Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14257/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930, ev 1K, 67 saylı mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “1/12m” nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2, 29 2930, ev 1K, mənzil 67 xx.xx.2012-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərildikdə cavabdeh mənzil üzərində məhdudiyyətin olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığını bildirmişdir. Yenidən cavabdeh quruma müraciət edərək məhdudiyyətin səbəbinin izah olunmasını və götürülməsini xahiş etsə də, cavabdehin xx.xx.2022-cı il tarixli cavab məktubunda mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulduğu, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hərhansı bir məlumatın idarədə aşkar edilmədiyi qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz və əsassızdır.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12416/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1219/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1108/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)-1219/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3010/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 nömrəli qərardadı ləğv edilmiş, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin mübahisə ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “İlk növbədə Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq müəyyənləşdirilməli olan hallarından biri iddiaçının mülkiyyətində olan mənzil üzərində həbs və yaxud digər məhdudiyyət tədbiri qoyulması barədə məhkəmənin və ya Daxili İşlər Nazirliyinin qərarının və ya başqa bir aktının olub-olmamasıdır. Həmçinin iş materiallarından Daxili İşlər Nazirliyində ABB-nin müraciəti əsasında istintaq edilən cinayət işi üzrə iddiaçının təqsirləndirilən (şübhəli) şəxs və yaxud da prosesin digər iştirakçısı olmasını rəsmi şəkildə təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Belə ki, daşınmaz əmlaka hər hansı bir məhdudiyyətin qoyulması ilə bağlı məhkəmənin və ya cinayət prosesini həyata keçirən orqanın qərarı və ya digər aktı olmadığı halda, yalnız həmin orqanların bu barədə məktublarına istinadən, iddiaçının xüsusi ilə də cinayət prosessual məcəllənin müddəaları üzrə, mümkün sayılmaması əsaslı deyildir. Eyni zamanda aydınlaşdırılmalı olan digər məqam isə iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlıdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, “mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərilmişdir. Daşınmaz əmlakdan verilən cavabla mənzil üzərində məhdudiyyət olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığı göstərilmişdir” . Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət olduğu halda, notarius tərəfindən mənzil üzərində məhdudiyyətin olmaması barədə 1 saylı formanın alınması ümumiyyətlə araşdırılma predmeti olmamışdır. Kollegiya hesab edir ki, çox gümankı iddiaçının mülkiyyətində olan mənzil üzərində həbs və yaxud digər məhdudiyyət tədbiri qoyulması barədə məhkəmənin və ya Daxili İşlər Nazirliyinin qərarının və ya başqa bir aktının olmaması səbəbindən notariatda iddiaçının qeyd etdiyi əməliyyat aparılmışdır. Həmçinin işin hallarından məlum olur ki, iddiaçının məqsədi daşınmaz əmlaka mülkiyyət hüququnun təsdiq edən çıxarışın almaqdan ibarət olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsində müəyyən edilmiş məhkəmənin yardım etmək vəzifəsindən istifadə edərək, hazırkı inzibati mübahisəyə mahiyyəti üzrə baxılması üçün iddia tələbinin dəqiqləşdirilməsində yardım etməlidir. Həmçinin bu zamanda çıxarışın kimin adına alınmasının gərəkliliyi (özünün və ya mənzili bağışladığı şəxsin adına) istiqamətində də yardım edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan) küçəsi, 1K saylı evin 67 saylı mənzili üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı məlumat İdarədə aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********96 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. 1 saylı Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırki iş üzrə yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyində göstərilmiş iddia tələbinin dəqiqləşdirilməli olması məsələsinə münasibətdə, həmin mənzilə dair bağlanmış bağışlanma müqaviləsi ləğv olunduğundan, eləcə də, gələcəkdə mənzilin mülkiyyətçisinin bir daha belə bir problemlə qarşılaşmaması, sərbəst şəkildə əmlakından istifadə edə bilməsi məqsədilə iddiaya olduğu kimi baxılmasını xahiş edirlər.
10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 67 saylı mənzil tam payda xüsusi mülkiyyət hüququ ilə X2 adına ********** qeydiyyat nömrəsi xx.xx.2012-ci il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********96 nömrəli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Cehun Həsənov (keçmiş Sadıqcan) kçüəsi, 1 K saylı evin 67 saylı mənzili üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/24 m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Lakin, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı bir məlumat İdarədə aşkar olunmamışdır.
13. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********30 nömrəli “Daşınmaz əlmak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak üzərinə məhdudiyyət qoyulduğu müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
14. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 1/124m saylı, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-cı il tarixli, 1/99m nömrəli məktuba əlavə olaraq təqdim edilən siyahıda adları qeyd olunan şəxslərə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş edilmiş, həmçinin Azərbaycan Beynəlxalq Bankına girov qoyulmuş əmlakların bankın mülkiyyətinə keçirilməsinə etiraz etmədikləri bildirilmişdir. Məktuba əlavə edilmiş həmin siyahıda iddiaçının adı 140-cı sırada göstərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, hazırki iddiasında iddiaçı xüsusi mülkiyyətində olan mənzili üzərinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
22. Məhkəmə iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıda sadalanan normalarına istinad etməyu zəruri hesab edir.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); - 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. - 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır.
24. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.
25. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə məhdudiyyət qoyulmuşdur.
26. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər.
27. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də, müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktublar əsasında iddiaçının mülkiyyətində olan əmlaklar üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir.
28. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
29. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).
30. Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır.
31. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
32. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2071/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2 - 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər (CPM-in 248.1.1; 249.2; 249.5-ci maddələri). Hazırkı halda, iddiaçı, cavabdeh tərəfindən əmlak üzərində CPM-in müddəalarına uyğun həbs qərarı olmadan onun mülkiyyət hüququnun məhdudlaşdırılması halına istinad edir ki, bu halda, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin inzibati orqan kimi hərəkətlərinin qanuniliyinə qiymət verməlidirlər. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh yalnız daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar olmadan inzibati orqan daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması ilə bağlı hərəkətlər həyata keçirirsə, bu halda mülkiyyətçinin həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək imkanları da mövcuddur. Belə ki, cavabdeh hər bir inzibati orqan kimi fəaliyyətində qanunun müddəalarını rəhbər tutmaqla hərəkət etməlidir. Bu növ iddia isə İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi CPM-in 253-cü maddəsi isə hazırkı hala şamil edilə bilməz. Belə ki, həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilən maddə o halda tətbiq oluna bilər ki, əmlak üzərində həbsin əsasında CPM-in 249-cu maddəsinə uyğun məhkəmə və ya müstəntiqin qərarı dayansın. Hazırkı işin hallarında isə belə bir qərarın mövcudluğu müəyyən olunmur.
34. Göründüyü kimi Ali Məhkəmə məhkəmə və müstəntiqin qərarının mövcud olmadığı halda əmlak üzərində məhdudiyyətin məktub əsasında qoyulmasına dair iddiaya münasibətdə mövqe nümayiş etdirmiş ki, məhkəmə həmçinin həmin mövqe nəzərə alınmaqla hesab edir ki, məhdudiyyətin qoyulmasına dair cavabdehin hərəkətləri qanunsuz və əsassız olmuşdur.
35. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iş üzrə yuxarı instansiya məhkəməsi öz hüquqi mövqeyində birinci intansiya məhkəməsi üçün göstəriş kimi “İPM-in 13-cü maddəsində müəyyən edilmiş məhkəmənin yardım etmək vəzifəsindən istifadə edərək, hazırkı inzibati mübahisəyə mahiyyəti üzrə baxılması üçün iddia tələbinin dəqiqləşdirilməsində yardım etməlidir. Həmçinin bu zamanda çıxarışın kimin adına alınmasının gərəkliliyi (özünün və ya mənzili bağışladığı şəxsin adına) istiqamətində də yardım edilməli” olmasını göstərmişdir ki, bununla bağlı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən imtina etmiş və iddiaya olduğu kimi baxılmasını xahiş etmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil hazırda ididaçının xüsusi mülkiyyətindədir, həmin əmlaka dair bağlanmış bağışlama müqaviləsi ləğv edilmişdir. Mövcud vəziyyətdə mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının özünün və ya mənzili bağışladığı (hazırda həmin müqavilə ləğv olunmuşdur) şəxsin adına çıxarışın alınması zərurəti mövcud deyildir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930, ev 1K, 67 saylı mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “1/12m” nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva