Məhkəmə qərarları › İş №2-1(112)-1429/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1429/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1429/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı X6 Cavabdeh ASC-yə qarşı ona məxsus Biləcəri Bələdiyyəsi hüdudları dxilində 8000.0 kv.m əlavə olunmuş cizgi əsasında tikinti altına düşmüş 0.7 ha torpaq sahəsinə görə 70000 manat və uçurulmuş hasara görə 50.000 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyatda olmaqla, həmin ünvanda yaşayır. Sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılması üçün Bakı şəhəri Biləcəri Bələdiyyəsinə müraciət etmişdir. Bakı şəhəri, Biləcəri Bələdiyyəsi müraciətini nəzərə alaraq, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Bakı şəhəri Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 05 saylı, 04 may 2007-ci il tarixli protokoluna əsaslanaraq, ona Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.metr əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 2 metr hündürlüyündə həmin ərazini tam əhatə etməklə cüt daşla hasarlanmış, tərəfindən abadlıq işləri görülmüş, kənar şəxslər tərəfindən müdaxilənin qarşısını almaq üçün dəmir darvaza da.ş qoyulmuşdur. Bir sözlə tərəfindən torpağın hasarlanması, çəkilməsi üçün xeyli vəsait xərcləmişdir. Qeyd edirlər ki, həmin torpaq sahənin 0,4 ha sahəsi cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan, kompensasiya verilmədən, özbaşınalıq edərək, iradəsinə zidd olaraq zəbt edilmiş və dövlət əhəmiyyətli layihə üçün istifadə olunmuşdur. Yəni cavabdeh mülkiyyətinə qəsd edərək, torpaq sahəsində kanalizasiya xətti çəkmişdir. Göstərilən layihə üçün istifadə olunan torpaq sahəsinə görə aralarında olan razılaşmaya görə danışıqlar aparılmış və cavabdehin vədinə inanaraq qısa müddətdə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh verilən vədi yerinə yetirməmişdir. Bu azmış kimi, cavabdeh yenidən istifadələrində olan 0.3 ha torpaq sahəsinə də, müdaxilə etmiş və yenidən həmin ərazidə isə su kanalizasiya xətlərinin çəkilməsi üçün nasosxana inşa etmişdir. Eyni zamanda, həmin nasosxananın inşasında, kanalizasiya xətlərinin çəkilməsində ərazidə iri nəqliyyat vasitələrinin gediş- gəlişi nəticəsində ona məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000,0 kv.metr ərazidə bütünlüklə hasar sökülmüş, dağılmış və ona maddi ziyan dəymişdir. 5 ildən artıqdır ki, dəfələrlə aidiyyəti orqanlara şifahi və yazılı müraciətlərinə baxmayaraq cavabdeh tərəfindən tədbir görülməmiş və ona kompensasiya ödənilməmişdir. Nəhayət 22 aprel 2022-ci il tarixində cavabdeh orqana rəsmi qaydada ərizə ilə müraciət etsə də, ərizəsinə bu günədək cavabdeh orqan cavab verməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. Hesab edirlər ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz hərkətləri nəticəsində yəni onun tərəfindən 0.7 ha torpaq sahəsindən qeyd-şərtsiz, maneəsiz istifadə edərək onların mülkiyyət hüquqları kobudcasına pozulmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək iddiaçı X3 məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş hündüyürlüyü 1.6 m olmuş (yer səviyyəsindən 0.6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırki bazar qiymətlərinə uyğun olaraq 14430,0 (on dörd min dörd yüz otuz) manat və 8000.0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 120000.0 (bir yüz iyirmi min) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 10 fevral 2022-ci il tarixli BA-00673-2022 nömrəli məktubla təqdim edilmiş X6 barəsində Binəqədi rayon Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 614 saylı qərarı və ona əlavə edilmiş digər sənədlərə əsasən müəyyən edilmişdir ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alğı-satqı yolu ilə ünvan 2 ünvanında yaşayan vətəndaş X3 ayrılmışdır. Qərara torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən onun müraciətinə xx.xx.2022-ci il tarixli 07/07-1/4/7168 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi təqdim etdiyi torpaq sahəsinin ayrılması ilə bağlı Biləcəri Bələdiyyəsinin 04 may 2007-ci il tarixli 614 nömrəli qərarı ilkin torpaqayırma sənədi hesab olunur. Həmin sənəd əsasında isə qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh ASC ilə onun arasında alğı-satqı əməliyyatları ilə kompensasiya ödənişlərinin həyata keçirilməsi mümkün deyil. Nəzərə çatdırılmışdır ki, Cavabdeh ASC-yə təqdim etdiyi sənədlərin birində, Biləcəri Bələdiyyəsi tərəfindən A-108 nömrəli, 04 fevral 2022-ci il tarixli arayışda, ilkin torpaqayırma sənədlərinin qyediyyata alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq İdarəsinə müraciət etməsi ilə bağlı məsələ öz əksini tapmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlər (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) Cavabdeh ASC-yə təqdim olunduqdan sonra, prosedur qayalarına uyğun olaraq, qanunvericiliyin tələbləri ilə kompensasiya ödənişlərinin həyata keçirilməsi məsələsinə baxıla bilər.

9. İddiaçının müraciəti əsasında X12 və X9 Məsuliyyətli Cəmiyyəti tərəfindən 275 nömrəli 28 dekabr 2022-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə iddiaçıya ayrılmış torpaq sahəsinin 500.0 kv.m hissəsi Cavabdeh ASC tərəfindən çəkilmiş 300 mm ölçüdə olan kanalizasiya xəttinin mühafizə zolağında düşüyü, 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş hündürlüyü 1.6 m olmuş (yer səviyyəsindən 0.6 m hündürlüyündə iki qat, 1.0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırki bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 14430.0 (on dörd min dörd yüz otuz) manat dəyərində olması, 8000.0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1.0 metr təşkil edən torpaq və inşaat tullantalarının daşınması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 120000 (yüz iyirmi min) manat dəyərində müəyyən edilmişdir.

10. Məhkəmənin 2-1(112)-9716/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsinə baxmayaraq tədqiqat obyektinə baxış keçirilməsi üçün tərəflər məhkəmə binasına gəlmədiyindən tədiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu səbəbdən də, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

11. Məhkəmənin 2-1(112)-1429/2023 saylı xx.xx.2023-cü il tarixli sorğusunun icrası ilə əlaqədar olaraq Hüquq Əmlak Məsələləri X1 Cəmiyyəti tərəfindən 07 nömrəli xx.xx.2023-cü il tarixli mkətubla mütəxəssis rəyi təqdim edilmişdir. təqdim edilmiş rəyə əsasən müəyyən edilmişdir ki, X3 məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş daş hasarın bərpasının hazırki bazar qiymətinin təqribən 16733,0 (on altı min yeddi yüz otuz üç) manat, eləcə də, həmin torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərc məbləğinin hazırki bazar qiymətinin təqribən 120000,0 (yüz iyirmi min) manat təşkil etdiyi müəyyən edilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Hüquq Əmlak Məsələləri X1 Cəmiyyəti tərəfindən təqdim edilmiş 11 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən məhkəməyə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1429/2023, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.metr torpaq sahəsinə çəkilmiş daş hasarın bərpasının hazırki bazar qiymətinin, eləcə də həmin torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərc məbləğinin hazırki bazar qiymətinin hesablanması üçün mütəxəssis tərəfindən əraziyə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhəd hasarlarının bünövrəsinin izləri, hasarda istifadə olunan mişar daşlarının qalıqları, əraziyə inşaat materialları tullantılarının daşındığı müəyyən edilmiş, təqdim olunmuş fotoşəkillər təhlil edilmiş, müvafiq ölçmə işləri aparılmaqla görüləcək işlərin həcmini müəyyənləşdirmişdir. Həmçinin https://tikinit.az, https://UcuzTap.az, https.V/Lalafo, https://xidmetler.az və s. müxtəlif internet saytlarında yerlşədirilən məlumatlarla, müvafiq malların satışını və xüsusi texniki vasitələrin icarəsini həyata keçirən digər ticarət mərkəzlərindəki qiymətlərlə tanış olmuş və Azərbaycan Respublikası Prezidentinin 29.09. 1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə Fəaliyyəti haqqına Qanun”un qüvvəyə minməsi haqqında 774 saylı Sərəncama əsasən qiymətləndirmənin forma və metodlarını müstəqil seçmə yolu ilə dövlət və kommersiya sirlərini saxlamaqla 3-cü şəxsdən şifafi məlumatlar almaqla rəydə qeyd olunan Smetada adları göstərilən malların, işlərin satış qiymətlərini müəyyənləşdirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

21. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə qeyd edir ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8000.0 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq X3 ayrılması barədə Biləcəri Bələdiyyəsinin 614 nömrəli, 04 may 2007-ci il tarixli qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən qüvvədədir.

22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1.xüsusi mülkiyyətdə olan torpaqlar; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 23.1-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1.alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

25. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. AİHM qərarlarında qeyd edir ki, Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X4rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166).

27. Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X8rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).

28. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin bununla belə, iddiaçıya aid olan həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin 614 nömrəli, 04 may 2007-ci il tarixli “ünvan 2 ünvanda yaşayan vətəndaş X5 Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəlaiyyəti ilə məşğul olmaq üçün alğı-satqı yolu ilə ayrılması haqqında” qərarı əsasında ayrılmışdır, odur ki, iddiaçının maddi marağı onun mülkiyyəti kimi qiymətləndirilməlidir.

29. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinin alınmanın təsirinə məruz qalıb-qalmaması hazırki mübahisənin predmeti olmayıb, hazırda iddiaçının tək hüquqi marağı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsindən kanalizasiya xəttinin keçirilməsi zamanı torpaq sahəsinə çəkilmiş daş hasarın sökülməsi nəticəsində dəymiş zərərin və torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan olan xərclərin ona ödənilməsinə nail olmaqdan ibarətdir.

30. Məhkəmə tərəfindən iddiaçının həmin tələblərinin əsaslarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin ərazidə su kanalizasiya xətlərinin çəkilməsi üçün nasosxana inşa edilməsi zamanı iddiaçıya məxsus torpaq sahəsində olan daş hasar sökülmüş və torpaq sahəsinə torpaq və inşaat materialları tullantıları tökülmüşdür. Həmin hasarın sökülməsi nəticəsində və torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün iddiaçıya dəymiş zərərin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Hüquq Əmlak Məsələləri X1 Cəmiyyətindən rəy və həmin rəyin əsaslandırılması olaraq müvafiq arayış əldə edilmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş daş hasarın bərpasının hazırki bazar qiymətinin təqribən 16733,0 (on altı min yeddi yüz otuz üç) manat, eləcə də, həmin torpaq sahəsinə tökülmüş torpaq və inşaat materialları tullantılarının daşınması üçün zəruri olan xərc məbləğinin hazırki bazar qiymətinin təqribən 120000,0 (yüz iyirmi min) manat təşkil edir.

31. Məhkəmə sözügedən rəyi məhkəmənin qoyduğu suala əsaslandırılmış cavablar verilməklə tərtib edilməsi və işdəki sənədlərlə öz təsdiqini tapması əsası ilə mötəbər sübut kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan iddaçının özünün müraciəti əsasında digər qiymətləndirmə şirkətindən əldə edilmiş rəydə də, torpaq və inşaat tullantılarının daşınması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq iddiaçıya təqribən 120000 (yüz iyirmi min) manat dəyərində ziyan dəyməsi, eləcə də, sökülmüş hasarın bərpasının dəyərinin 14430.0 manat (on dörd min dörd yüz otuz) təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının özünün müstəqil surətdə əldə etdiyi rəydə göstərilən rəqəmlər məhkəməyə təqdim edilmiş rəydəki məbləğlərlə eyni və yaxın məbləğləri təşkil edir.

32. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki işin məhkəmə araşdırması zamanı, həmçinin iddiaçının müraciəti əsasında cavabdeh orqanın özündə aparılmış inzibati icraat zamanı cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halı təkzib edilməmiş, iddiaçıya yalnız torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri sənədləri təqdim etdikdən sonra müraciətinə baxılacağı bildirilmişdir.

33. Göründüyü kimi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi işdəki kifayət qədər mötəbər sübutlarla təsdiq olunmuşdur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. X3 məxsus Biləcəri Bələdiyyəsi hüdudları daxilində 8000.0 kv.m torpaq sahəsinə çəkilmiş hündüyürlüyü 1.6 m olmuş (yer səviyyəsindən 0.6 m hündürlüyündə iki qat, 1,0 m hissəsi tək qat olan) daş hasarın bərpasına hazırki bazar qiymətlərinə uyğun olaraq 14430,0 (on dörd min dörd yüz otuz) manat və 8000.0 kv.m torpaq sahəsinə tökülmüş hündürlüyü təxminən 1,0 metr təşkil edən torpaq və inşaat tullantılarının daşınması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 120000.0 (bir yüz iyirmi min) manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar