Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14285/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya 65 yaşdan yaşa görə pensiyanın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı bildirir ki, onun ümumi iş stajı 25 ildən çox olmasına baxmayaraq, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina edir. Halbuki, onun işləməsi müvafiq olaraq əmək kitabçasında öz əksini tapır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə əsasən iddiaçının cəmi sığorta stajının yekun olaraq 20 il 20 gün (xx.xx.1978-xx.xx.1980 tarixləri arasındakı hərbi xidmət dövrləri, xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980xx.xx.1982, xx.xx.1982-xx.xx.1992 tarixləri arasındakı əmək fəaliyyəti dövrləri, "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli aktına əsasən sözügedən müəssisəsdə işlədiyi müddətdə 1992ci il üzrə 9 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 10 ay, 1996-cı il üzrə 6 ay əmək haqqı aldığı dövrlər, eyni zamanda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına uyğun 1 il 11 ay sığorta stajı dövrü) təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 1 ay 20 gün sığorta stajına uyğun olaraq 18679,71 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 1 il 11 ay sığorta stajına uyğun olaraq 2079,96 manat olmaqla, ümumilikdə 20759,67 manat təşkil edir ki, bu məbləğ hazırda qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, Mərkəzi Fililalın "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən, xx.xx.1982-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək sözügedən müəssisəsdə İddiaçı adına əməkhaqqı hesablanan aylar (1992-ci il üzrə 9 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 10 ay, 1996-cı il üzrə 6 ay) sığorta stajına daxil edilmiş, qeyd olunan müəssisədə əmək fəaliyyəti dövrləri zamanı 1992-ci ilin X-Xİİ, 1995-ci ilin İV, Vİİİ, 1996-cı ilin l-lll, Vİ, Xİ, Xİİ aylarında və xx.xx.1997-ci il tarixindən xx.xx.2003- cü il tarixinədək ödənişsiz (vətəndaşın öz hesabına) məzuniyyətdə olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Diplomun surətindən görünür ki, iddiaçı 1981-1990-cı illərdə mexanik ixtisası üzrə təhsil almışdır. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə orduda xidmət etmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən müxtəlif vəzifələrdə işləməyə başlamışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 83 nömrəli sərəncamı ilə "Çinar" İstehsalat Birliyinin Bakı soyuducular zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində saxlanılan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdə Bakı Soyuducular zavoduna Qablaşdırma sahəsində (TW) qablaşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə Dəmiryolu sahəsinə qablaşdırıcı işinə keçirilmişdir. xx.xx.1995-ci il tarixdə 1 ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 01.08.95- 31.08.95-ci il tarixdən 1 ay öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır. xx.xx.1995ci il tarixdən müəsisədə istehsalın dayanması ilə əlaqədar kütləvi surətdə ödənişsiz məzuniyətə buraxılan işçilərin siyahisinə daxil edilmişdir. X2 xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi kütləvi surətdə öz hesabına ödənişsiz məzuniyyətə buraxılan işçilərin həmin dövrdə heç birinə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş sorğuya cavab məktubu ilə təqdim olunmuş əmrlərdən görünür ki, iddiaçı 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuş, 1983-cü ildə tələbələr sırasından çıxarılmış, 1984-cü ildə tələbələr sırasına bərpa edilmiş, 1987-ci ildə yenidən xaric olunmuş, 1988-ci ildə yenidən tələbələr sırasına bərpa olunmuş və 1990-cı ildə təhsilini tamamlamışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi izahatdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi bir hala istinad etmişdir: -iddiaçının ümumi iş stajının 25 ildən az olmasıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2024-ci il tarixdən 31 iyun 2025-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, kişilərə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və xx.xx.2024-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Buna baxmayaraq iddiaçının qanunla nəzərdə tutulmuş 25 il ümumi iş stajına və ya fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının mübahisələndirilməyən ümumi iş stajının 20 il 20 gün (xx.xx.1978-xx.xx.1980 tarixləri arasındakı hərbi xidmət dövrləri, xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982xx.xx.1992 tarixləri arasındakı əmək fəaliyyəti dövrləri, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən sözügedən müəssisəsdə işlədiyi müddətdə 1992-ci il üzrə 9 ay, 1993cü il üzrə 12 ay, 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 10 ay, 1996-cı il üzrə 6 ay əmək haqqı aldığı dövrlər, eyni zamanda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək qeydə alınmış pensiya kapitalına uyğun 1 il 11 ay sığorta stajı dövrü) olduğunu qəbul edir. İddiaçının mübahisələndirilən iş dövrü onun ödənişsiz məzuniyyətdə olduğu sonraki illəri əhatə edir ki, cavabdehin qənaətinə görə o, ödənişsiz məzuniyyətdə olduğundan, həmin dövr sığorta stajına daxil edilmir. Məhkəmə cavabdehin mövqeyini əsaslı hesab edir və bunu aşağıdaki qanunvericiliyin müddəaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971) Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6). Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1 sentyabr 2000-ci il) Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; Maddə 54. Əmək şəraitinin təmin edilməsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. [194] [194] 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra "xxxx" sözləri əlavə edilmişdir. Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə tərəfindən müəyyən olunur ki, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamışdır. Bu, hətta işəgötürənin təqsiri üzündən baş verdiyi halda belə, özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Məhkəmə diqqətə çatdırır ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə (cavabdeh tərəfindən bu müddət daxil edilmişdir), yenə 25 il ümumi staj mövcud olmayacaqdır. Bunun qarşılığında iddiaçının ümumi iş stajı cəmi 20 il 20 gün təşkil edir ki, bu isə qanunla tələb olunan stajdan az olduğunu göstərir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki,““Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009- cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir” Göründüyü kimi formalaşmış vahid məhkəmə təcrübəsinə görə də ödənişsiz məzuniyyətdə olma müddəti 6 ay istisna olmaqla, digər dövrlərə münasibətdə sığorta staja daxil edilmir. Məhkəmə iddiaçının uzunmüddətli təhsil müddəti ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, iddiaçının ali təhsil aldığı dövr 1981–1990-cu illəri əhatə etmişdir. Belə ki, iddiaçı 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuş, 1983-cü ildə tələbə sıralarından xaric edilmiş, 1984-cü ildə tələbə statusu bərpa olunmuş, 1987-ci ildə yenidən xaric edilmiş, 1988-ci ildə isə təkrarən tələbələr sırasına bərpa edilərək 1990-cı ildə təhsilini başa çatdırmışdır. Göründüyü kimi, iddiaçının faktiki təhsil müddəti fasilələrlə olmaqla 1981–1983, 1984–1987 və 1988–1990-cu illəri əhatə etmişdir. Qeyd olunan müddətlərin sığorta stajına daxil edilməsi məsələsi araşdırılarkən nəzərə alınmalıdır ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinin tələblərinə əsasən, üst-üstə düşən dövrlərdən yalnız biri sığorta stajına daxil edilə bilər. Mübahisəsizdir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti dövrləri – xx.xx.1980– xx.xx.1982 və xx.xx.1982–xx.xx.1992 tarixləri artıq sığorta stajına daxil edilmişdir. Bu baxımdan, həmin dövrlərlə üst-üstə düşən təhsil müddətinin yenidən sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla mümkün hesab edilmir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox ümumi iş stajı olmadığından, cavabdehin imtinası əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov