Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14220/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “dərs saatlarının aşağı salınması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun Zəngilan rayon 33 saylı Tam orta məktəbinin 4A sinfinin sinif rəhbərliyi vəzifəsindən kənarlaşdırılması və dərs yükü saatlarının 23-dən 6-ya endirilməsi ilə bağlı hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi, vəzifəsində qalması və dərs yükü saatlarının toxunulmazlığının təmin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixdə Zəngilan rayon 33 saylı tam orta məkbəbdə laborant olaraq işləməyə başlamışdır. 2010-cu ildə isə ali təhsili üzrə ixtisasına uyğun, bu məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlamış və ona 6 saatlıq dərs yükü verilmişdir. 2014-cü ildə məktəbin 4A sinfinin sinif rəhbərliyi ona həvalə olunmuş və 15 saatlıq dərs yükü ilə təmin olunmuşdur. 3 il iş fəaliyyətindən sonra isə 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin ilkin Diaqnostik Qiymətləndirilmə imtahanında iştirak etmək istəsə də, buna icazə verilməyib və səbəb olaraq da onun müəllimlərin işə qəbulu imtahanında iştirak etməli olduğu göstərilib. Həmin 2017-ci il üzrə əldə etdiyi nəticə ümumi bal 38, ixtisas balı isə 34 sonrakı (2019-cu il üçün) 42, ixtisas balı isə 28 olub. Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etməsi üçün göndərdiyi 26 iyul 2020-ci il tarixli elektron ərizə isə cavablandırılıb ki, təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışdığı üçün MİQ üzrə müsabiqədə iştirakı mümkünsüzdür. X2 Təhsil İdarəsi (keçmiş Zəngilan rayon Təhsil Şöbəsi (bundan sonra cavabdeh) 2019-cu ildə 57 №-li, 14 iyun tarixli əmri ilə onu işindən çıxarmışdır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunaraq cavabdehin 57 №-li, 14 iyun tarixli əmri ləğv edilərək məcburi iş buraxmaya görə əmək haqları ona ödənilməklə onun 33 saylı Zəngilan rayon tam orta məktəbdəki əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Həmin məhkəmə aktı 04.11 2019-cu ildə icra olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Tədris etmək üçün ona verilən dərs yükü saatları 2021-ci ildən 23 saat təşkil edir. Cavabdeh 2022-ci ilin oktyabr ayından onun dərs yükü saatlarının 6-ya endirildiyini bildirərək rəhbəri olduğu sinifi də təhvil verməsini ondan tələb edir. Cavabdeh bu hərəkətini Təhsil Nazirliyinin 04 aprel 2022-ci il tarixli, 05/TQÇ-09-330 №-li məktubu ilə əsaslandırır. Həmin məktubda isə bildirilir ki, ümumi təhsil müəssisələrində çalışan, müsəbiqədənkənar işə qəbul olunmuş müəllimlərin işə qəbul müsabiqəsində iştirak etməmiş və ya iştirak edərək müvafiq nəticə əldə edə bilməyən, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi 80%-dən aşağı olan müəllimlərin 2022/2023-cü tədris ilindən etibarən minimal dərs yükü (6 saat) ilə təmin olunması nəzərdə tutulmuşdur. O, yuxarıda sadaladığı əsaslara istinadən bildirir ki, Təhsil Nazirliyinin 04 aprel 2022-ci il tarixli, 05/TQÇ-09-330 №-li məktubunda nəzərdə tutulanların hazırkı halda ona şamil olunması qanunsuzluqdur. Belə ki, Diaqnostik Qiymətləndirilmə imtahanında iştirak etmək istəsə də, buna icazə verilməyib və səbəb olaraq da onun müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etməli olduğu göstərilib. Həmin 2017-ci il üzrə əldə etdiyi nəticə ümumi bal 38, ixtisas balı isə 30 olub. Növbəti 2018 və 2019-cu illər üzrə isə (2018 il üçün) ümumi bal 47, ixtisas balı isə 34 sonrakı (2019-cu il üçün) 42, ixtisas balı isə 28 olub. Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etməsi üçün onun, 26 iyul 2020-ci il tarixli elektron ərizəsinə verilmiş cavabla: təhsil müəssisəsində müddətsiz müqavilə əsasında çalışdığı üçün MİQ üzrə müsabiqədə iştirakının mümkünsüz olduğu bildirilib. Diaqnostik Qiymətləndirilmə hazırda dayandırılıb və bunun əvəzinə Müəllimlərin Sertifikasiyası (Sertifikatlaşdılması) layihəsi nəzərdə tutulub ki, bunun da tarixi məlum deyil. Belə olduğu təqdirdə ən azından yeni layihənin tətbiqinə qədər, yəni Müəllimlərin Sertifikatlaşdırılmasına qədər o, vəzifəsində qalmaqla dərs yükü saatları azaldılmamalıdır. O, məhz yuxarıda şərh olunanlardan çıxış edərək cavabdehin hərəkət və hərəkətsizliyini əsassız hesab edir və hesab edir ki, Təhsil Nazirliyinin 04 aprel 2022-ci il tarixli, 05/TQÇ-09-330 №-li məktubunda nəzərdə tutulanlara əsaslanmnaqla onun dərs yükünün alınması, sinif rəhbərliyi vəzifəsinin ondan alınması qanunsuzdurş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ müzakirə olunmalıdır. İPM-in: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. ... İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Cavabdehnə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti əmək münasibətlərindən yaranmış mübahisə ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “dərs saatlarının aşağı salınması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Cavabdehnə qarşı iddia irəli sürsə də, cavabdeh ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Belə ki, hüquq münasibəti subyektlərindən birinin inzibati orqan olması özlüyündə bu münasibətin ümumi (publik) olmasına dəlalət etmir. Konkret olaraq hazırkı mübahisə üzrə, qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərə əsasən, iddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və müəllim vəzifəsində çalışır. “Dövlət qulluğu haqqında” Qanuna görə iddiaçı dövlət qulluqçusu hesab edilmir. Onun hazırda işlədiyi müəllim vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. İddiaçı ilə cavabdeh (inzibati orqan olsa da) arasındakı münasibət işçi ilə işəgötürən arasında yaranan əmək münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “a”, “b” və “k” bəndlərinin tələbinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi; 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Sadalanan normalarına tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında yaranan fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “dərs saatlarının aşağı salınması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-14220/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14220/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver