Məhkəmə qərarları › İş №2-1(112)-14255/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14255/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14255/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamədə düzəliş edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli **********2876 saylı gömrük bəyannaməsinə Sales Contract 02/22 (xx.xx.2022, №2********) əlavə edilməsi və bəyannamədə müvafiq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, **********2876 saylı gömrük bəyannaməsinə texniki səbəblərdən daxil edilməmiş əsas müqavilə - "Sales Contract 02/22" (tarix: xx.xx.2022, №2********) sənədinin əlavə olunması məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli **********2876 saylı gömrük bəyannaməsində, texniki səbəbdən qeyd olunmamış ikinci əsas müqavilənin (Sənədin kodu 220601619, Sales contract 02/22, tarix: xx.xx.2022) əlavə edilməsi və bəyannamədə müvafiq düzəlişin edilməsi barədə yazılı müraciət edilmişdir. Müraciətə bütün aidiyyəti üzrə sənədlər (gömrük bəyannaməsinin və satış müqaviləsinin surətləri) əlavə edilmişdir. Lakin müraciətə nəinki qanunla nəzərdə tutulmuş 15 iş günü müddətində, hətta bu günədək cavab verilməmiş, bu isə cəmiyyətin hüquqlarının pozulmasına, vergi və hüquqi risklərin yaranmasına səbəb olmuşdur. Həmçinin, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinə əsasən cəmiyyətin məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixində **********2876 saylı idxal gömrük bəyannaməsinin tərtibi zamanı, cəmiyyətimiz tərəfindən bu malların əsasını təşkil edən iki ayn müqavilədən biri olan - Sales Contract 02/22 (tarix: xx.xx.2022, №2********) sənədinin gömrük bəyannaməsində qeyd olunmaması gömrük brokeri tərəfindən yol verilmiş texniki nöqsan nəticəsində baş vermişdir. Həmin müqavilə JSC LİLO-1 WİLO SE - Almaniya şirkətinin sifarişi ilə malların göndərilməsini təsdiq edən əsas hüquqi sənədlərdən biridir və malların mənşəyi, məqsədi və müqavilə dəyəri kimi məlumatları ehtiva edir. Bildirilir ki, bu düzəliş heç bir maliyyə və ya hüquqi öhdəlik yaratmır, sadəcə sənədləşmədəki texniki uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır. Bu səbəbdən, müvafiq düzəlişlərin aparılması qeyd olunan texniki nöqsanın aradan qaldırılması və **********2876 saylı gömrük bəyannaməsində qeyd olunmamış müqavilə məlumatlarının əlavə edilməsi üçün lazımdır. Bir daha qeyd edilir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən idxal olunmuş mallara dair **********2876 saylı gömrük bəyannaməsi tərtib edilmişdir. Lakin həmin bəyannamənin tərtibi zamanı, malların idxalını əsaslandıran ikinci əsas müqavilə - Sales Contract 02/22 (tarix: xx.xx.2022, №2********) gömrük brokeri tərəfindən yol verilmiş texniki səbəblərə görə bəyannaməyə daxil edilməmişdir. Hətta qeyd edildiyi texniki səhv Gömrük orqanının insperktorları tərəfindən də nəzərdən qaçmış və bəyannamə olduğu kimi arxivləşdirilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının cavabdehə qarşı iddia tələbi qeyri-müəyyən və əsassız olduğundan mümkünlüyü yoxlanılmalı, mümkün sayıldığı halda isə rədd edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Məcəllənin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi dedikdə malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd başa düşülür. Bu norma göndərici norma olub qeyd olunan müvafiq icra hakimiyyəti orqanı olaraq "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” AR Prezidentinin 15 sentyabr 2011 -ci il tarixli 499 nömrəli Fərmanının 28.5-ci maddəsinə müvafiq olaraq AR Nazirlər Kabineti qeyd etmişdir. Beləliklə, gömrük bəyannaməsinin forması AR Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə təsdiq edilmişdir. Həmin qərarın 2.4-cü bəndinə uyğun olaraq malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə gömrük orqanına təqdim edilməli olan sənədlərdən biri də xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəddir. İddia ərizəsində mübahisələndirilmiş iddianın predmeti ilə bağlı bildirmək istərdik ki, ərizədə qeyd edilən xx.xx.2023-cü il tarixli **********2876 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsinin təqdim edilən sənədlərin kodlu siyahısının əks olunduğu 44-cü qrafasında cəmi bir alğı-satqı müqaviləsi, 02/23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, sözügedən müqavilənin ümumi həcmi 500.000 avro təşkil etmiş və müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə etmişdir. İddiaçının iddia ərizəsinin tələb hissəsində qeyd olunan 02/22 nömrəli alğı-satqı müqaviləsi isə xx.xx.2022-ci il tarixlidir və müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. 2/22 nömrəli müqavilənin də ümumi həcmi 500.000 avrodan ibarət olmuşdur. İddiaçının cavabdeh qurrum tərəfindən düzəliş edilməsini tələb etdiyi **********2876 sorğu nömrəli gömrük bəyannaməsi isə xx.xx.2023-cü il tarixlidir. Bəyannamə gömrük orqanına gömrük rəsmiləşdirilməsi üçün təqdim edildiyi tarixdə artıq 02/22 nömrəli müqavilə qüvvədə deyildi. Bu hal isə, iddia ərizəsinin təmin edilməməsi üçün ilkin, lakin əsas olmayan səbəbi təşkil etməlidir. AR-da gömrük işini tənzimləyən aktların əksəriyyəti beynəlxalq gömrük qanunvericiliyi əsas götürülərək hazırlanmışdır. Belə ki, "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında Protokola və "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulmaq barədə AR-nın 9 dekabr 2003-cü il tarixli 555-İİQ nömrəli Qanunu imzalanmış və həmin konvensiyanın (Kyoto Konvensiyası) normaları Azərbaycan Respublikasının ərazisində də hüquqi qüvvəyə malikdir və qanunvericiliyin ayrılmaz hissəsini təşkil edir. Həmin Konvensiyanın ilkin anlayışlardan bəhs edən 2-ci fəslinin E4./F15 adlı bəndində qeyd edilir ki, «mallara dair bəyannamə» — marağı olan şəxslərin mallar barədə tətbiq edilməli olan gömrük prosedurunu və bu prosedurun tətbiqi üçün gömrük xidmətinin tələb etdiyi məlumatları göstərdikləri, gömrük xidməti tərəfindən müəyyən edilmiş forma üzrə tərtib olunan bildirişdir. Həmçinin, Konvensiyanın "Mal bəyannaməsinin məzmunu və forması” adlı a bölməsinin 3.11-ci standartına əsasən, mal bəyannaməsinin məzmunu gömrük xidməti tərəfindən müəyyənləşdirilir. Bəyannamənin kağız formatı BMT-nin birtipli formatına uyğun olmalıdır. Avtomatlaşdırılmış gömrük rəsmiləşdirilməsi prosesi tətbiq edildiyi halda, elektron üsulla verilən mal bəyannaməsinin formatı, bu informasiya texnologiyaları üzrə X2 Tövsiyələri ilə müəyyən edildiyi kimi, elektron məlumatlar mübadiləsinin beynəlxalq standartlarına əsaslanır. Yuxarıda da qeyd edildiyi kimi, gömrük bəyannaməsinin məzmunu və doldurulma qaydaları Konvensiya ilə üzv dövlətlərin gömrük işini aparan qurumlarına həvalə edilmişdir. Məhz bu baxımdan, Dövlət Gömrük Komitəsi gömrük işini aparan qurum olduğundan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələri” gömrük bəyannaməsinin düzgün doldurulma qaydalarını tənzimləyir. Həmin sənədin 1.4-cü bəndinə görə gömrük bəyannaməsinin əsas vərəqi bir müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd əsasında eyni göndərən tərəfindən, eyni bir gömrük proseduru tətbiq olunan, eyni mənşəli və adlı mallar (XİF MN üzrə mal mövqeyi 10-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur. 1.5. Bir müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd əsasında eyni göndərən tərəfindən, eyni bir gömrük proseduru tətbiq olunan, bir neçə adda olan və ya eyni adlı lakin mənşə ölkəsi fərqli olan malların bəyan olunması zamanı əsas gömrük bəyannaməsinin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda mal bəyan etməyə imkan verir. Göründüyü kimi, Metodikanın tələbləri əsasında bir müqavilə üzrə yalnız bir gömrük bəyannaməsi tərtib edilməyi hüquqi tənzimləmə baxımından mümkün hesab edilir. Əlavə olaraq bildiririk ki, iddiaçının adına tərtib edilmiş 02/22 və 02/23 nömrəli müqavilələr əsasında ayrı-ayrı vaxtlarda gömrük bəyannamələri təqdim edilmişdir. (Məhkəməyə təqdim edilir.) Həmin gömrük bəyannamələrinin hamısı sadəcə bir müqavilə əsasında idxal edilmiş mallar üçün tərtib edilmişdir və həmin müqavilələr üzrə idxal edilən malların ümumi dəyəri 244239.5 avro təşkil edir ki, bu da hər iki müqavilənin birgə həcmindən daha azdır (1000000 avro). Nəzərə alsaq ki, hər iki müqavilənin və ya ona əlavənin məzmununda ümumi məbləğin hansı mallar üçün nəzərdə tutulduğu, malların hansı tarixlərdə hansı partiyalarla və nə qədər məbləği əhatə edəcək şəkildə alıcıya göndəriləcəyi barədə şərtlər göstərilməmişdir, belə olduğu təqdirdə 02/22 nömrəli müqavilənin **********2876 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal edilmiş mallara aidiyyəti və müqavilənin gömrük bəyannaməsinə daxil edilmə zərurətinin mövcudluğu təsdiq edilmir. iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Baş Gömrük İdarəsinə iddia ərizəsi ilə mahiyyətcə eyni məzmunlu ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli **********2876 sorğu nömrəli gömrük bəyannaməsində müvafiq düzəlişlərin edilməsinə icazə verilməsini xahiş etmişdir. AR Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 14.3-cü bəndinə əsasən, aşağıdakı hallarda gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilir: 14.3.1. gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan başqa məqsədlər üçün istifadə olunduqda; 14.3.2. malların buraxılışının həyata keçirilməsinə baxmayaraq, onlar gömrük nəzarəti zonasını tərk etmədikdə; 14.3.3. malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda; 14.3.4. Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda; 14.3.5. bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaqla, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda; 14.3.6. yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda İddiaçının cavabdehə olunmuş müraciəti əsas götürülərək Bakı Baş Gömrük İdarəsi tərəfindən **********2876 sorğu nömrəli gömrük bəyannaməsinə müvafiq düzəlişlərin edilməsi məqsədilə X1 Sistemi üzərindən xx.xx.2024-cü il tarixli 24005360 saylı sifariş məktubu tərtib edərək Dövlət Gömrük Komitəsinə göndərilmişdir. Komitənin aidiyyəti struktur vahidi tərəfindən sifariş məktubu ləğv edilərək yuxarıda sadalanan səbəblər əsas götürülməklə sifarişin icra edilməsindən və sözügedən gömrük bəyannaməsinə düzəlişlərin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının tələblərini rəhbər tutaraq, iddiaçı "Unimak” MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia tələbinin mümkünlüyünün yoxlanılaraq mümkün sayılmaması barədə qərardad qəbul edilməsini, mümkün hesab edildiyi təqdirdə İnzibati Prosessual Məcəllənin 68-ci və 69-cu maddəsinin tələblərinə əsasən rədd edilməsi xahiş edilir.

4. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə informasiya sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar