Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14233/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 11 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 28 aprel 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən X2 ünvan 1 ünvanda yerləşən 5,5 kv.metr ayrıca tikilini/qeyri-yaşayış sahəsini İddiaçı (budan sonra – iddiaçı) satmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 001297 №-li Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən 5,5 kv.metr qeyri-yaşayış sahəsinin (ayrıca tikili) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən X1 01 №-li, xx.xx.2024-cü il tarixli Qəbul aktına əsasn Komissiya iddiaçıya məxsus Azadlıq prospekti 22 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 15,5 kv.m hesablanmasını məqsədəuyğun hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 04 №-li, 08 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən vətəndaşın müraciətini, təqdim edilmiş sənədləri nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-cü maddələrinə əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Azadlıq prospekti 22 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 15,5 kv.m hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 000742 nömrəli, xx.xx.2024-cü il tarixli vəsiqədən müəyyən edilir ki, iddiaçı şəhid ailəsidir. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman texniki pasportun baş planında göstərilən tikilinin faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, texniki pasportda müvafiq daşınmaz əmlak binanın bir hissəsi kimi göstərilsə də, faktiki binaya bitişik ayrıca tikili olduğu müəyyən edilmişdir. Odur ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən, ümumi sahəsi 15,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 15,5 kvm təşkil edən qeyriyaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin 5,5 kvm-nə Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə mülkiyyət hüququna dair adına şəhadətnamə verilmişdir. Yerdə qalan 10 kvm qeyri-yaşayış sahəsindən də o, artıq 30 ilə yaxındır ki, istifadə edir. Bu sahəyə heç kimin iddiası yoxdur və gələcəkdə də olmayacaq. Onun istifadə etdiyi qeyri-yaşayış sahəsindən heç bir kommunikasiya xətti keçmir. İstifadə etdiyi qeyri-yaşayış sahəsini öz şəxsi hesabına təmin etmiş, abadlaşdırmışdır. Bu işə görə xeyli miqdarda pul vəsaiti sərf etmişdir. Cavabdehin imtinası əsassızdır, ona verdiyi cavablar real faktı əks etdirmir və formal xarakter daşıyır. Cavabdeh onun həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsindən 30 ilə yaxın istifadə etməyini, o sahənin bir hissəsinin mülkiyyət hüququna dair ona məxsus olmasını və digər hissəsinin istifadə etdiyi sahə ilə bitişik olmasına diqqət yetirmir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Məhkəmənin mövqeyi: İşin hallarına görə 28 aprel 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanda yerləşən 5,5 kv.metr ayrıca tikilini/qeyriyaşayış sahəsini əldə etmiş və hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının hazırkı iddia qaldırmaqda hüquqi marağı, həmin qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi (15,5 kv.m) üzərində hüquqlarının qeydiyyata alınması, həmin qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və ona həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsindən ibarətdir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi, “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 001297 №-li Mülkiyyət hüququ haqqında Şəhadətnaməni, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən X1 01 №-li, xx.xx.2024-cü il tarixli Qəbul aktı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 04 №-li, 08 yanvar 2024-cü il tarixli Sərəncamına istinad edir. Cavabdeh imtina məktubunda texniki pasportda müvafiq daşınmaz əmlak binanın bir hissəsi kimi göstərilsə də, faktiki binaya bitişik ayrıca tikili olduğunun müəyyən edildiyini və iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim etməməsinə istinad edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, imtinanın dəlili ondan ibarətdir ki, iddiaçı hüquqmüəyyənedici sənəd təqdim etməyib. İşin mübahisələndirilməyən halıdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş ünvan 1 ünvanda yerləşən 5,5 kv.metr qeyri-yaşayış sahəsinə (ayrıca tikili) dair idiaçının adına xx.xx.1999-cu il tarixli, 001297 №-li Mülkiyyət hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin sənəd hazırda qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı əvəz edən sənəddir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İddiaçı 5.5 kv.m hissədə həmçin Şəhadətnanin yeni çıxarışla əvəz edilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda iş materiallarında müyyən edilir ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinə edilmiş dəyişiklərlə birlikdə ümumilikdə 15.5 kv.m sahəyə hüququn qeydə alınmasını xahiş edir. İddiaçı həmin hissədə isə, yerli icra hakimiyyəti tərəfindən verilmiş sənədləri təqdim edir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanda ünvanda yerləşən mövcud qeyri-yaşayış binasının eskiz layihəsi həlli Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Layihə-Smeta Bürosu tərəfindən hazırlanmış və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində Fəaliyyət göstərən X1 01 №-li, xx.xx.2024-cü il tarixli Qəbul aktına əsasən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsin 15,5 kv.m hesablanmışdır. “Vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi barədə” Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 04 № li Sərəncamın məzmunundan müəyyən edilir ki, “Şəhid atası İddiaçı (övladı X5 İİ Qarabağ müharibəsi şəhididir) rayon icra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, Azadlıq prospekti 22 saylı ünvanda yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Azadlıq prospekti 22 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən tərtib olunmuş 001297 saylı, xx.xx.1999-cu il tarixli Şəhadətnaməyə əsasən ümumi sahəsi 5.5 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi ki, sözügedən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsi 15.5 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mülkiyyətçi tərəfindən qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti və rekonstruksiya işləri səbəbindən yaranmışdır. (Bu barədə 17 saylı MKİS-in xx.xx.2023-cü il tarixli Aktı əlavə olunur) Vətəndaşın müraciətini, təqdim edilmiş sənədləri nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-ci maddələrinə əsasən: Nəsimi RİH nəzdində İdarələrarası komissiyanın rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Azadlıq prospekti 22 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 15.5 kv.m hesab edilsin. Qeyri-yaşayış sahəsindən istifadə edərkən yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması vətəndaş İddiaçı tərəfindən təmin edilsin. Sərəncamın surəti vətəndaş İddiaçı, məlumat üçün RİH Başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinə, hüquqi qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə göndərilsin”. Göründüyü kimi, qeyri-yaşayış sahəinin sahəsində olan fərq, iddiaçı tərəfindən aparılmış təmir-tikinti və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Bu barədə isə, yerli icra hakimiyyəti Mənzil Məcəlləsinin 23 və 24-cü madələrinə əsasən həmin dəyişikliləri təsdiq etmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının oğlu 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş, iddiaçıya bununla bağlı şəhid ailəsi statusu təqdim edilmişdir. Məhkəmə işin qeyd olunan halının da qərar qəbul edilərkən nəzərə alınıbalınmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər qeyd olunan faktiki halının iş üzrə düzgün nəticəyə gəlinməsi üçün hüquqi dəyərləndirmənin predmetinə aid olmadığı nəzərə alınsa belə, məhkəmə dövlətin ictimai-siyasi həyatında baş vermiş həm 90-cı illərin əvvəlləri, həm də 2020-ci ilin sentyabr-noyabr aylarında hadisələri nəticəsində şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştləri ( o cümlədən mənzil və torpaq sahələrinin ayrılması ilə bağlı) vurğulamağı zəruri hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi baxımından hər-hansı qrup şəxsə qeyd olunan formada müvafiq güzəştin tətbiqi nəzərdə tutulmasa belə, məhkəmə ailə üzvünü şəhid vermiş şəxsin qanuni əsaslarla dolanacağının təmini üçün yeganə dolanacaq yeri olan ölçüsü 15.5 kv.m olan sahəyə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmamasından imtinasını qəbul etmir. İş materiallarında olan Nəsimi rayon İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 04 № li Sərəncamında şəhid ailəsinin qeyri-yaşayış sahəsinə olan hüququnu tanımışdır. Eyni zamanda, qeyri-yaşayış sahəsindən istifadənin dövlətlə yanaşı, hr hansı fiziki və ya hüquqi şəxslərin də hüquq və mənafelərinə xələl gətirmədiyi də müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən, ümumi sahəsi 15,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14233/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14233/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver