. 06 noyabr 2002-ci il tarixdən 03 yanvar 2003-cü il tarixədək Azərenerji Sumqayıt İstilik Elektrik Stansiyasında Elektrik sexində növbətçi elektrik texniki vəzifəsində işləmişdir. 03 yanvar 2003-cü il tarixdən 01 oktyabr 2007-ci il tarixədək Azərenerji Sumqayıt İstilik Elektrik Stansiyasında Elektrik sexində texnik vəzifəsində işləmişdir. 01 oktyabr 2007-ci il tarixdən 12 iyun 2012-ci il tarixədək Azərenerji Sumqayıt İstilik Elektrik Stansiyasında Elektrik sexində növbə rəisi vəzifəsində işləmişdir. 12 iyun 2012-ci il tarixdən 17 dekabr 2012-ci il tarixədək Azerenerji Sumqayıt İstilik Elektrik Stansiyasında Stansiyanın növbə rəisi vəzifəsində işləmişdir. 06 mart 2007-ci il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli, 306 nömrəli Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrə kimi, (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 30 sentyabr 1981ci il tarixdən 06 mart 2007-ci il tarixinə kimi 25 ildən artıq iş stajı, 18 ildən artıq ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Bununla əlaqədar olaraq, 29 mart 2021-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək, ona 52 yaşdan, yəni 10 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27 aprel 2021-ci il tarixli məktub ilə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 10 ildən az (09 il 01 ay 19 gün) təşkil edir. İddia ərizəsi, məzmun baxımından zidiyyətlidir. Belə ki, iddiaçı 52 yaşının tamam olduğu 10 oktyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququnun yarandığını iddia edir. Lakin iddia ərizəsinin məzmununda Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş peşələrdə çalışdığını qeyd edir. Halbuki həmin Siyahı 57 yaşdan pensiya hüququ verən peşələrin dairəsini müəyyənləşdirir. İddia ərizəsində Mərkəzi Filialın imtina məktubundakı dəlilə qarşı hər hansı əsasladırmaya yer verməmişdir. Halbuki həmin imtina məktubunun əsasını iddiaçıya məxsus əmək kitabçasındakı qeyd edilmiş müdaxilə təşkil edir. Ona görə ki, iddiaçının 1 nömrəli Siyahı üzrə güzəştli olduğunu iddia etdiyi peşədə çalışdığı dövr 17 dekabr 1985- 06 fevral 1996-cı illərdir. Lakin Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirmə aparılmış və müəyyən edilmişdir ki, iddiaçı 06 fevral 1995-ci ilədək həmin peşədə çalışmış, sonradan əmək kitabçasında düzəliş edilərək, “1995” qeydi “1996” qeydinə çevrilmişdir. Bu fakt "xxxx" ASC-nin 01.12.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək olan güzəştli iş stajı 10 ildən az təşkil edir. Lakin iddiaçı bu stajı topladığını isbat edə bilmir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15.11.1981-10.11.1983-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur; Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 fevral 2021-ci il tarixli №06-KŞ arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Sumqayıt İEM 1-2”-də: 25.05.1998-ci ildən (əmr N 92) 03.06.2002-ci ilə qədər (əmr N 35) Elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində - kod: 2140000a-18455; “Sumqayıt” İEM-2-də: 03.06.2002-ci ildən (Əmr N 19-kş) 01.07.2002-ci ilə qədər Elektrik sexində elektrik montyoru vəzifəsində - kod: 2140000a- 18455; 01.07.2002-ci ildən (Əmr N 26-kş) 06.11.2002-ci ilə qədər Elektrik sexində növbə rəisi vəzifəsini öyrənən vəzifəsində; 06.11.2002-ci ildən (Əmr N 294-kş) 03.01.2003-cü ilə qədər Elektrik sexində növbətçi elektrik texniki vəzifəsində; 03.01.2003-cü ildən (Əmr N 63) 01.10.2007-ci ilə qədər Elektrik sexində texnik vəzifəsində; 01.10.2007-ci ildən (Əmr N 100-kş) 12.06.2012-ci ilə qədər Elektrik sexində növbə rəisi vəzifəsində; 12.06.2012-ci ildən (Əmr N 50-kş) 17.12.2012-ci ilə qədər Stansiyanın növbə rəisi vəzifəsində işləyib. 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 aprel 2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 10 aprel 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 17.12.1985-06.02.1996-cı il tarixləri arasıdakı dövr ərzində "xxxx" ASC-nin ftorlu alüminium və sulfat turşusu sexində aparatçı və elektrik montyoru peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı həmin peşələrdə 17 dekabr 1985-ci ildən 06 fevral 1995ci il tarixinədək işlədiyi halda sonradan düzəlişlər edilərək 17 dekabr 1985-ci ildən 06 fevral 1996-cı il tarixinədək qeyd edilmişdir. Bu səbəbdən də güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (9 il 1 ay 19 gün) təşkil edir. Bu fakt "xxxx" ASC tərəfindən 01.12.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Qeyd olunanlara əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 70 №-li, 01 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 17.12.1985-ci il tarixdən 21.05.1998-cı il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində (keçmiş Sumqayıt Superfosfat zavodunda) işləmişdir. 17.12.1985ci il tarixdən 06.02.1995-ci il tarixədək Kimya Sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq, Ftor alüminium və Sulfat turşusu sexlərində aparatçı, elektrik montyoru vəzifəsində işləmişdir. Müəssisələr 2013-cü ilin dekabr ayından etibarən öz istehsalat fəaliyyətini dayandırmışdır. Hal-hazırda müəssisələrdə 6 (altı) nəfər işçi vardır. Tabeçiliyində olduqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi ilə müəssisələrdə yenidən qurma və əsaslı təmir-tikinti işləri aparıldığına görə, bütün mühasibat sənədləri və eləcə də digər sənədlər qarışıq şəkildə saxlanıldığından, istər əmək haqqı haqqına aid sənədlərinin, istərsə də digər sənədlərin tapılmasında və eləcə də hazırlanmasında çətinliklər yaranmışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, tələb olunan sənədlərin aşkar olunması üçün lazımı tədbirlər görülür. Hal-hazırda İddiaçı əmək haqqı haqqında yalnız 1991, 1992, 1993, 1994, 1995, 1996-cı illər üzrə sənədi aşkar edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, iddiaçı yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun güzəştli iş stajının yetərli olmaması müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Cavabdehin imtina məktubunda iddiaçının 17 dekabr 1985-ci ildən 06 fevral 1996-cı il tarixinədək aparatçı və elektrik montyoru peşələrində işləməsinə dair aparılmış qeydləri şübhə altına alaraq göstərmişdir ki, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı həmin peşələrdə 17 dekabr 1985-ci ildən 06 fevral 1995-ci il tarixinədək işlədiyi halda sonradan düzəlişlər edilərək 17 dekabr 1985-ci ildən 06 fevral 1996-cı il tarixinədək qeyd edilmişdir. Bu səbəbdən də güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (9 il 1 ay 19 gün) təşkil edir. Bu fakt "xxxx" ASC tərəfindən 01.12.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı mübahisələndirilən dövr üzrə müəyyən edilmişdir ki, iddiaçı əmək kitabçasında göstərildiyi kimi 17.12.1985-06.02.1996-cı illərdə deyil, 17.12.1985-06.02.1995-ci illərdə 1 nömrəli siyahı üzrə nəzərdə tutulmuş Ftor alüminium və sulfat turşusu sexlərində aparatçı, elektrik montyoru vəzifəsində işləmişdir. Hazırkı iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış (17.12.1985-06.02.1996-cı illər) qeydlərin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan halda, iddiaçının 01.01.2006-cı ilə qədər güzəştli iş stajı 10 ildən az (9 il 1 ay 21 gün) olmaqla ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan güzəştli iş stajı ilə bağlı şərti ödəmir və iddiaçının ümumi iş staj ilə bağlı şərtin yerinə yetirilib-yetirilməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1422/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1422/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver