Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1427/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “dəymiş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qərarını vaxtında icra etmək əvəzinə qərarı müddətdən gec icra etdiyindən və bu müddət ərzində avtomobilin üzərindən məhdudiyyətin götürülməməsi ondan cərimələri tələb etmə hərəkətlərinə hüquqi qiymət verilməsi və 1840 gün hər günü 40 AZN olmaqla kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehə məlum məhkəmə vasitəsi ilə sübut edilən hüquqa və qanuna zidd hərəkəti nəticəsində avtomobilinin məhdudiyyətdə qaldığı ümumilikdə 1840 gün hər günü 40 AZN olmaqla qazana biləcəyi, lakin hüquqları pozulduğuna görə qazana bilmədiyi, əlindən çıxmış ümumilikdə 73 600 AZN maddi və hüquqlarının pozulduğuna görə 10 000 AZN təzminat məbləği olmaqla, tam olaraq ümumilikdə 83 600 AZN onun xeyrinə cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 2-1(112)-485/2022 saylı məhkəmə qərarında qeyd edildiyi kimi, iddiaçının Daxili İşlər Nazirliyi vasitəsi ilə cavabdehə və bir başqa cavabdehə hüquqa zidd və zərərlə bağlı müxtəlif tarixli müraciətləri mövcuddur. İddianın mahiyyəti cavabdehin məhkəmə qarşısında hərəkətləri və haqsızlığı, məhkəmənin iddianın qəbulu və təmini barədə və məhkəmə qərarının qanuna uyğunluğu barədə bütün hallar İnzibati məhkəmənin həmin qərarında ətraflı qeyd edilmişdir. Cavabdeh qanunsuzluğa yol verdiyindən və iddiaçının hüquqlarına zidd hərəkət etdiyindən avtomobili üzərində məhdudiyyətin götürülmə yükü ilə yükləmişdir. Lakin cavabdeh daha əlavə hüquqa və qanuna zidd hərəkət edərək mövcud qərarı vaxtında icra etmək əvəzinə ondan xx.xx.2023-cü il tarixinə kimi cərimələri ödəməyi tələb etmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli, 3-13-16/2-G-163011/3-11 saylı sənəd mövcuddur. Cavabdehə bunun mümkünsüzlüyü və əlavə zərərə səbəb olması barədə çoxsaylı müraciətləri və məhkəmənin qərarının mövcudluğunu bildirən çoxsaylı müraciətindən sonra nəhayət 01 il 04 aydan da artıq müddətə xx.xx.2024-cü il tarixində 3-13-16/2- 6038/24 saylı Səbail Rayon icra şöbəsinə təqdim etdiyi “avtomobilinin üzərində 12 ədəd cəriməsi qalmaqla avtomobilin üzərindən məhdudiyyət götürülüb” məzmunlu sənədi ilə icra etmişdir. Cavabdeh məsuliyyətdən yayınmaqdan ötrü cərimələrin 5 il müddətinin keçməsini gözləmişdir ki, guya ki, o avtomobili cərimələrin ödəmə vaxtı keçdiyi üçün cərimələrə xitam vermiş və avtomobili məhdudiyyətdən buraxmışdır. Bu barədə G-3553 sənədi mövcuddur. İlk növbədə cavabdehin məhkəmə qərarını niyə bilərəkdən gec icra etmə məsələsi, niyə qərar ola – ola özünü qərarı anlamaz yerinə qoymuş və iddiaçıdan cərimələri tələb etməsi məhkəmə tərəfindən xüsusən qiymətləndirilməlidir. Çünkü məlum qərara baxdıqda görünür ki, o, cavabdehə bildirmişdir ki, hərəkətləri ona günlük 40 AZN maddi zərərə səbəbdir, lakin o, bu küllü miqdarda zərəri məhkəmədə istəmədən avtomobilinin məhdudiyyətdən çıxmasını xahiş etmişdir. Lakin cavabdeh israrla əməkdaşlarının qanunsuzluğa yol vermədiyini, dəymiş zərər barədə məhkəmə qərarının olmasını və aidiyyatsız sənədlərə istinad edən 3-13-16/2-G-13560 saylı cavab məktubu ilə iddiaçının müraciətlərinə cavab vermişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İş üzrə tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, “Mercedes C180” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən məhdudiyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli İcra Vərəqəsindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və məhkəmə tərəfindən icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli cavab məktublarında göstərilmişdir ki, “MERCEDES BENZ C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində olan məhdudiyyət götürülərək DİN Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. “MERCEDES BENZ C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə tərtib edilmiş protokol üzrə ödənilməmiş 12 ədəd cəriməsi vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-485/2022 nömrəli qərarının icrası təmin edilərək “Mercedes” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsi təmin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, “Mercedes” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsinə məhdudiyyət qoyulmasına dair Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat mövcud deyil. Cavabdehin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Xətai rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-30352/15 nömrəli məktubu əsasında "MERCEDES BENZ C180" markalı **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin həmin şöbənin xx.xx.2019-cu il tarixli, xx/xx-74027/15 nömrəli məktubu əsasında götürülməsi barədə DİN Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.3-cü və 146.1-1-ci maddələrində göstərilənləri nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, İXP 1260734, xx.xx.2018-ci il tarixli, TYP 118448, xx.xx.2018-ci il tarixli, İXP 1772374, xx.xx.2018-ci il tarixli, İXP 1784105, xx.xx.2018-ci il tarixli MMX 7568913, xx.xx.2018-ci il tarixli, MMX ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarlar, habelə xx.xx.2018-ci il tarixli, EQ 100378, xx.xx.2018-ci il tarixli, EQ 248171 və xx.xx.2018-ci il tarixli EQ 332397 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv olunaraq inzibati xəta haqqında işlər üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 73 600 AZN maddi və 10 000 AZN mənəvi, ümumilikdə 83 600 AZN pul məbləğinin cavabdehdən onun tutulmasını xahiş edir. Həmin iddia mahiyyətcə dəymiş ziyanın əvəzinin ödənilməsi (kompensasiya) haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etdiyinə dair sübutları məhkəməyə təqdim etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Öncə qeyd edilməlidir ki, inzibati mübahisələr öz hüquqi təbitəinə görə mülki mübahisələrdən fərqli olsa da, inzibati qaydada kompensasiya ödənilməsinə dair iddialar inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən meydana gəlməklə yanaşı, nəticə etibarilə mülki qanunvericiliyin maddi ziyanın ödənilməsi ilə bağlı normalarına söykənir. Bu səbəbdən hazırkı mübahisəyə mülki qanunvericiliyin həmin normalarının tətbiq edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, cavabdeh qanunsuz olaraq onun nəqliyyat vasitəsinə məhdudiyyət tətbiq etmişdir. Cavabdehin hərəkətlərinin qanunsuzluğu Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin qərarla “Mercedes C180” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən məhdudiyətin götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, qərar qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda iddiaçı cavabdehin onun nəqliyyat vasitəsinə tətbiq etdiyi məhdudiyyətin qanunsuzluğuna əsaslanaraq məhdudiyyətin tətbiq edildiyi vaxtdan məhkəmə qərarı icra edilənədək olan müddət üçün ona dəymiş maddi və mənəvi zərərin ona ödənilməsini xahiş edir. Göründüyü kimi iddiaçının kompensasiya tələb etdiyi müddət məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsindən öncəki və həmin qərarın qəbul edilməsindən sonrakı dövrü əhatə edir. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin hərəkətlərinin qanunsuzluğu müəyyən edilmişdir. Belə ki, qərarda göstərilmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mercedes C180” minik markalı, **-LG-*** qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. İddiaçı ona məxsus avtomobili “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” ƏN-İV seriyalı, 405095 nömrəli etibarnamə əsasında X1 istifadə üçün vermişdir. Həmin nəqliyyat vasitəsinin X2 tərəfindən idarə edilməsi zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə barəsində qəbul olunmuş inzibati tənbeh tətbiq etmə haqqında qərarlara əsasən avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. İddiaçı ona məxsus avtomobilin üzərindən məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə çoxsaylı müraciətlər etsə də, cavabdeh tərəfindən onun müraciətindən cərimələr ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsinin üzərindən məhdudiyyətin götürülməsi mümkün olmaması əsas gətirilərək imtina edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, iddiaçı avtomobili istifadə edən başqa şəxs tərəfindən törədilmiş, yəni özü törətmədiyi inzibati xətaya görə təqsirli hesab edilə bilməz və odur ki, bu inzibati xətaya görə onun məsuliyyəti istisna edilir”. Qeyd edilməlidir ki, iddiaçı ona məxsus avtomobilin üzərinə məhdudiyyət qoyulduğu xx.xx.2020-ci il tarixindən sonrakı bütün dövr üzrə əldən çıxmış fayda qismində ona dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş edir. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən 86.1.8—ci maddəsində nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi üsullarından biri kimi göstərilmişdir. Həmin Məcəlləyə əsasən bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır (97.1). Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır (97.2.). Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir (150.11.). İşdən göründüyü kimi iddiaçı ona məxsus olan “Mercedes C180” minik markalı, **- LG-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında digər şəxsə vermiş və həmin şəxs avtomobili idarə edərkən yol verdiyi inzibati xətalara görə ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin şəxs cəriməni ödəmədiyi üçün avtomobil üzərində məhdudiyyət tətbiq edilmişdir. Həmin məhdudiyyətin qanunsuz hesab edilməsi və götürülməsi isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Belə olan halda iddiaçı yalnız həmin qərarın icraya yönəldildiyi vaxtdan sonra ona dəymiş ziyanı tələb edə bilər. Çünki nə qədər ki, məhkəmə qərarı qanuni qüvvəyə minib icraya yönəldilməmişdir, cavabdehin hərəkətlərinin qanunsuzluğunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Yəni, iddiaçı yalnız məhkəmə qərarının icra edilməməsinə görə ona dəymiş ziyanı tələb edə bilər. Bundan əvvəlki dövr üzrə əldən çıxmış fayda qismində cavabdehdən maddi ziyanın tutulmasına yol verilə bilməz. Çünki, iddiaçının məntiqi ilə yanaşılarsa, məsələn daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət edərək müvafiq daşınmaz əmlaka olan hüququnu qeydə aldırmaq istəyən və həmin orqandan imtina cavabı alan şəxs məhkəmədə iddiası təmin edilərək, hüququnun qeydə alınması həmin orqana həvalə edildikdə, bundan sonra onun hüququnu vaxtında qeydə almayan orqandan buna görə kompensasiya tələb edə bilər. İşdən göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci ildə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixində məhkəməyə ünvanlanmış məktubunda avtomobil üzərində məhdudiyyət olmadığı qeyd edilmişdir. Eyni zamanda işin məhkəmə araşdırması zamanı verilmiş məhkəmə sorğularına cavab olaraq cavabdeh tərəfindən həmin avtomobil üzərində məhdudiyyətin olmadığı qeyd edilmişdir. Eyni zamanda iddiaçı ona maddi ziyanın dəyməsini, maddi ziyanın məbləğini və əsaslarını müəyyən edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı avtomobili digər şəxslərin istifadəsinə verərək bundan gəlir əldə etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut, həmin şəxslərlə avtomobilin istifadəyə verilməsinə dair müqavilə və bu kimi hər hansı sübutu təqdim edə bilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “dəymiş ziyana görə kompensasiyanın ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1427/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1427/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver