Məhkəmə qərarları › İş №2-1(112)-14233/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14233/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14233/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qarajın ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qarajın ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21/4 saylı qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev “63 a”, 51 saylı mənzilin həyətində yerləşən fərdi qarajın X2 adına keçirilməsinə icazə verilmişdir. X5 1.10.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) vərəsəlik işinin açılması ilə əlaqədar olaraq Bakı şəhəri 13 saylı Dövlət notariat kontoruna müraciət etmiş, notarius tərəfindən vərəsəlik işi açılmış və iddiaçı Ü.Kərimovun vərəsəsi müəyyən edilmiş, göstərilən qaraja dair çıxarışın verilməsi qeydiyyat orqanından xahiş edilmişdir. 7.02.2023-cü il tarixdə qarajın situasiya planı Bakı şəhəri 13 saylı MKİS tərəfindən tərtib edilmiş, MKİS-in rəisi və mühəndisi tərəfindən imzalanmışdır. İddiaçı həmin dəmir qaraja dair texniki pasportun tərtib edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...qaraj dəmir konstruksiyadan (daşınan əmlak) ibarət olmaqla binaların arxasında, sıx yaşıllıq ərazidə yerləşir. Həmçinin qaraja dair təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. Bu səbəblərdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən dəmir qarajın mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Belə ki, qaraja dair texniki pasportun tərtib edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-24-cü maddələrinin tələblərinə uyğun deyil. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21/4 saylı, xx.xx.1991-ci il tarixli Qərarı “fərdi qarajın başqa şəxsin adına keçirilməsi” ilə bağlı olmuşdur. Bundan başqa sözügedən qərar mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin sözügedən ünvanda yerləşən qaraj dəmir konstruksiyadan (daşınan əmlak) ibarət olmaqla binaların arasında, sıx yaşıllıq ərazidə yerləşir. Həmçinin qaraja dair təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. Eyni zamanda elektron kadastr baza məlumatlarına əsasən göstərilən qaraj "xxxx" MTK tərəfindən müraciət edilmiş ümumi sahə daxilində yerləşir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 21/4 saylı qərarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, ev 63 “a”, 51 saylı mənzilin həyətində yerləşən fərdi qarajın X2 adına keçirilməsinə icazə verilmişdir. Sonuncu həmin qaraja dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı hazırkı tələbində həmin qarajın atasına məxsus olmasına dair arayışın verilməsini xahiş edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) qeyri-yaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21/4 saylı, xx.xx.1991-ci il tarixli Qərarı “fərdi qarajın başqa şəxsin adına keçirilməsi” ilə bağlı olmuşdur. 2) Sözügedən qərar mərhum X2 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair texniki pasport tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 3) Qaraj dəmir konstruksiyadan (daşınan əmlak) ibarət olmaqla binaların arasında, sıx yaşıllıq ərazidə yerləşir. 4) Qaraja dair təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. 5) Elektron kadastr baza məlumatlarına əsasən göstərilən qaraj "xxxx" MTK tərəfindən müraciət edilmiş ümumi sahə daxilində yerləşir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1, 139-1.1.1-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.1-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.1-ci maddlərinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum atasının adına Nəsimi XDS İK tərəfindən verilmiş qərarı təqdim edir. Təqdim edilmiş qərardan görünür ki, həmin qaraj “Akkord” mənzil inşaat kooperativinin balansında olmuş, Kooperativin razılıq ərizəsi nəzərə alınaraq qeyd edilən qərar ilə Ü.Kərimovun adına keçirilmişdir. 09 noyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 21.1-ci maddəsinə əsasən, vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər: (...) yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri;... Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Sadalanan normaların məzmununa əsasən, mərhum Ü.Kərimov mübahisələndirilən qaraja dair mülkiyyət hüququna dair sənədə malik olmuş, o, həmin qarajı özəlləşdirmək hüququ olsa da, bu hüququnu realizə etmədən vəfat etmişdir. Cavabdeh orqan əsassız olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməli olmasını göstərmişdir ki, qeyd olunan normaların hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, istinad edilən 8.0.10.1-ci maddə 2013-cü ildən sonra inşa edilmiş tikililərə aid normadır ki, hazırkı mübahisənin predmeti olan qaraj 1991-ci il tarixli qərar qəbul edilən zaman mövcud idi. Bundan başqa iddiaçı hər hansı bir qeyri-yaşayış sahəsi və ya çoxmənzilli bina inşa etməmişdir ki, həmin daşınmaz əmlakın tikintisinə icazə sənədi, istismara qəbul aktı və s. sənədlər təqdim etsin. Təqdim edilən qərardan göründüyü kimi, həmin qaraj 1991-ci ildə mövcud olmuş, “Akkord” mənzil inşaat kooperativinin razılığı nəzərə alınaraq Ü.Kərimovun adına keçirilmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsini də nəzərə alır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-1698/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1829/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1836/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da, cavabdeh orqan qeyri-yaşayış obyektinə (qaraja) dair iddiaçıların hüquqmüəyyənedici sənədlər təqdim etməməsini göstərmiş, lakin işə baxan məhkəmələr tərəfindən cavabdehin bu dəlili əsassız hesab edilmişdir. 2-ci halla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mərhuma dair texniki pasportun verilməsini deyil, hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsini xahiş edir. Yəni iddiaçının hazırkı tələbi ilə hüquqi marağı qarajın atasına məxsusluğu barədə arayış alıb, sonradan həmin arayış əsasında qaraja dair texiniki pasportun tərtib edilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. İddiaçı atasının birinci növbəli vərəsəsidir və notariat orqanında vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Sadalanan normalardan görünür ki, həmin normalar hüquq sahibinin əmlak üzərində dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı işdə mübahisə predmeti olan qeyri-yaşayış obyektinə (qaraja) dair hüquqmüəyyənedici sənəd kimi texniki pasportun verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qanunvericilikdə hüququn ölmüş şəxsə məxsusluğu barədə qanunvericilik normalarının çıxarışla bağlı olması, texniki pasportun həmin normada qeyd edilməməsi, iddiaçının hüququnun reallaşdırılmasına mane olan hal deyildir. Əks yanaşma, o nəticəyə gətirib çıxara bilər ki, çıxarışdan başqa sənədlə (texniki pasport, plan və ölçü sənədi və s) rəsmiləşdirilməli olan hüquq sahibi öldükdə, bu həmin hüququn vərəsəyə keçmədən itirilməsi ilə nəticələnər. Bu isə ən mühüm konstitusion hüquqlar olan mülkiyyət hüququna və vərəsəlik hüququna ziddir. Məhkəmə qeyd edir ki, hazırkı halda qanunun analogiyası tətbiq edilməklə cavabdeh idarə hüququn ölmüş şəxsə məxsus olması barədə arayış və vərəsəliyi təsdiq edən sənədlərə əsasən sonradan isə qaraja dair texniki pasport verə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.10-cü maddəsinə görə, qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Qanunun analogiyasının tətbiq edilməsi üçün: 1) ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmamalıdır; 2) oxşar ictimai münasibətləri tənzimləyən normalar olmalıdır; 3) qanunvericiliyin analogiya üzrə tətbiq edildiyi münasibətin mahiyyətinə zidd olmamalıdır. Baxılan işdə qanunun analogiyasının tətbiq edilməsi üçün normada göstərilən bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, qeyri-yaşayış obyektinə (qaraja) dair mülkiyyət hüququna dair texniki pasportun verilməsi halını tənzimləyən qanunvericilik normaları yoxdur. Oxşar ictimai münasibətləri tənzimləyən norma – yəni hüququn ölmüş şəxsə məxsusluğuna dair arayış əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı yuxarıda sadalanan normalar var. Mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayış əsasında qaraja texniki pasportun verilməsi, analogiya üzrə tətbiq edildiyi münasibətin mahiyyətinə zidd deyildir. Hər iki halda gözlənilən mülkiyyət hüququna malik olan şəxsin ölümü nəticəsində gözlənti mülkiyyət hüququnun vərəsəyə keçməsi halı tənzimlənir. Ümumiyyətlə, məhkəmə qeyd olunan imtina halını dövlət reyestrində sənədləşmə zamanı texniki məsələ kimi qiymətləndirir və iddiaçının müraciətinin təmin edilməsinə mane olan hal kimi qiymətləndirmir. Cavabdehin imtinasında istinad etdiyi 3-cü halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan ümumi sözlərlə qarajın dəmir konstruksiyadan olmasını və binaların arasında sıx yaşıllıq ərazidə yerləşməsini göstərmiş, lakin bu dəlilin nə üçün qaraja dair hüququn həyata keçirilməsinə mane olmasını əsaslandırmamışdır. Qarajın dəmir konstruksiyadan olması, mişar daşı və ya hər hansı başqa materialdan tikilməsinin hüququn həyata keçirilməsinə heç bir təsiri yoxdur. Qeyd edildiyi kimi, iddiaçı hüquqmüəyyənedici sənədə malikdir. Digər tərəfdən qarajın yerləşməsinə dair MKİS tərəfindən tərtib edilmiş Situasiya Planında görünür ki, qarajın yanında digər qarajlar mövcuddur və iddia tələbinin predmeti olan qaraj ümumi istifadədə olan yolda deyil, hər hansı giriş-çıxış yoluna və ya digər tikililərə maneçilik törətmir. Digər tərəfdən gələcəkdə qaraja dair texniki pasportun verilməsi, hüquq sahibinə yaşıllıqların götürülməsi ilə bağlı hər hansı əlavə üstünlük vermir. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, qaraja dair cizgidə dəqiq istinad və məsafələrin göstərilməməsi, cavabdeh tərəfindən nə üçün hüququn qeydə alınmasına mane olması əsaslandırılmamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 saylı fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsi Xidmətin vəzifələrindən biridir. Cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı lazımi qaydada inzibati icraat aparsaydı, qarajın yerləşməsi ilə bağlı koordinatları, dəqiq istinad və məsafələri qeyd edən müayinə aktını təqdim edərdi. Cavabdehin hazırkı fəaliyyəti hüququn qeydə alınmasına deyil, hüququ qeydə almaqdan imtinaya kökləndiyindən, iddia tələbinə etiraz sayıla biləcək bütün halları sadalamaqdan ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.1, 24.2, 24.3 Maddələr). 5-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh qeyd etdiyi halla bağlı, yəni əraziyə "xxxx" MTK-nın müraciəti ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh hər hansı bir hala istinad edirsə, bu barədə məhkəməyə sübut təqdim etməlidir ki, məhkəmə təqdim edilmiş halla bağlı məsələyə qiymət versin. Ümumi formal mülahizələrə istinad edilməklə iddia tələbinə etirazın edilməsi və etiraz ərizəsinə bu barədə sübutların əlavə edilməməsi, məhkəmə iclaslarının əsassız olaraq təxirə salınmasına, işlərə ağlabatan müddətlərdə baxılmasına mane olmasına gətirib çıxarır. Digər tərəfdən hər hansı bir MTK-nın əraziyə müraciətinin qeydə alınması iddiaçının hüququnun realizə edilməsinə mane olan hal deyildir. Gələcəkdə əgər hər hansı bir səbəbdən (pilot layihə çərçivsində tikililərin sökülməsi, ərazidə yeni binaların tikilməsi və s.) iddiaçı həmin qarajdan istifadə edə bilmədiyi halda, mülkiyyətin ədalətli kompensasiyası hüququna malik olmalıdır. Şəxsin faktiki sahiblik və istifadəsində olan və ya xüsusi mülkiyyətində olan əmlaka görə kompensasiyanın verilməsində isə fərq olacağından şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: ... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan qaraja yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. ünvan 1 ünvanda yerləşən dəmir qarajın mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar