Məhkəmə qərarları › İş №2-1(112)-14287/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14287/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14287/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Masih Ashrafin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Masih Ashraf (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İQ-51/1 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi və Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-cı il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhəri yaxınlığında Bhamovali kəndində anadan olmuşdur, milliyətcə pəncablı, dini etiqadına görə xristian (protestant, lakin əvvəllər katolik) olmuş, ümumiyyətlə, heç bir təhsil almamışdır. Əmək fəaliyyəti barədə məlumat verərkən iddiaçı 1988-1993-cü illərdə Qucranvalada rəngsaz, 1993-2004cü və 2016-2023-cü illərdə paltar və kosmetika dükanında satıcı, 2005-2015-ci illərdə Küveytin Samiya şəhərində “EDMA” adlı şirkətdə elektrik işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, valideyinlərinin, 1 bacısının vəfat etdiyini, 1 qardaş və 5 bacısının, arvadının, 1 qızının və 4 oğlunun Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın status əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildimişdir ki, o, hələ Küveytdə işlədiyi dövrdə, 2012-ci ildə dostu Shahad Rasula xeyli miqdarda pul vermiş, lakin sonradan dostu ona pulu tam qaytarmamış, pulu qaytarmamaq üçün isə dostunun ona pul və qızıl verməsi ittihamı ilə ona şər atıb polisə şikayət etmiş, onu xristian olduğu üçün islam dinini təhqir etməkdə günahlandırmaqla hədələmişdir. Bu təqiblərdən qaçmaq üçün əvvəlcə ailəsini Qucranvaladan Svabi şəhərinə aparmış, özü isə böyük oğlu Cornoliusun yanına İslamabada getmiş, oradan ilk dəfə 4 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişlər. İş üzrə mühüm fakt iddiaçının dini etiqadına görə xristian (protestant, lakin əvvəllər katolik) dininə mənsub olduğundan, təzyiqlərə məruz qaldığını bildirməsidir. Bu səbəbdən özünün xx.xx.2023-cü il tarixdə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Bu ehtimal ağlabatandır ki, Pakistana qayıdacağı təqdirdə iddiaçının həyat və sağlamlığından məhrum olma riski altındadır. İnsan Hüquqlarının Ümumi Bəyənnamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. İddiaçıya qarşı təqibi həyata keçirənlər digər dinə mənsub olan radikal şəxslərdir. Pakistana dair Mənşə Ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK, 2018): ‘’Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Pakistanda milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iş materialları ilə müəyyən olunur ki: 1. hadisələr 2015-ci ildə cərəyan etməsinə baxmayaraq, məsələnin 8 ildən sonra yenidən aktuallığını tapması inandırıcı deyil; 2. Azərbaycan Respublikasına gələndən 10 gün sonra yenidən ölkəsinə qayıtmışdır; 3. Ailəsi və özü faktiki olaraq təhdidə məruz qalmayıb və ya bununla bağlı hər hansı sübut təqdim olunmamışdır; 4. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra, həmin qərarı aldığı tarixdən (cavabdeh daha tez almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir) qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş DD0840423 nömrəli X1 pasport məlumatlarından görünür ki, iddiaçı Masih Ashraf xx.xx.1970-ci il tarixdə Pakistan, Gujranvalada anadan olmuşdur, milliyyəti pakistanidir. Pasport xx.xx.2028-ci il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti pəncabi, dini etiqadı xristiandır (protestant), lakin əvvəlcə katolik olmuş, təqribən 20 il əvvəl protestant olmuşdur. Ümumiyyətlə, heç bir təhsil almamış, müxtəlif işlərdə işləmişdir (satış, aşbazlıq, elektrik, rəngsaz və s.). Evlidir, 5 uşağı var. Kilsədə pastora yaxından köməklik etmiş, Svabi şəhərində kilsə olmadığından orada yaşayan 200 xristian ailəsinə dini bayramları qeyd etmək üçün köməklik etmişdir. 2015-ci ildə polis yalan iftira səbəbindən onu 2 günlük zindana salmışdır. Vətəndaşı olduğu ölkədən çıxış tarixi xx.xx.2023-cü il olmuş, lakin bundan əvvəl xx.xx.2023-cü ildə ilk dəfə Pakistandan Bakıya gəlmişdir. İddiaçı 2012-ci ildə Küveytdə olarkən Shahad Rasul adlı dostu onunla telefon danışığında oğlu xəstə olduğundan əməliyyat üçün pul lazım olduğunu bildirərək ondan borc pul istəmiş, iddiaçı ona bank vasitəsilə pul göndərmişdir. Küveytdən Pakistana qayıtdıqdan sonra pul özünə lazım olmuş, lakin dostu pulu verməmiş və yalandan polisə şikayət etmişdir ki, ona 2008-ci ildə pul və qızıl vermişdir. İddiaçı həmin vaxt Küveytdə olmuş və polisə sübut edə bilmişdir ki, bu yalandır. Bundan sonra Shahad Rasul və onun əmisi Muhammad Mança və dostları Nisar Cheema birləşib birlikdə onu islamı təhqir etmək kimi yalandan ittiham etmiş, 2015-ci ildə də ona yalandan iftira atdırıb 2 günlük zindana saldırmış və demişlər ki, guya iddiaçı onlardan pul və qızıl almışdır. Qucranvalada 3 mart 2023-cü ildə Muhammad Mança iddiaçını evinə çay içməyə çağırmış, həmin vaxt dostu Muhammad Sarvar ona zəng etmişdir ki, həmin şəxslər onu öldürmək istəyirlər, necə ki, bir Şrialanlakını yandırmışlar, onu da elə yandırmaq istəyirlər. İddiaçı oradan qaçmış, bundan sonra arvadını və uşaqlarını götürüb Svabi şəhərinə getmiş, orada bir ay qalıb Azərbaycana bilet və viza alıb 4 apreldə Bakıya gəlmişdir. Amma burada ailəsindən uzaqda çox qala bilməmiş, ona görə də 10 gündən sonra Pakistana qayıtmışdır. Azərbaycana gəlmə səbəbi Küveytə və Dubaya viza səbəbindən gedə bilməməsi, Azərbaycana getməyin daha asan olması olmuşdur. Svabi şəhərində təhdid olunmamış, lakin Muxtar Masih adlı bir xristian dostundan onu satacağından ehtiyat etmiş, onun qorxusundan orada çox qala bilməmişdir. Çünki onun Svabidə qohumları olmuşdur. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-51/1 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Pakistan islam Respublikasının vətəndaşı Ashraf Masihə qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, ərizəçi islamı təhqir etməklə bağlı günahlandırılmasına dair heç bir yazılı sənəd təqdim etməmişdir. Bundan əlavə ərizəçinin 1-ci dəfə Azərbaycana gəlib 10 gündən sonra geriyə öz ölkəsinə qayıtması, bundan əvvəl İslamabadda 1 ilə yaxın heç bir təhdid olmadan yaşaması faktları ərizəçinin Pakistanda ciddi təhdidlə üzləşməməsini təsdiqləyir. Ashraf Masihin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, dininə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Ashraf Masihin şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaç- qın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 28 iyul 2023-cü il tarixli, 15 saylı protokolu). İddiaçı hazırda bu imtinanı mübahisələndirərək ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatından aydın olur ki, onun ölkəsinə dönmək istəməməsinin səbəbi orada onunla digər şəxs arasında məişət zəmnində baş vermiş hadisələr olmuş, həmin hadisələr 2015-ci ildə baş vermiş, iddiaçı və onun ailəsi həmin tarixdən sonra hər hansı bir təhdidlə üzləşməmiş, iddiaçı barəsində polis orqanlarına müraciət edilsə də, o, məlumatların yalan olduğunu sübuta yetirməklə azadlığa buraxılmışdır. Bununla da iddiaçı hər hansı bir təhdid və ya təqibə məruz qalmadığını etiraf etmiş, müsahibə zamanı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığını bildirmişdir. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar