Məhkəmə qərarları › İş №2-1(112)-14295/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14295/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14295/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Babaşova Rəna Rəsul qızı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Babaşova Rəna Rəsul qızı göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1996-cı il tarixdə X9 iddiaçının mərhum həyat yoldaşı X10 tərəfindən alınmışdır. Mərhum həyat yoldaşı Kamil Quliyev Bakı qeydiyyatı olmadığı üçün mənzili özünə rəsmiləşdirə bilməmişdir. Buna görə də ünvan 1 ünvanında yerləşən mənzili ailəyə yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun qohumu Babaşova Rəna Rəsul qızının adına rəsmiləşdirmişdir. Çünki həmin vaxt Babaşova Rəna Rəsul qızı Bakı qeydiyyatı idi. Həmin mənzil 1996-cı ildən bugünə kimi istifadələrində olmuş, Rəna Babaşova heç vaxt həmin mənzildə yaşamamış və təsərrüfat fəaliyyəti ilə məşğul olmamışdır. Lakin mərhum həyat yoldaşı Kamil Quliyev xx.xx.2016-cı ildə vəfat etdikdən sonra onun vərəsəsi olaraq İddiaçı həmin evə sahiblik və istifadə edərək mülkiyyət hüquqlarını reallaşdırmış və mərhum həyat yoldaşı Kamil Quliyevin vərəsəsi olduğunu təsdiq edən “Qanun üzrə Vərəsəlik Hüququ haqqında” Şəhadətnamənin surətini də hazırki ərizəyə əlavə edir. Həmçinin bütün qonşular tərəfindən də sözügedən mənzilin mülkiyyətçisi kimi o və mərhum həyat yoldaşı Kamil Quliyev tanınmış, hətta bu barədə qonşular tərəfindən AKT da tərtib edilmişdir və həmin aktın surətini də hazırki iddia ərizəsinə əlavə edir. Bugünə kimi bütün kommunal ödənişlər mərhum həyat yoldaşı və onun tərəfindən ödənilmişdir. Son zamanlar Babaşova Rəna Rəsul qızı iddiaçının ailəsi tərəfindən ona göstərilmiş etibar və etimaddan, həmçinin ünvan 1 ünvanında yerləşən mənzili üzərindəki formal mülkiyyət hüququndan istifadə edərək əsassız idddialar irəli sürmüşdür. Lakin həmin mənzilin qanunu sahibi iddiaçıdır, Rəna Babaşova heç vaxt həmin mənzildə yaşamamış, mənzilili aldıqları ildən, yəni 1996cı ildən bugünə kimi həmin mənzildə iddiaçının ailəsi yaşamışdır və ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri olan 15000000 (on beş milyon) manat məbləğində pul vəsaiti də mərhum həyat yoldaşı Kamil Quliyev tərəfindən xx.xx.1996-cı ildə həmin mənzilin satıcısı və keçmiş mülkiyyətçisi olmuş Vidadi Əhmədova tam şəkildə ödənilmişdir. Bu da Rəna Babaşovanın iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə qarşı qanunsuz və əsassız tələb irəli sürdüyünün və həmin mənzil üzərindəki formal mülkiyyət hüququndan istifadə etməklə əsassız varlanmaq istədiyinin açıq-aşkar göstəricisidir. Rəna Babşova tərəfindən yol verilən qanunsuz və hüquqazidd əməllərin qarşısının alınması üçün ünvan 1 ünvanında yerləşən mənzil barəsində Babaşova Rəna Rəsul qızı adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsi ləğv edilməli və İddiaçı adına yeni Qeydiyyat Vəsiqəsi verilməlidir. Həmçinin bunun üçün tərəfindən Əmlak Xidmətləri Məkanına müraciət edilmiş, lakin tərəfindən edilmiş müraciət cavabsız qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü ildə ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil 004777 saylı, xx.xx.1996-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X17 tərəfindən Babaşova Rəna Rəsul qızına özgəninkiləşdirilmiş və hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə sonuncuya məxsusdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin Babaşova Rəna Rəsul qızının adına olan 04390 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi hissəsində mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsini xahiş etmişdir.

4. Üçüncü şəxs iddiaya etirazında bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia həm əsassızdır və həm də ki, aidiyyət qaydası pozulmaqla məhkəməyə müraciət edilmişdir, belə ki, iddianın mahiyyətindən də göründüyü kimi iddiaçı əmlakın alqı-satqı müqaviləsi əsasında alındığını qeyd etsə də və alqı satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi üzrə səlahiyyətli məhkəmənin ümumi məhkəmlər olduğu halda məqsədli şəkildə vaxt uzatmaq, üçüncü şəxsin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi xanım Mehriban Əfəndizadənin icraatındakı e2(005)-2513/2023 saylı işi süründürməçiliyə salmaq üçün bu cür iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət edir. Üçüncü şəxs cavabdeh qismində X3 və X7 qeyd edərək onların üçüncü şəxsə məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Nərimanov Rayon Məhkəməsinə müraciət etdi və iddiası xx.xx.2023-cü il tarixində e-2(005)-2513/2023 iş nömrəsi ilə qeyd alındı. İddia üzrə cavabdehlər heç bir etiraz, qarşılıqlı iddia vermədiyi halda hazırki iş üzə İddiaçı sözügedən mənzilə “mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşulma barədə ərizə verdi. Nərimanov Rayon Məhkəməsinin hakimi də iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul etdi. Həmin məhkəməyə verilmiş iddia ərizəsində də guya qonşular tərəfindən yazılmış aktı və MKİS arayışını sübut qismində əlavə edərək bildirmişdir ki, guya qonşular və MKİS onu mülkiyyətçi kimi tanımışdır. Üçüncü şəxs də sözügedən əsassız iddia ərizəsinə əsaslı etiraz mülahizəsini verdi. O, ilkin iddia verən zaman onda olan sənədləri tam şəkildə yükləmədiyi üçün İddiaçı tərəfindən verilmiş ərizədə ümumi sözlər yazılmış, yəni hazırki iddia ərizəsində yazılmış əmlakın ilkin sahibin adı, əmlakın dəyəri qeyd edilməmişdir. Çünki, onlar bunu bilmirdilər. Üçüncü şəxs etiraz yazdıqdan və məhkəmə də aidiyyəti qaydada DƏDKR publik hüquqi şəxsinə verdiyi sorğuya aldığı cavabdan sonra İddiaçı və onun qızı Nərmin Məhərrəmovanın maraqlarına xidmət edəcək formada məhkəməyə vəkil qismində yeni qoşulmuş şəxs guya bildirdi ki, əvvəlki vəkil Elvin Məhərrəmov guya sənədləri, sübutları məhkəməyə təqdim etməyib. Bunun üçün məhkəmədən prosesin təxirə salınmasını istədilər. Lakin proses təxirə salınsa da heç bir sənəd təqdim etmədilər, prosesdə də iştirak etmədilər, məhkəmə baxış iclasına təyin edildikdə isə baxışda vəkil çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi üçün inzibati məhkəməyə müraciət edildiyini və hazırda icraatda olduğunu vurğuladı və İddiaçı adından icraatın dayandırılması barədə ərizə verildi, çox təəssüflər olsun ki, Nərimanov Rayon Məhkəməsinin hakimi əsl həqiqətdə İddiaçı tərəfindən mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsinin ilkin olaraq həmin məhkəməyə daxil olmasını, çıxarışın ləğv edilməsinin elə eyni mahiyyət kəsb etdiyini, ümumiyyətlə isə çıxarışın ləğv edilməsinin inzibati məhkəməsinin icraatına aid olmadığını özü də bildirsə də, inzibati məhkəmənin icraatında çıxarış mübahisələndirildiyi səbəbindən xx.xx.2023-cü il tarixində iş üzrə icraat dayadırıldı. İddiaçının idda ərizəsinə münasibətdə bildirir ki, İddiaçı əsassız iddia tələbi təmin edilməməli, ən əsası da aidiyyət qaydası pozulduğun mümkün hesab edilməməlidir. İddiaçı özünə sərf edən şəkildə qeydlər edərək, mötəbər sənəd kimi qəbul edilməyəcək akt və arayışı işə əlavə edərək onun mülkiyyət hüququnu pozmaq, Nərimanov Rayon Məhkəməsində qanuni tələbini qanunsuz və məqsədli şəkildə süründürməçiliyə salmaq niyyətindədir. Belə ki, İddiaçı iddiasında qeyd edilir ki, “mənzil İddiaçı vəfat etmiş yoldaşı X10 tərəfindən alınmışdır. Həmin vaxt X10 Bakı qeydiyyatında olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun yaxın qohumu cavabdeh Babaşova Rəna Rəsul qızının adına almışdır. Həmin vaxtdan mənzil faktiki olaraq iddiaçı və rəhmətə getmiş yoldaşının sahiblik və istifadəsində olmuşdur. Bugünə kimi həmin mənzilin mülkiyyətçisi həm qonşular tərəfindən, həmdə MKİB tərəfindən X10 və onun yoldaşı kimi iddiaçı tanınmışdır”. İddiaçı tərəfindən qeyd edilmişlərə münasibət olaraq bildirir ki, İddiaçı dediyinin tam əksinə olaraq o, mənzili məhz 07 noyabr 1996-cı ildə müqavilə əsasında X9 almış (şəxsi mülkiyyətdə olan mənzilə dair X13 21 iyun 1996-cı il tarixli texniki pasport verilmişdir) və 02 yanvar 1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. O cümlədən, əmlaka dair quraşdırılmış kommunalların müqavilələri onun adına rəsmiləşdirilib. Hətta nəzərə alınmalıdır ki, kommunal müqavilələr hər dəfə dəyişəndə onun adına rəsmiləşdirilib. Həmçinin, sığortalanmaya və digər ödənişlərə dair ona məxsus kifayət qədər qəbzlər mövcuddur. Kommunalların İddiaçı tərəfindən ödənilməsi ilə bağlı məsələyə münasibət olaraq bildirir ki, ona məxsus əmlakı İddiaçı qızı olan üçüncü şəxsin iddiası üzrə cavabdeh X4 yeni ailə həyatı qurması, evlərinin olmaması səbəbindən əvəzsiz istifadəyə vermişdi, odur ki, onlar tərəfindən istifadə edildiyi üçün kommunalların pullarını da ödəmələri tam normaldır. İddiaçı qonşuların və Nərimanov Rayon MKİB tərəfindən onun mənzilin mülkiyyətçisi kimi tanınması məsələsinə gəldikdə isə birmənalı olaraq bildirir ki, qonşuların adından akt adı altında tərtib edilmiş bir səhifəlik kağız parçası mötəbər sübut kimi qiymətləndirilə bilməz. Aktın məzmunundan açıq-aydın görünür ki, məzmun İddiaçı tərəfindən məqsədli şəkildə tərtib edilərək imzalanmışdır. Bu detalı qonşuların mənzilin MKİS-nə ödənişləri İddiaçı tərəfindən ödənilməsinə dair qeydi də sübut edir. Göründüyü kimi qonşu qismində qeyd edilən şəxslər şahidi və məlumatları olmadığı halları əks etdirən və İddiaçı mənafeyinə xidmət edən yazıya imza atıblar. Bunun özü həmçinin qanunvericiliyin tələblərinin pozulması, məhkəməyə mötəbər olmayan, yalan məlumatın verilməsidir. Həmin sənəddə göstərilənlər natamam olmaqla yanaşı imzalayanların şəxsiyyətlərinə dair məlumatlar da əks edilməmişdir. Odur ki, bu kağız parçası sübut kimi qəbul edilə bilməz. Əks yanaşma qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçı verilmiş MKİS-in arayışına diqqət yetirdikdə isə açıq aydın görünür ki, həmin arayışda mülkiyyətlə bağlı hər hansı müddəa əksini tapmamış, sadəcə olaraq mənzil xidməti və məişət tullantıları pullarının İddiaçı tərəfindən ödənilməsi qeyd edilmişdir. Bu da təsdiq edir ki, İddiaçı iddia ərizəsində öz maraqları üçün arayışın məzmununu təhrif edərək qeyd etmişdir. İddiaçı tərəfindən sözügedən arayışın alınması ilə bağlı üçüncü şəxs də aidiyyəti üzrə həmin MKİS-ə müraciət edərək verilən arayış üzrə təsdiqləyici məlumatların verilməsini tələb etdikdə ona verilən cavabda bildirilmişdir ki: “Ə.Əbdürrəhimov küçəsi 130, mənzil 43 vətəndaş Babaşova Rəna Rəsul qızına məxsusdur. 18.İV.2023-cü il tarixində həmin mənzilin xidməti və məişət tullantısı pullarını İddiaçı tərəfindən ödənilmişdir.” MKİS-in cavabından da göründüyü kimi MKİS sözügedən mənzil üzrə mülkiyyətçi qismində yalnız üçüncü şəxsi tanıyır. İddiaçı həqiqəti təhrif etdiyini, yalan danışdığını onun kürəkəni, üçüncü şəxsin iddiası üzrə cavabdeh olan X6 Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində yazdığı izahat sübut edir. Belə ki, X11 xx.xx.2023-cü il tarixli izahatında qeyd edir ki, “Yuxarıda qeyd edilən (Binəqədi rayonu, Atatürk pr., 3070A) ünvanda ailəmlə birgə yaşayıram. Mən Babaşova Rəna Rəsul qızının ünvanladığı ərizə ilə tanış oldum. Bu haqda bildirmək istəyirəm ki, Maqsud Əlizadə 130, m 43 ünvanındakı evə 2012-ci ildə Babaşov Mahirə 70000 manat pul verərək almışam ev aldığım zaman əlavə təmir və əşyalara 60000 manat pul xərcləmişəm. Bu səbəbdən evdə yaşayıram polis tərəfindən məlumatlandırıldım yaxın zamanda evlə bağlı söz verirəm. İzahatı özüm yazdım heçbir əlavəm yoxdur doğruluğunu imzamla təsdiq edirəm.” Görünən odur ki, X6 bölmədə verdiyi izahatdan üçüncü şəxsin xəbəri olmadığını düşünüb onun əmlakını ələ keçirtmək üçün bu formada oyunlar quraraq əsassız, ziddiyyətli, təhrif edilmiş iddianın verilməsinə nail olublar. X6 və yoldaşının iddiadan xəbərləri olduğu halda (xəbərləri olub, çünki İddiaçı iş üzrə tərəf olmadığından həmin cavabdehlər vasitəsi ilə iddiadan məlumatlı olub) prosessual müddət ərzində üçüncü şəxsin iddiası üzrə heç bir etiraz-mülahizə təqdim etməmələri, o cümlədən X6 əmlakı pul verib aldığını dediyi, qaynanasının isə Nərimanov Rayon Məhkəməsinə verdiyi iddiasında evi 90-cı ildə aldığını deməsi ilə onların fikirləri arasında ziddiyyət olduğu halda, yəni İddiaçı iddiasının X6 maraqlarına toxunduğu halda həmin iddia üzrə də hər hansı etiraz-mülahizənin verilməməsi, Nərimanov Rayon məhkəməsinə mülkiyyət hüququnun tanınması barədə ərizə verməsinə baxmayaraq iş baxışda olan zaman eyni mahiyyətli iddia ərizəsilə inzibati məhkəmə müraciət etməsi, Nərmin Məhərrəmovanın vəkilin İddiaçı marağını da qeyri-rəsmi şəkildə müdafiə etməsi onların qeyd etdiyi kimi bir məqsədə xidmət etdiyini, yəni məqsədlərinin hansı yolla olursa olsun məhkəməni aldadaraq üçüncü şəxsin əmlakını ələ keçirmək niyyətlərini göstərir. Bununla yanaşı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası adlanan” 140-cı maddəsində əks olunur ki, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin tələbini rəhbər tutaraq bildirir ki, hal-hazırda da reyestrdə sözügedən əmlak üçüncü şəxsin mülkiyyətimdə qeyd olunur. Yəni bu da o deməkdir ki, həmin qeyd qüvvədə olduğu müddətcə İddiaçı mülkiyyət hüquqlarının tanınması barədə verdiyi iddiası, eləcə də hazırki iddiası təmin edilə, bu formada icraata qəbul edilə bilməz. Yuxarıda qeyd edilənlərdən və əlavə edilmiş sənədlərdən açıq-aydın görünür və sübuta yetirilir ki, mübahisə predmeti olan əmlak tam qanuni əsaslarla üçüncü şəxsə məxsusdur və onun mülkiyyətindədir. Odur ki, İddiaçı və istənilən digər hər hansı şəxsin onun mülkiyyət hüququna yönələn istənilən iddiası təmin edilə bilməz. Əks yanaşma yerli və beynəlxalq qanunvericiliyin mülkiyyətlə bağlı müddəalarının tələblərinin kobud şəkildə pozulması demək olar. Belə ki, qeyd olunanlar, təqdim edilmiş sübutlar, X8 Rayon Məhkəməsinə verdiyi iddia ərizəsi və digər sənədlər, faktlar onun hazırki iddia ərizəsinin məqsədli şəkildə verildiyini bir daha sübut edir. Nərimanov Rayon Məhkəməsində onların marağını müdafiə edən vəkil həmin məhkəmədəki prosesləri təxirə 5 saldıran zaman demişdi ki, sübutlar təqdim edəcək, lakin baxış iclasında isə dediyi kimi, düşündük ki, həmin sənədlər çıxarışın ləğvi üçün əsasdır və ora verilib. Amma məhkəmə prosesində təqdim edilmiş iddia ərizəsinə baxıldıqda heç bir əlavə sübutun verilmədiyi, Nərimanov Rayon Məhkəməsinə verilən iddia ərizəsi ilə birəbir eyni olduğu, eyni sənədlərin, yəni akt və arayışın təqdim edildiyi müəyyən edilmişdir. Odur ki, eyni məzmun və sənədlərlə inzibati məhkəməyə müraciət edilib və inzibati məhkəmə də iddianı dərhal icraata qəbul etdiyi nüansından da istifadə edərək rayon məhkəməsindəki icraatın dayandırılmasına nail olunub. Çıxarışın verilməsi əsası alqı-satqı müqaviləsi olduğundan və bu əsasla çıxarışın ləğvinə dair mübahisələrə baxmaq səlahiyyəti də məhz ümumi (müki) məhkəməyə aiddir. İşin hallarına, yuxarıda qeyd olunanlara, əlavə edilmiş sənədlərə, qanunvericiliyin tələblərinə əsasən xahiş edir ki, məhkəmə əsaslı etiraz-mülahizəsini qəbul edərək İddiaçı əsassız iddiasını rədd edərək, aidiyyət qaydasının, o cümlədən mümkünlüklə bağlı müdəaların tələbinin pozulması səbəbindən iddianı mümkün saymasın.

5. İddiaçının müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”

6. İş materiallarına olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 043940 nömrəli MH seriyalı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvana dair xüsusi mülkiyyət hüququ (tam) Babaşova Rəna Rəsul qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Babaşova Rəna Rəsul qızının adına MH seriyalı 043940 nörməli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş alqı-satqı müaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin xx.xx.1996-cı il tarixli müqaviləyə əsasən X17 ünvan 4 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi 42.27 kv.m ümumi sahəsi 54.17 mənzili Babaşova Rəna Rəsul qızının mülkiyyətinə vermişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. İddia ərizəsindən göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir: - iddiaçı birinci hissədə üçüncü şəxsin adına olan qeydiyyat vərəqəsinin ləğv edilməsini, ikinci hissədə isə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir.

12. Məhkəmənin 2-1(112)-14295/2023 saylı 28 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin Babaşova Rəna Rəsul qızının adına olan 043940 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi” hissədə mümkün sayılmaması qərara alınmışdır.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü mahiyyəti üzrə baxılan ikinci hissədə öhdəliyin icrasına dair iddiadır.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia ikinci hissədə mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Babaşova Rəna Rəsul qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın (MH seriyalı 043940 nömrəli qeydiyyat vərəqəsi) aparılması üçün alqı-satqı müqaviləsi əsas olmuşdur. Həmin müqavilədən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi X1 mənzili xx.xx.1996-cı il tarixdə Babaşova Rəna Rəsul qızına satmış, onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1997-ci il tarixdə qeydə alınmışdır.

19. Göründüyü kimi, mənzilə dair qeydiyyat daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmışdır. İddiaçı tərəfindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirildiyindən məhkəmə iddianı birinci hissəsində mümkün hesab etməmişdir.

20. İddianının ikinci hissəsinə - iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir.

21. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.

22. X15 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

25. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

29. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

30. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov 130, 43 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil. İddiaçı qeyd edilən mənzilə dair hüquqlarının qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş onun həmin ünvanda yaşamağını göstərən qonşular tərəfindən imzalanmış akt və onun mənzilə xidməti və məişət tullantıları pullarını ödəməsi barədə mənzil kommunal istismar sahəsinin arayışı mənzil üzərində mülkiyyət üququnun əmələ gəlməsi üçün əsas sayıla bilməz.

31. Məhkəmə eyni zamanda MH seriyalı 043940 nömrəli qeydiyyat vəsiqəsinə əsasən əmlaka dair sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, sözügedən mənzilə dair Babaşova Rəna Rəsul qızının adına olan qeydiyyat inzibati akt əsasında aparılmamışdır. Mənzil mülki-hüquqi əqs əsasında reyestrdə qeydə alındığından məhkəmə tərəfindən daşınmaz əmlaka dair qeydiyyat aparılması zamanı hər hansı qanun pozuntusuna yol verildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddia həmin hissədə mümkün hesab edilməmişdir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir.

34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi “ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar