Məhkəmə qərarları › İş №2-1(112)-1429/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1429/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1429/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona yeni nəsil şəxsiyyət vəsiqəsinin verməməsinin qanunsuz hesab edilməsi, ona yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinin cavabdehə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cari ilin iyun ayında yeni nəsil şəxsiyyət vəsiqəsinin alınması üçün cavabdehə müraciət etmişdir. Lazım sənədləri təqdim etmiş və rüsumu ödəmişdir. Bir müddət keçdikdən sonra hazır olan şəxsiyyət vəsiqəsini almaq məqsədi ilə müraciət etmişdir. Cavabdeh ona şəxsiyyət vəsiqəsinin verilməsi üçün imtina edərək bildirmişdir ki, Sabunçu rayon İcra Şöbəsi tərəfindən onun barəsində axtarış elan edilmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur, cavabdehin ona yeni nəsil şəxsiyyət vəsiqəsini verməməsi qanunvericiliyə ziddir və Azərbaycan Respublikası Qanunlarına etinasız yanaşmasından ibarətdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tələbi ona yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlıdır və bu tələb 5 saylı Bakı Cavabdehnə qarşı yönəlmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənədləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 5 saylı Cavabdeh üzrə regional qrupu tərəfindən qəbul edilmişdir. Belə olan halda iddiaçının tələbi üzrə cavabdehliyi 5 saylı Cavabdeh deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi daşıyır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələblərinə uyğun iddiaçıya hüquqi yardım edilərək əsl olmayan cavabdeh 5 saylı Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsinə dair münasibətinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı bununla bağlı münasibətini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.08.2021-ci il tarixli, 018- 11955-1221 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsini tənzimləyən aidiyyəti normativ hüquqi aktın tələbinə əsasən şəxsin axtarışa verilməsi, ölkənin hüquq mühafizə orqanları tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, bütün bunlarla əlaqədar “məhdudiyyət siyahısında” olması ona şəxsiyyət vəsiqəsinin verilməsini istisna etmir, “məhdudiyyət siyahısında” olan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsi üçün onun müraciətinin qəbul edilməsi və şəxsiyyət vəsiqəsi ilə təmin olunacağı vaxt barədə təşəbbüskar orqana rəsmi məlumat verilir. əlavə olaraq bildirilir ki, İddiaçı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənədləri 08.06.2021-ci il tarixdə BPQMİ-ə bilavasitə tabe olan 5 saylı Cavabdeh üzrə regional qrup tərəfindən qəbul edilmiş, ödənilmiş dövlət rüsumuna uyğun olaraq 10 gün müddətində çap edilmişdir. İddiaçı 5 saylı Cavabdehnə hazır sənədinin götürülməsi ilə bağlı müraciət etdiyi təqdirdə ona şəxsiyyət vəsiqəsi təqdim ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh qismində qeyd edilmiş orqan cavabdehlik daşımadığından, həmçinin iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən, iddiaçının özü də konkret hüquqlarının pozulmasını əsaslandırmadığından, bununla da mümkünlük şərti hazırki iş üzrə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar