Məhkəmə qərarları › İş №2-1(112)-14225/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14225/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14225/2025 01.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı1 və üçüncü şəxs İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanına pasport qeyiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ Mübahisənin predmeti İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddiaçıların ünvan 1 ünvanına pasport qeyiyyatına alınması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı4 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində iştirakına xitam verilməsi və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadları ilə İddiaçı4 iddiaçı qismində prosessual iştirakına xitam verilməsi və İddiaçı4 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar ünvan 2 ünvanında bir otaqlı mənzildə yaşayırlar. Sözügedən mənzil iddiaçının atasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2016.cı il tarixli 11/34 saylı əmri ilə uzun illər mənzil növbəsində olduğu üçün verilmişdir. 10 ilə yaxındır iddiaçılar mübahsilə mənzildə yaşasalar da, həmin mənzilə qeydiyyata alınmamışlar. İddiaçılar sonuncu dəfə xx.xx.2025-ci ildə mübahisəli mənzilə qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən iddiaçıların müraciətlərinin icrasından imtina edilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il traixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlamasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlamasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənin ünvan 1 ünvanına qeydiyyata alınması ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük (ümumi və xüsusi ) şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs (İddiaçı1 atası) izahat verərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 1 ünvanına iddiaçıların qeydiyyata alınmasına etiraz etmir. Məhkəmə məhkəmədə iştirak edən iddiaçının izahat və çıxışını, üçüncü şəxsin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır və ünvan 3 ünvanında qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx.xx.2015-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır və ünvan 3 ünvanında qeydiyyatdadır AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.2017-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır və ünvan 3 ünvanında qeydiyyatdadır. AZ-İİİ seriyalı 547635 nömrəli “Doğum haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı2 xx.xx.2015-ci ildə doğulmuş, anası İddiaçı1dır. AZ-İİİ seriyalı 914776 nömrəli “Doğum haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı3 xx.xx.2017-ci ildə doğulmuş, anası İddiaçı1dır. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 116 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 261 nömrəli xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı1 2019-cu il tarixdən atasının yanında – F.Yusifov küçəsi, ev 188a, 77 nömrəli mənzildə yaşayır. Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 50/2-M-20232/11 nömrəli məktubunda qeyd edilmişdir ki, Nərimanov rayonunda yerləşən mənzilə İddiaçı1 və onun övladları X2, X1 pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsinə qeydiyyata düşmək üçün icazə verən şəxsin razılıq ərizəsi və s.) təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınma mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən mənzil verilmişdir: 8. İddiaçı4 Hibad oğlu – mənzil 77. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . - 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab edilmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar mübahisəli ünvana qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıların müraciətinə inzibati icraat haqqında qanunun tələblərinə əməl etmədən, iddiaçıların müraciətini araşdırmadan imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının atası- üçüncü şəxs İddiaçı4 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188A, ünvanında yerləşən 77 nömrəli mənzildə qeydiyyatda olması, həmin mənzilin İddiaçı4 məxsus olması, iddiaçıların da həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. Belə ki, mübahisəli mənzilin sahibi üçüncü şəxs İddiaçı4 iddiaçıların (qızının və nəvələrin) mübahisəli ünvana qeydiyyata alınmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıların ərizəsi əsasında inzibati icraat aparılmamış, əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmadan iddiaçılara məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanın: - 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və onun övladları İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar