Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-143/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli **********626700 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilmiş cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin əvəzinə Azərbaycan Respublikası Vergilər Nazirliyi Lokal Vergi Departamentinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Bakı şəhəri LGBİ) qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Bakı şəhəri LGBİ ilə əvəz olunmuşdur. Daha sonra iddiaçı-İddiaçı MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli **********452100 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəmiyyət 2005-ci il tarixdən dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlamışdır. Bu illər ərzində müxtəlif malların idxalı ilə məşğul olaraq satışını da təşkil edə bilmişdir. Bunun müqabilində də qanuna müvafiq qaydada hesablanmış mənfəət vergisini də dövlət büdcəsinə ödəmişdir. Lakin təxminən 2014-cü ildən etibarən kommersiya fəaliyyətində müxtəlif səbəblərdən durğunluq müşahidə olunaraq şirkətin gəlirləri kəskin şəkildə aşağı düşmüşdür. Nəticə etibarı ilə şirkətin demək olar ki, heç bir mənfəəti olmamışdır. Cəmiyyətin maliyyə çətinlikləri səbəbindən mühasibi olmadığından, 2017-ci ildə qanunla müəyyən olunmuş müddətdə vergi hesabatlarını təqdim edə bilməmişlər. Bu səbəbdən vergi orqanı tərəfindən 2017-ci il üzrə cəmiyyətdə kameral vergi yoxlaması keçirilmiş və cəmiyyətə 97.793,28 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmin mənfəət vergisi cavabdeh tərəfindən qanunda nəzərdə tutulmamış qaydada müəyyən edilərək, hesablanmışdır. 2019-cu ilin iyun-iyul aylarında 97.793,28 manat mənfəət vergisi və həmin verginin ödənilməməsinə görə 4.568 manat cərimənin heablanmasına dair qəbul olunmuş qərarlardan inzibati qaydada verilmiş şikayətlərinə əsasən Nazirlik tərəfindən aparılmış araşdırmanın nəticəsində onlara bildirilmişdir ki, bir neçə sənəd təqdim olunmadığına görə xx.xx.2018-ci il tarixli 12408080 nömrəli qərarla (məktub) icraat müvəqqəti olaraq dayandırılmışdır. Məktubda göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün “Mənfəət vergisinin bəyannaməsi”nin Vergi Məcəlləsi ilə müəyən edilmiş müddətdə təqdim olunmadığı müəyyən olunmuş, bu hal gəlirlərin vergidən yayındırılması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixli **********264900 nömrəli “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə xəbərdarlıq göndərilmiş, vergi orqanının Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannamələrinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirmək və Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumatlara əsasən vergiləri hesablamaq olduğunu bildirilmişdir”. Vergi ödəyicisi tərəfindən 2017-ci il üçün “Mənfəət vergisinin bəyannaməsi” təqdim edilmədiyindən vergi orqanı tərəfindən müvafiq dövr üzrə 97.793,28 manat mənfəət vergisi hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********626700 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra cavabdehə xx.xx.2018-ci il tarixli inzibati şikayətlə yenidən müraciət olunsa da heç bir qərar qəbul olunmamışdır. xx.xx.2018-ci il tarixli **********626700 nömrəli qərar qanunsuzdur, vergi qanunvericiliyinə ziddir və ümumiyyətlə hər hansı bir sübuta əsaslanmır. Qərarda göstərilir ki, 2017-ci ilin nəticələri üçün “Mənfəət vergisinin bəyannaməsi” verilmədiyinə görə AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim olunmadığı müəyyən olunmuş, bu hal gəlirlərin vergidən yayındırılması kimi qiymətləndirilmişdir. xx.xx.2018-ci il tarixli qərar rəsmi qaydada Cəmiyyətə təqdim olunmamışdır. Daha sonra xx.xx.2018-ci il tarixli **********626700 nömrəli qərarın vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixli **********452100 nömrəli qərarla əvəzləşdirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli **********311500 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ilin mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə 97.793,28 manat əlavə vergi məbləği hesablanmış və iddiaçıya xx.xx.2018-ci il tarixli **********626700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən əvvəlki, yəni 2016-cı il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ+ cari il üzrə təqdim etdiyi bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ-“Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” elektron uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyici tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün kameral vergi yoxlaması aparılaraq, 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə 97.793,28 manat vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının xx.xx.2018-ci il tarixli **********983900 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə yenidən dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmiş və kameral hesablama aparılmış vergi məbləği bərpa edilərək, vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********452100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi Məcəlləsinin 37.4, 67.1 və 83.2-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə vergi ödəyicisinin əvvəlki il üzrə təqdim etdiyi bəyannamə nəzərə alınmaqla, 97.793,28 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********626700 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyici tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; İddiaçı MMC hüquqi şəxs kimi xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. Bakı şəhəri LGBİ-nin xx.xx.2018-ci il tarixli **********626700 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 97.793,28 manat mənfəət vergisi hesablanmışdr. Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********756800 №li xx xxx 2018-ci il tarixli məktubda göstərilmişdir ki, xx xxx 2018-ci il tarixində təqdim olunmuş bəyannamə üzrə aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1) Cəmiyyət tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ + cari il üzrə təqdim edilmiş bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ – “Tədim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0,00 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. 2) Cəmiyyət tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №li Əlavəsinin (Hüquqi şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 4.392.617,58 manat məbləğ + cari il üzrə təqdim olunmuş bəyannamənin 1 №li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ –“Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0,00 manat məbləğ arasında 4.392.617,58 manat məbləğində fərq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədlərin (məlumatların) təqdim olunması tələb olunmuşdur: Həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi. Bakı şəhəri LGBİ-nin xx.xx.2018-ci il tarixli **********983900 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, kameral qaydada həmin dövr üzrə anoloji qaydada 97.793,28 manat məbləğində əlavə vergi hesablanmışdr. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri LGBİ-yə ünvanlanmış 3/05-4917 №li xx xxxxxx 2018-ci il tarixli “Yol tikinti texnikasının müvəqqəti saxlanca götürülməsi barədə” məktubda göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus olan xüsusi mexaniki texnikanın saxlanıldığı yer üzürlü səbəbdən ləğv edilmişdir. Bununla əlaqədar olaraq, qarşılıqlı razılığa əsasən, ümumilikdə 21 (iyirmi bir) ədəd müxtəlif adda xüsusi texnika müvəqqəti olaraq Agentlik tərəfindən məsuliyyətli saxlanca götürülmüşdür. Hal-hazırda qeyd olunan texnikalar tərəflərindən saxlanılır. Bakı şəhəri LGBİ-nin xx.xx.2018-ci il tarixli **********452100 nömrəli Qərarına əsasən İddiaçı MMC-yə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 97.793,28 manat məbləğində vergi müəyyən edilmiş və vergi ödəyicisinə 97.793,28 manat məbləğində əlavə vergi hesablanmışdr. Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış sənədlərin təqdim edilməsi barədə məktubda sonuncuya bildirilmişdir ki, 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı qeyd olunan hesabat dövrünün sonuna 2.651.057,96 manat dəyərində mal qalığının olduğu, eyni zamanda xx.xx.2017-ci il tarixdə 28.820,00 manat (ƏDV-siz) dəyərində bulduzer üçün ehtiyat hissələrinin idxal edildiyi müəyyən edilmişdir. Cəmiyyətin səlahiyyətli nümayəndəsinin araşdırmaya təqdim etdiyi xx.xx.2017-ci il tarixə olan mal qalığının siyahısının araşdırılması zamanı həmin malların dəyərinin böyük hissəsinin maşın və mexanizm, nəqliyyat vasitələri və onun ehtiyat hissələri təşkil etdiyi müəyyən edilmişdir. Lakin həmin malların hansı ünvanda və hansı əsasla saxlanılması barədə məlumat verilməmiş, eyni zamanda mülkiyyətdə olan əmlakla bağlı əmlak vergisi bəyannaməsi təqdim edilməmişdir. Eyni zamanda Cəmiyyətin səlahiyyətli nümayəndəsinin araşdırmada təqdim etdiyi izahatında xx.xx.2017-ci il tarixə olan mal qalığının istifadəsiz olaraq saxlanıldığını bildirməsinə baxmayraq, həmin malların dəyərinin böyük hissəsini təşkil edən maşın və mexanizmin,nəqliyyat vasitələrinin istifadəsini təsdiq edən göstəricilər barədə məlumatlar araşdırmaya təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş Qeydiyyat şəhadətnamələrinin surətlərindən və 28-xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktlarından müəyyən olunmuşdur ki, 21 (iyirmi bir) ədəd müxtəlif adda xüsusi texnika (Yükləyicilər və Buldozerlər) iddiaçı Cəmiyyət tərəfindən Azərbaycan Avtomobl Yolları Dövlət Agentliyinə təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Azərbaycan Respublikas Vergi Məcəlləsinin 37-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət barəsində xx.xx.2018-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabddehin xx.xx.2018-ci il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindəki məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Həmin Məcəllənin 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Beləliklə, iddiaçı cəmiyyətə mübahisələndirilən vergilərin hesablanmasına əsas olmuş texnikalar (avadanlıqlar) sonuncu tərəfindən saxlanılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təhvil verilmiş, vergi ödəyicisi və Agentlik tərəfindən bu barədə vergi orqanına qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilsə də vergi orqanı tərəfindən bu hal nəzərə alınmadan iddiaçıya kameral qaydada əlavə vergi hesablanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə 97.793,28 manat mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC barəsində cavabdeh Bakı şəhəri LGBİ-nin qəbul etdiyi “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********452100 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********452100 nömrəli qərar ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-143/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-143/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver