Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14257/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “minik avtomobili ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə “nəqliyyat vasitəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X7 oğlu xx.xx.2023-cü il tarixdə Moskva şəhərində bağladığı alqı-satqı müqaviləsinə əsasən satıcı X3 həmin ölkədən olan 1 ədəd “VAZ - BRONTO 212140” Niva markalı, 2018-ci il zavod istehsallı, ban nömrəsi X6D212140J9002627, ağ-boz-qara rəngli, benzin evro-5 standartlarına uyğun olan minik avtomobili almış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə bəyan edərək həmin avtonəliyyat vasitəsini Azərbaycan Respublikasına gətirmişdir. 24 iyul 2023-cü il tarixdə avtonəqliyyat vasitəsinə Azərbaycan Respublikası Dövlət Kömrük Komitəsi Mərkəzi Kömrük Ekspertizası İdarəsinin tərəfindən 08.********.23 saylı, xx.xx.2023-cü il tarixli X1 verilmişdir. Baş X10 İdarəsi xx.xx.2023-cü il tarixdə X4 adına AA000000 seriyalı Nəqliyyat vasitəsinin Uçot Kartoçkası verilərək, OH167TR23 nömrəli müvəqqəti tranzit nömrə nişanları verilmişdir. X6 tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə həmin nəqliyyat vasitəsi ilə bağlı bütünb hərəkətləri etməyi özündə ehtiva edən etibarnamə verilmişdir. İddiaçı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...“VAZ– BRONTO 212140” markalı nəqliyyat vasitəsində müxtəlif rəng çalarlarının tətbiqi nəzərə alınaraq həmin nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılması məqsədəmüvafiq hesab olunmur”. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “VAZ BRONTO 212140 (Niva)” markalı, 2018-ci il zavod istehsalı, ban nömrəsi X6D212140J9002627, ağboz-qara rəngli, benzin, evro-5 standartına uyğun olan minik avtomobili ilə bağlı qeydiyyat hərəktlərinin aparılması vəzifəsinin cavabdehə həvalə olunmasında dair dair qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edərək iddiaçı tələbin onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən avtomaşına verilmiş müvəqqəti Nəqliyyat vasitəsinin Uçot Kartoçkası və OH167TR23 tranzit nömrə nişanlarının dəyişdirilməsi üçün Baş X10 İdarəsinə yenidən müraciət edilərkən, cavabdeh tərəfindən avtomaşının rənginə görə texniki pasport verilməyəcəyini, avtomaşının yenidən rənglənməsini məsləhət kimi bildirmişlər. Minik avtomaşını zavod istehsalıdır, rənglənməmişdir. Onun avtomaşınına bənzər rəngli avtomaşınlar hal-hazırda Bakı şəhərinin küçələrində vardır ki, həmin avtomaşınlara dövlət nömrə nişanları verilmişdir (həmin avtomaşının birinin şəkli iddia ərizzəsinə əlavə olunmuşdur). Artıq bir ildən artıqdır ki, avtomaşın idarə olunmur, ona külli miqdarda ziyan dəymişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, X7 oğlu xx.xx.2023-cü il tarixdə Moskva şəhərində bağladığı alqı-satqı müqaviləsinə əsasən satıcı X3 həmin ölkədən olan 1 ədəd “VAZ - BRONTO 212140” Niva markalı, 2018-ci il zavod istehsallı, ban nömrəsi X6D212140J9002627, ağboz-qara rəngli, benzin evro-5 standartlarına uyğun olan minik avtomobili almış, həmin avtomobili Azərbaycan Respublikasına gətirmiş, nəqliyyat vasitəsinə cavabdeh tərəfindən AA000000 seriyalı Nəqliyyat vasitəsinin Uçot Kartoçkası verilərək, OH167TR23 nömrəli müvəqqəti tranzit nömrə nişanları verilmişdir. X6 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə həmin nəqliyyat vasitəsi ilə bağlı bütünb hərəkətləri etməyi özündə ehtiva edən etibarnamə verilmişdir. İddiaçı həmin nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına dair cavabdehə müraciət etmiş, cavabdeh isə nəqliyyat vasitəsində müxtəlif rəng çalarlarının tətbiqini əsas gətirərək qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halıdır ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi Rusiya Federasiyasında alqı-satqı ilə alınmışdır. Həmin nəqliyyat vasitəsi alınarkən Rusiya Federasiyası tərəfindən 99 49 334521 nömrəli “X2” verilmişdir. Qeyd edilən alqı-satqı müqavilələrindən, rəsmi sənədlərdən, o cümlədən yük gömrük bəyannaməsindən müəyyən edilir ki, nəqliyat vaitəsinin rəngi ağ-boz-qara olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Cavabdeh orqan iddiaçının təqdim etdiyi nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsində müxtəlif rəng çalarlarının tətbiqini əsas gətirmişdir. Lakin qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, qeyd edilən əsasla nəqliyyat vasitəsinin aparılmasınan imtina edilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə müxtəlif rəng çalarlarında olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına dair hər hansı məhdudiyyət yoxdur. Bundan başqa, məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN Baş X10 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “VAZ 21214 markalı, müdafiə parıltısız, müdafiə rəngli, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə X5 adına qeydiyyata alınaraq BA246188 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Məktuba nəqliyyat vasitəsi barədə məlumatların kompüter çıxarışı əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin eyni əlamətlərə (nəqliyyat vasitəsində müxtəlif rəng çalarlarının tətbiqi) malik olan digər avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətləri apardığı halda, iddiaçıya məxsus avtonəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Cavabdeh orqan eyni faktiki hallara malik şəxslərə mübasibətdə fərqli davranaraq bərabərlik və etimad hüququnun tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. “VAZ BRONTO 212140 (Niva)” markalı, 2018-ci il zavod istehsalı, ban nömrəsi X6D212140J9002627, ağ-boz-qara rəngli, benzin, evro-5 standartına uyğun olan minik avtomobili ilə bağlı qeydiyyat hərəktlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14257/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14257/2024
20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver