Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14293/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı Əli-zadə Oktay Əli oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının aylıq məbləğinin xx.xx.2025-ci il tarixə olan məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş pul vəsaitinin geriyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11742/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona “Əmək pensiyaları haqqında"’ Qanunun tələblərinə əsasən, 25 iyun 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cari ilin iyun ayınadək aylıq pensiya haqqının məbləği sonrakı artımlar da nəzərə alınmaqla təxminən 1580 manat təşkil etmişdir. 18 iyun 2025-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2- Ə-l 34941/2025 saylı 11 iyun 2025-ci il tarixli məktubda göstərilmişdir ki, 07 may 2025-ci il tarixindən həyata keçirilən invertarlaşdırma nəticəsində iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1476,92 manat məbləğində müəyyən olunması barədə qərar qəbul edilmişdir. Buna əsas kimi isə vaxtilə ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanmadığı göstərilmişdir. Göründüyü kimi, həmin qərarla pensiyanın aylıq məbləği 100 manatdan çox azaldılmışdır. Lakin, sözügedən qərarın surəti iddiaçıya təqdim edilmədiyindən azaldılmanın səbəbləri və məzmunu barədə ətraflı məlumata malik olmamışdır. Ona ünvanlanmış məktubdan görünür ki, pensiyanın aylıq məbləği cavabdeh inzibati orqanın təşəbbüsü ilə yenidən hesablanarkən 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş və 01 iyul 2023-cü il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edilmiş, bununla da Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinin tələbləri pozulmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 99/1801 nömrəli qərarından görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq iddiaçıya dövlət qulluqçusu kimi xx.xx.2009-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11742/2025 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyası inventarizasiya nəticəsində yenidən hesablanmış və pensiyanın məbləği 1579.38 manatdan 1476.92 manata azaldılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, pensiya işinə aid sənədlərdə İddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən 25 iyun 2009-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləğiniz yalnız son üç il üçün müəyyən edilib. Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 89,50 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 335,63 manat və digər növ əlavələri 40,22 manat olmaqla orta aylıq əmək haqqı 1425,35 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 8 il 7 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1425,35 manat) 51 faizi-726,93 manat məbləğində hesablanıb. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 8 il 7 ay 3 gün qulluq stajıa görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 28,61 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 985,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faiz miqdarında əlavə 98,50 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 369,38 manat və digər növ əlavələr 40,22 manat olmaqla orta aylıq əmək haqqı 1558,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (1425,35 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1558,10 manat) arasındakı fərq məbləğinin (132,75 manat) 28,61 faizi-37,98 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (726,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 764,91 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1480,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəniz 148,00 manat, ixtisas dərəcəsinə görə əlavə 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 555,00 manat və digər növ əlavələr 40,22 manat olmaqla orta aylıq əmək haqqı 2288,22 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1558,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (2288,22 manat) arasındakı fərq məbləğinin (730,12 manat) 28,61 faizi-208,89 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiya (764,91 manat) üzərinə əlavə olunmaqla pensiya 973,80 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1041,35 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 527,32 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən əmək pensiyası 1228,64 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1313,87 manat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 1022,76 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiya həmin tarixdən 1366,25 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1461,03 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 1137,36 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiya həmin tarixdən 1476,92 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1579,38 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin aylar üzrə iddiaçıya ümumilikdə 512,30 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 3199,74 (527,32+1022,76+1137,36+512,30) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim eedilməsi xahiş olunur. Bundan başqa, maddi yardım üzrə xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasındakı dövr üçün iddiaçıya 52,77 manat artıq pul vəsaiti ödənilib. Həmin vəsait cari ilin iyun ayında əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilib. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və pensiyasının əvvəlki qaydada hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 20.11-ci maddəsinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; İşdən görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası da bu maddəyə uyğun hesablanaraq, 8 il 7 ay 3 gün qulluq stajına uyğun olaraq 51 faiz hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə ƏPQ-nin 20.11-ci maddəsinə dəyişiklik edilmiş və 20.11.1-ci və 20.11.2-ci maddələr aşağıdakı redaksiyada verilmişdir: “20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.” Həmin Qanunun tətbiqi haqqında haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür. Qaydanın 3-cü bəndinə görə Bu Qaydaya uyğun olaraq qulluq stajına görə əlavə alan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən hesablanması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. İşdən görünür ki, cavabdeh həmin Qayda qüvvəyə mindikdən sonra iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamamış, yalnız xx.xx.2025-ci ildə həmin Qaydanı iddiaçıya tətbiq etmişdir. Halbuki Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 1903 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1232) ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh 142 nömrəli fərman qüvvədə olduğu dövrdə onun tələblərini iddiaçıya tətbiq etməmiş, Fərman ləğv edildikdən 3 il sonra iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən qüvvədə olmayan normaları ona tətbiq etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İşdən görünür ki, iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması inventarizasiya nəticəsində olmuşdur. Lakin həmin vaxt pensiyanın hesablanma formasının hazırkı qaydada dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxt kimi qiymətləndirilə bilməz, çünki bu araşdırma ilə yeni sübut əldə edilməmiş, əvvəllər də mövcud olmuş sənədlər yenidən qiymətləndirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh mübahisəli qərarı Qanunun 67.12ci maddəsində nəzərdə tutulan müddəti ötürməklə qəbul etmişdir. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, İİQ-nin 67.3-cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2025-ci il tarixli qanunsuz əlverişsiz inzibati aktı ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni pensiyanın əvvəlki məbləğdə ödənilməsi cavabdeh tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11742/2025 nömrəli qərarı ləğv edilsin və İddiaçı əvvəlki pensiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-14293/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14293/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver