Məhkəmə qərarları › İş №2-1(112)-1427/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1427/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1427/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X6 (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Agentliyinin nümayəndəsi X5 (Abşeron rayonu, Masazır ərazi d., Masazır k. qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı sənədlərin yenidən araşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikasının X3 Universiteti tərəfindən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə, İPM-in 1-ci, 14-cü,73-cü maddələrinə, Mülki Məcəlləsinin 377-ci maddəsinə, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 21-ci maddələrinə, AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»nın 2-ci və 3-cü bəndlərinə istinad edərək, həmçinin, müsahibə zamanı çəkilən video və səs yazılarını yenidən məhkəmə tərəfindən araşdıraraq, məhkəmə zalında xarici dil biliyinin təhsil almağı üçün kifayət qədər olmasını müəyyən edərək, X3 Universiteti tərəfindən verilmiş diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə hazırlıq icraatı iclası 18 fevral 2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti əsaslı hesab edilərək ötürülmüş müddət bərpa edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, X3 Universiteti tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli, B 17 125696 nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasından imtinanın əsassız hesab edilməsi, verilən ixtisasın tanınması və ekvivalentliyin nostrifikasiyası haqqıda şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildə Ukrayna Respublikasının Dnepropetrovsk vilayətinin, Kamenskoe şəhərində X3 Universitetinin qiyabi bölməsində nəqliyyat və nəqliyyat infrastrukturu ixtisası üzrə təhsil almışdır. Təhsilini uğurla bitirdikdən sonra ona «avtomobil nəqliyyatı, texniki mütəxəssis - maxanik» ixtisası üzrə bakalavr dərəcəsi və B17№125696 nömrəli bakalavr diplomu verilmişdir. Bundan sonra Bakalavr Diplomumun tanınması və bu barədə şəhadətnamənin verilməsinə dair Təhsil Nazirliyinə xx.xx.2019-cu il tarixində müraciət etmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun müraciətə baxılması müddəti maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa onun tələbi ilə məlumat verilməlidir. Qanuna əsasən xx.xx.2019-cu il tarixində Təhsil Nazirliyinə müraciət etməyimdən ən geci 60 iş günü əlavə olaraq iki ay ərzində qeyri iş və bayram günlərini də 30 gün kimi hesab edilsə mart ayında müraciətinin nəticəsi barədə ona məlumat verilməli idi. Lakin, müraciətindən təxminən iki ay sonra müsahibəyə dəvət olunmuşdur. Rus dilində cavab vermiş, onunla müstəqil şəkildə heç bir çətinlik çəkmədən 15 dəqiqə ərzində müxtəlif mövzularda müzakirələr aparmışlar. Müzakirə zamanı ekspert ona rus dilini yaxşı bildiyi və hər halda orta məktəbi də rus dilində oxuduğunu bildirmişdir. Cavabında isə ailəsində rus dili müəlliminin olduğunu, yaxın qohumlarının əksərinin Rusiya və Ukraynada yaşadığını və o də sadalanan ölkələrə dəfələrlə səfər etdiyini və ən əsası isə rus dilində ali təhsil aldığından bu dili yaxşı bildiyimi bildirdi. Bundan sonra ekspert ona müsahibənin yekunlaşdığını bildiridi. Müsahibənin nəticəsi barədə qərarın isə, ona sonrada bildiriləcəyini dedi. Müsahibədən sonra mənə müraciətinin nəticəsi barədə uzun müddət SMS, zəng və ya poçt vasitəsi ilə heç bir məlumat təqdim olunmayıb. Bununla bağlı cavabdehin qaynar xətti ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, hələ ki müraciətinə dair heç bir məlumat olmadığını bildirilmişdir. 2020-ci ilin 6 avqust tarixində o növbəti dəfə cavabdehin qaynar xətti ilə əlaqə saxlamış, bu səfər ona nəticənin elektron kabinetə göndərildiyini və oradan nəticə barədə məlumat ala biləcəyini bildirdilər. xx.xx.2020-ci ildə şəxsi kabinetinmi yoxlamış və cavabdeh tərəfindən ona “Bildiririk ki, nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir” cavabı verildiyini öyrənmişdir. Halbuki, müsahibəni keçirən ekspert ona rus dilini yüksək səviyyədə bildiyini və müəyyən qədər təəccübləndiyini qeyd etmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli xx.xx.2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.1-ci bəndində qeyd olunmuşdur ki, bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir. Qaydalarda göstərilmişdir ki, tədris ili bir qayda olaraq iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Tədris ilinin müddəti 40 həftədir (o cümlədən 10 həftə imtahan sessiyaları). Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyasına ayrıla bilər) ibarətdir. Bildirir ki, o qeyd olunan qanunvericiliyin tələblərinə riayət edərək sessiyalar zamanı Ukrayna Respublikasında olmuş və təşkil olunan dərs və imtahanlarda uğurla iştirak etmişdir. Bunu Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə «Giriş - çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında təhsil aldığı illərə uyğun olaraq, həmçinin, iddiaçıya təqdim etdiyi ümumvətəndaş pasportunda olan möhürlədən də müəyyən etmək mümkündür. Hesab edir ki, cavabdehin imtinası heç bir əsaslandırmaya söykənmir. Avropa ölkələri də Ukrayna Respublikasının bəzi təhsil müəssisələrində, o cümlədən mənim təhsil aldığım X3 Universitetinin təhsilin səviyyəsini yüksək qiymətləndirmişlər. Mənimlə bərabər eyni ixtisas üzrə təhsil alan tələbə yoldaşları artıq öz ölkələrində ixtisasına uyğun olaraq əmək fəaliyəti ilə məşğuldurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır, həmçinin, COVİD-19 pandemiyası səbəbindən tətbiq olunan sərt karantin rejimlərinə görə mən yalnız indi məhkəməyə pozulmuş hüquqlarımın bərpa olunması üçün müraciət etmə imkanı əldə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfık fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verdi. İzahatında əlavə olaraq göstərdi ki, iddiaçının müraciət etdiyi dövrdə mövcud olan qaydalara əsasən mərhələli şəkildə yoxlama aparılmış, onun dil biliyi yoxlanılaraq, bu barədə mənfi rəy verilmişdir. Cavabdehin nümayəndəsi sonra iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, -AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu ildə Siyəzən şəhərində doğulmuşdur. -X3 Universiteti tərəfindən verilmiş B 17 № 125696 saylı, xx.xx.2017-ci il tarixli bakalavr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2017-ci ildə universitei bitirmiş və avtomobil nəqliyyatı üzrə bakalavr ixtisasına yiyələnmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə A-46820 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. -X3 Universiteti tərəfindən verilmiş B 17 № 125696 saylı, xx.xx.2016-cı il tarixli bakalavr diplomuna əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Məmmədov X1 Dövlət Texniki Universitetində 4 il 10 ay ukrayn dilində qiyabi təhsil almışdır. (240 kredit ECTS) Universitetdə xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilə kimi olan dövrdə oxuduğu müddət ərzində ixtisası üzrə tədris olunmuş fənnlərdən, təcrübələr, dövlət attestasiyası və kurs işlərindən (layihələr) kafi, məqbul və yaxşı qiymətlər almış, nəqliyyat və nəqliyyat infrastrukturu dərəcəsi üzrə dövlət imtahanı vermişdir. Diploma əlavə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə A-46820-17 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçının X3 Universitetində bakalavr təhsil pilləsində “Avtomobil nəqliyyatı” ixtisası üzrə təhsil alması və ona B 17 № 125696 nömrəli diplomunun verilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən işin mübahisələndirilən halı nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasıdır. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hsab dir. Göründüyü kimi İddiaçı 2017-ci ildə X3 Universitetini avtomobil nəqliyyatı üzrə bakalavr ixtisası üzrə bitirmiş, bu barədə X3 Universiteti tərəfindən verilmiş B 17 № 25696 saylı, xx.xx.2017-ci il tarixli bakalavr diplomu verilmiş və diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə A-46820-17 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1 -ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunsa da, lakin sonuncu X3 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddia tələbi üzrə iddiaçı aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentiyinin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçının ixtisasının tanınması və ekvivalentliyinin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılması ilə əlaqədar aparılmış nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibənin əks olunduğu disk cavabdehdən tələb edilmiş və məhkəmə iclasında komissiya tərəfindən aparılan yoxlama ilə bağlı video görüntülər olan diskə baxış keçirilmiş və iddiaçının ona verilmiş suallara təhsil aldığı dildə deyil, rus dilində cavab verdiyi müəyyən olunmuşdur. Halbuki, X3 Universiteti tərəfindən verilən B 17 125606 Salı xx.xx.2017-ci il tarixli Diploma Əlavədə avtomobil nəqliyyat, texniki mütəxəssis-mexanik ixtisası üzrə məzun olan İddiaçı tədris aldığı dilin ukrayna dilində olması işn mübahisəsiz halını təşkil edir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə iddiaçının tədris alığı dilin ukrayna dilində olmasını, lakin komissiya tərəfindən aparılan yoxlamanın rus dilində aparılmasını iddiaçıya münasibətdə haqlı və ədalətli hesab etmir və bu halın iddiaçının ixtisası nəzərə alındıqda, onun ixtisasının peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməsi halını şübhə altına almaqla, təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməsinin mümkünsüz olması barədə cavabdehin gəldiyi nəticə ilə razılaşmır. Odur ki, məkhəmə iddia tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, diplom üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi ilə bağlı sənədlərin yenidən araşdırılmasına zərurət vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.4-cü bəndinə əsasən, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi cavabdeh iddiaçının təhsil aldığı ölkədə tələb olunan tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmamasını əsas gətirməklə diplomun tanınmasından imtina etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsil aldığı dövlətdə tələb olunan tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcud olmasının yenidən ətraflı yoxlanması üçün əsaslar mövcuddur. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X3 Universiteti tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli, B 17 125696 nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasından imtina əsassız hesab edilməli, verilən ixtisasın tanınması və ekvivalentliyin nostrifikasiyası haqqıda şəhadətnamənin verilməsi ilə bağlı məhkəmənin mövqeyi nəzərə alınmaqla sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İdda qismən təmin edilsin. X3 Universiteti tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli, B 17 125696 nömrəli diplomun Azərbaycan Respublikasının ərazisində tanınmasından imtina əsassız hesab edilsin, verilən ixtisasın tanınması və ekvivalentliyin nostrifikasiyası haqqıda şəhadətnamənin verilməsi ilə bağlı məhkəmənin mövqeyi nəzərə alınmaqla sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar