Məhkəmə qərarları › İş №2-1(112)-14239/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14239/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14239/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “qeydin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “qeydin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi doğum haqqında akt qeydi də daxil olmaqla aktların itirilmiş qeydlərinin inzibati məhkəmə icraatı qaydasında bərpası yalnız o hallarda mümkündür ki, müvafiq qeydin, eləcə də doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olmuş olsun. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası, həmin sənədlərin mövcud olmaması səbəbindən mümkün olmadıqda isə doğum haqqında vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, iş üzrə inzibati məhkəmə icraatı qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh qeydiyyat şöbəsinə həvalə edilməsi üçün doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmalıdır.. İş materiallarında olan məhkəmə sorğusuna əsasən polis orqanı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya şəxsiyyət vəsiqəsi verilərkən tərtib edilmiş fərdi uçot kartoçkası isə məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənəd kimi qiymətləndirildiyindən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 45.2.1-ci maddəsinə əsasən həmin sənəd inzibati icraat zamanı inzibati orqan tərəfindən istifadə olunması üçün nəzərdə tutulan sübut növlərindən biri kimi çıxış etdiyindən iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Adıçəkilən fərdi uçot kartoçkasından da göründüyü kimi iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı sənədlər siyahısında doğum haqqında şəhadətnamə qrafasında müvafiq qeydlər aparılmışdır. Məntiqi nəticə etibarı ilə də şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aydın məsələdir ki, həmin şəxsin doğumu baş verməlidir ki, doğum baş verdiyi, dövlət orqanı tərəfindən şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi də sübut edir ki, həmin şəxs doğum haqqında şəhadətnaməyə malik olmuş, həmin şəhadətnamədə doğum haqqında akt qeydi əsasında verilmişdir ki, həmin qeydə dair məlumatların iddiaçıda mövcud olmaması onun təqsiri sferasına aid deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxx 1959-cu il təvəllüdlü, Ermənistan Yeqnadzor kəndində anadan olmuş İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar