Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1425/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni növ çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ çıxarışın verilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı ona məxsus əmlaka dair qeydiyyat vəsiqəsinin səli itdiyi üçün təkrar sənəd alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi əmlakın 1/4 hissəsi üzərində onun mülkiyyət hüquqları qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışdır. Cavabdeh etirazı onunla əsaslandırır ki, fərdi yaşayış evinə texniki baxış keçirmək mümkün olmamış, inventarlaşdırma işlərinin aparılması üçün tam şərait yaradılmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2002-ci il tarixli qətnaməsi əsasında pay hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayopnu, B.Mirqəzəb küçəsi 9 saylı fərdi yaşayış sahəsinə ona aid olan hissədə qeydiyyat vəsiqəsinin əvəzinə həmin hissiyə mülkiyyət hüququna dair yeni növ çıxarışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, işin faktiki hallarından da görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi 9 saylı fərdi yaşayış evi bir hissədə mülkiyyət hüquqları məhkəmə qətnaməsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 07 may 2002-ci il tarixli qətnaməsindən də göründüyü kimi iddiaçı X2 cavabdeh İddiaçı qarşı iddia ilə müraciət edərək 1/2 paydan ibarət ev və evdə olan əşyaların bərabər bölünməsi və payların müəyyən edilməsi barədə iddia irəli sürmüş, həmçinin İddiaçı qarşılıqləı iddia verərək fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bağışlanma müqaviləsi əsasında yaranmasına, qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə 1/2 paydan ibarət Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi 9 saylı ev və əmlaklar iddiaçı və cavabdeh arasında bölünmüş, 1/2 paydan ibarət həmin əmlaka İddiaçı 1/2 pay hüququ tanınmışdır, digər hissələrdə iddia üzrə bir hissədə iddia rədd, digər hissədə icraata xitam verilmişdir. Əsli iddiaçının qeyd etdiyinə görə itmiş, iş materiallarında surəti olan qeydiyyat vəsiqəsindən görünür ki, fərdi yaşayış sahəsinə bir hissədə həmin qətnamədə nəzərə alınmaqla mülkiyyət hüuquqları iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi hazırkı halda iddia fərdi yaşayış sahəsinə hüquqlarına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə yox, əsli itirilmiş sənəd nəzərə alınmaqla həmin hüquqların dövlət qeydiyyatına alınması barədə yeni formalı sənədin verilməsi ilə bağlıdır. Yəni iddiaçı, onsuz da mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış əmlaka dair yeni növ çıxarışın verilməsinə iddia edir. Cavabdeh isə onun hüquqi marağının nədən ibarət olmasını düzgün qiymətləndirməmiş, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı icraat aparmış, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmaması əsası ilə müraciətin təminindən imtina etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının adına əmala dair verilmiş qeydiyyat vəsiqəsi və onun verilməsinə əsas olmuş məhkəmə qətnaməsi hal-hazırda da qüvvədə olmaqla, hər hansı bir səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmişdir, yəni onun qanuniliyi və mötəbərliliyi şübhə altına alına bilməz. Belə olduğu təqdirdə isə cavabdeh iddiaçının hüquqi marağına uyğun inzibati icraat aparmalı və əsli itmiş qeydiyyat vəsiqəsinin əvəzinə iddiaçıya həmin əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair yeni formalı sənəd verməli idi ki, cavabdehin həmin tədbirlərin yerinə yetirməməsi iş materialları ilə sübut olunur. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar mütəxəssisə şərait yaradılmadığına istinad etsə də məhkəmə araşdırması zamanı da həmin halların mövcud olmadığı, iddiaçının adıçəkilən fərdi yaşayış evinə texniki baxış keçirilməsi üçün şərait yaratdığı, lakin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən texniki baxışın keçirilmədiyi də təsdiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinə texniki baxış zamanı İddiaçı istifadəsində olan sahədən, həmçinin X1 istifadəsində olan sahədən əlavə digər 1/2 sahəyə baxış keçirilməsinə çalışılmışdır. Halbuki, mübahisəli əmlak üzrə iş materialları ilə aydın olur ki, məhkəmə qətnaməsi qəbul edilən, qeydiyyat vəsiqəsi verilən əmlak 1/2 hissədən ibarət olan əmlaka dairdir. Yəni, predmet 1/2 hissədə olan əmlakla bağlı olmuşdur ki, digər 1/2 hissəyə toxunmadan, yerdə qalan 1/2 hissə iddiaçı və X1 mülkiyyətində olmuş, qətnamə həmin hissədə əmlakın bölgüsü ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, hətta mülkiyyət hüququnun tanıdılması ilə bağlı icraat zamanı həmin məlumatlar müraciətin təmini üçün kifayət etməsinə baxmayaraq, cavabdeh hətta yeni növ çıxarışın verilməsi ilə bağlı müraciət zamanı belə vəzifəsi olmasına baxmayaraq mütəxəssislərə tam şərait yaradılmması, texniki baxışın keçirilməməsi kimi iddiaçının iradəsindən asılı olmayan formal əsaslara istinad etmişdir. Halbuki, əslində hazırkı növ iddia qeydiyyat vəsiqəsinə dublikatın verilməsi mahiyyətindədir. Aydındır ki, dublikatın verilməsi zamanı əvvəllər həmin əmlaka dair aparılmış inventarlaşdırma işləri üzrə materialların yenidən tərtib edilməsi zərurəti mövcud olmur. Cavabdeh isə əvvəlki inventarlaşdırma materialları, texniki sənədlər nəzərə alınmadan qüvvədə olan mülkiyyət hüququna dair qeyd üzrə yeni növ sənədin verilməsi əvəzinə, zərurəti müəyyən edilməmiş inzibati icraat aparmış, formal əsaslar müəyyən edərək müraciəti təmin etməmiş, mülkiyyət hüququna dair qeydin mötəbərliyini şübhə altına almışdır. Məhkəmə, yuxarıda qeyd edildiyi kimi əslində hazırkı növ iddianın mahiyyət etibarı ilə qeydiyyat vəsiqəsinin dublikatının verilməsi iddiası ilə oxşar olması, lakin, iddianın məhz yeni formalı çıxarışın verilməsi formasında olması ilə bağlı mövqedədir ki, bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun əvvəllər qüvvədə olmuş 6.1.4-ci maddəsindən də müəyyən edilir ki, “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi” sözləri qanundan çıxarılmışdır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nə dair normativ hüquqi aktın: 2.5. Dövlət reyestrindən çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat dövlət reyestrindən çıxarışı verən qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. 2.6. Dövlət reyestrindən çıxarış itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu” adlı normativ hüquqi aktın: 1.1. Bu sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir. 1.3. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) bu sənədlə müəyyən edilən məzmunda verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın: 1.3. Bu Qaydaların məqsədləri üçün sənədlərin dövriyyəsi dedikdə, daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin kağız daşıyıcıda və ya elektron formada qəbulu, yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) elektron çıxarışın və (və ya) bildirişin tərtib edilməsi nəzərdə tutulur. 2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış ərazi idarəsinin rəhbərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə, “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən, elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur. Nəzərə alınmalıdır ki, köhnə qanunvericilikdə itmiş, məhv edilmiş, oğurlanmış və s formada iddiaçıda əsli mövcud olmayan çıxarışın, o cümlədən həmin çıxarışın verilməsinə dək hüquqi qüvvəsini yuxarıda adıçəkilən Qanunun 4.1-ci maddəsinə dək saxlamış qeydiyyat vəsiqəsinin dublikatının verilməsi ilə bağlı proseduru tənzimləmişdir. Lakin, hazırda yeni növ elektron çıxarışların verilməsi həyata keçirildiyindən həmin sənədlərin itirilməsi, oğurlanması və məhv edilməsi çıxarış elektron qaydada tərtib edildiyindən hər hansı əhəmiyyət daşımır. Belə ki, texniki sənədlərdən fərqli olaraq iddiaçıya çıxarış elektron sistemdən çıxarılmaqla verilir ki, onun itirilməsi hər hansı hüquqi nəticəyə səbəb olmamaqla, elektron qaydada yenidən çıxarışın verilməsinə mane olmur. Odur ki, hazırda mahiyyət etibarı ilə qeydiyyat vəsiqəsinin dublikatının verilməsi iddiasının mümkün iddia olsa da, onun itməsi əvəzində hüquqi qüvvəsini saxlamış qeydiyyat vəsiqəsi əvəzinə yeni növ çıxarışın verilməsi iddiası məzmun baxımından dublikatının əvəz edilməsi iddiası ilə eynidir. Beləliklə, hazırkı iddia yeni növ elektron çıxarışın verilməsi ilə bağlıdır ki, yuxarıda işin faktiki halları nəzərə alındığı təqdirdə qüvvəsini saxlamış mülkiyyət hüququna dair qeydin əsasında yeni növ çıxarışın iddiaçıya təqdim edilməsi cavabdehin vəzifəsidir. Bu səbəbdən də onun müraciəti təmin edilməlidir. Qanunun 4.1-ci maddəsindən də müəyyən edilir ki, 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-610/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 139-1.1, 139-1.8-ci maddələrinin tələbləri nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı onun mülkiyyət hüququ ilə dövlət qeydiyyatına artıq bir dəfə alınmış sözügedən daşınmaz əmlakın yenidən yəni ikinci dəfə dövlət qeydiyyatına alınması ilə bağlı deyil, sadəcə mülkiyyət hüququna dair yeni formalı sənədin alınmasına yönəldilmişdir ki, belə olan halda iddiaçının hazırkı iddiaçı mümkün sayılma bilməz. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, yuxarıda göstərilmiş məsələnin həll edilməsi üçün isə, iddiaçı iddia irəli sürmək hüququna malikdir. Ali Məhkəmə yuxarıda qeyd olunan qərarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə iddianı qeyd olunan səbəbdən mümkün saymamışdır ki, məhkəmə hazırkı halda iddianın mümkünlüyü ilə bağlı iddianın məhz yeni formalı mülkiyyət hüququna dair sənədin verilməsi formasında olmasını formalaşmış məhkəmə təcrübəsinə də uyğun hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2002-ci il tarixli qətnaməsi əsasında İddiaçı pay hüququ tanınmış Bakı şəhəri, Suraxanı rayonu, B.Mirqəzəb küçəsi 9 saylı fərdi yaşayış sahəsinə İddiaçı aid olan hissədə ona verilmiş FM seriyalı 017960 nömrəli qeydiyyat vəsiqəsinin əvəzinə həmin hissəyə mülkiyyət hüququna dair yeni növ elektron çıxarışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1425/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1425/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver