Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-143/2024 15.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək cavabdehin 02 mart 2022-ci il tarixli qərarın (protokoldan çıxarış) iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının sağlamlıq imkanının məhdudluğunun nəzərə alınmaqla ona əllilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki Komissiyanın rəyinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olma barədə qərar verilmişdir. 7 ay hərbi xidmətdən sonra məlum olmuşdur ki, hərbi xidmətə iddiaçı yararsızdır. Lakin ona əlillik dərəcəsi müəyyən edilməmişdir. Cavabdehin imtinasında qeyd edilir ki, əlavə müalicəyə ehtiyacın olması zəruridir. Halbuki, iddiaçıda olan diaqnoz xəstəlik tarixçəsində aparılmış müayinələr və müalicələr ilə öz təsdiqini tapmışdır. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılır ki, 16 aprel 2021-ci il tarixli göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş göndərişin natamam doldurulması ilə əlaqədar əlilliyin təyinatından imtina edilmişdir. 08 oktyabr 2021-ci il tarixli göndəriş əsasında da qiymətləndirmə aparılmış əlavə müalicəyə ehtiyacın olması, səbəb: ağırlaşmanı təsidqləyən köməkççi diaqnostik müayinələr ətraflı qeyd edilməmə əsası ilə əlilliyin təyinatından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Komissiyanın sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 19 oktyabr 2021ci il çap tarixli elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya 08 oktyabr 2021-ci il tarixli göndəriş üzrə qiymətləndirmə zamanı əlavə müalicəyə ehtiyacın olması, ətraflı: ağırlaşmanı təsdiqləyən köməkçi diaqostik müayinələrin ətraflı qeyd edilməməsi səbəbindən əlilliyin təyinindən imtina edilmişdir. Əsas diaqnoz R16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, ağırlaşma R 16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, yanakı xəstəlik H52.2 Astiqmatizm, sadə miopik astiqmatizm refraksiya oxlarla EM və M 2,0D kimi qeyd edilmişdir. 16 aprel 2021-ci il tarixli göndərişdən isə görünür ki, iddiaçının əsas diaqnozu R 16.1 başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, idiopatik splenomeqaliya, ağırlaşma D69.5 ikincili trombositopeniya, yüngül dərəcəli tranzitor trombositepeniya, qanyaradıcı sistem funksiyalarının cüzi pozulması, yanakı xəstəlik Astiqmatizm, sadə miopik astiqmatizm refraksiya oxlarla EM və M 2,0D kimi qeyd edilmişdir. 08 oktyabr 2021-ci il tarixli göndərişdən görünür ki, əsas diaqnoz R16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, ağırlaşma R 16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, yanakı xəstəlik H52.2 Astiqmatizm, sadə miopik astiqmatizm refraksiya oxlarla EM və M 2,0D kimi qeyd edilmişdir. 02 fevral 2022-ci il tarixli aralıq inzibati akta dair təqdim edilən 02 fevral 2022-ci il tarixli icra məktubundan görünür ki, iddiaçı əyani müayinə olunmuş, əlavə müalicəyə ehtiyacı olması qərara alınmışdır. Təqdim edilmiş T392/2022 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıda mövcud xəstəliklər əlillik təyinatı üçün əsas olan Əsasnamədə nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşmür. Cavabdehin nümayəndəsinin iştirakı səbəbi ilə təkrar ekspertiza təyin edilməsi barədə qərardadına əsasən verilmiş 34 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı göndərişdə əksini tapan xəstəliklərdən əziyyət çəkir. Digər ekspert rəyindən görünür ki, iddiaçının sağ gözünün görmə itiliyi 0,1 k/i=0,4 Tod=21 mm c.s, sol gözün görmə itiliyi isə 0,2 k/i=0,7, Tos=22 mm c.s. olmuş və ODmürəkkəb miopik astiqmatizm, OS-sadə miopik astiqmatizm diaqnozu müəyyən edilmişdir. 02 mart 2022-ci il tarixli protokol qərarından görünür ki, 4 nəfər şəxsin əlillik vəziyyəti qiymətləndirilmiş, onlardan iddiaçıya əlilliyin təyinatından bu dəfə diaqnoz əlillik əlaməti təyin etmir (DƏƏTE) əsası ilə imtina edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. Lakin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə əlilliyin təyininə dair müraciət və imtina tarixləri nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri də nəzərə alınmalıdır. Nəzərə alınma ilə bağlı tələblər isə konkretdir. Cavabdeh tərəfindən göndərişdə adları sadalanan və yuxarıda adıçəkilən normativ hüquqi aktlarda təsbit edilmiş xəstəliklərin iddiaçıda mövcud olub-olmaması yoxlanılmaqla əlillik dərəcəsinin təyininə dair və ya imtinaya dair qərar qəbul edilməlidir ki, cavabdeh hər iki normativ hüquqi aktın tələblərinə uyğun olaraq yoxlama aparmış və adıçəkilən təyinatı üçün əsasın olmaması qənaətinə gəlinmişdir. Belə ki, iş materiallarında müxtəlif sayda olan göndərişlərdən görünür ki, iddiaçıda mövcud olan xəstəliklər müxfəlif kodlarda (R16.1, R16.2, D69.5, H52.2) göstərilmişdir. İş materiallarından da göründüyü kimi hazırkı mübahisə həmin xəstəliklərin mövcud olduğu, lakin mövcud olmasına baxmayaraq əlilliyin təyininə əsas verməməsi ilə bağlıdır. Odur ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün adıçəkilən kodlarda nəzərdə tutulmuş xəstəliklərin hazırda “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” ilə və (və ya), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də mövcud olubolmaması müəyyən edilməlidir. Adıçəkilən normativ hüquqi aktlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından isə görünür ki, adıçəkilən iddiaçıda göndərişdə adıçəkilən müvafiq kodlarda göstərilmiş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə ekspert rəyləri alınmış, ilkin rəy prosessual pozuntularla qəbul edildiyindən təkrar ekspertiza rəyi də tətqiq edilmişdir. Təkrar rəyin nəticə hissəsindən görünür ki göndərişdə olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı da göndərişlərdə olan xəstəliklərin (əsas diaqnoz, ağırlaşma və yanakı xəstəliklərin) mövcudluğu şübhə doğurmamışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin təyininin məqsədləri baxımından yuxarıda adıçəkilən qüvvədə olan və qüvvədən düşmüş normativ hüquqi aktlarla təsdiq edilmiş siyahıda öz təsbitini tapmamış istənilən xəstəlik əlilliyin təyinatından imtina üçün əsasdır. Belə ki, qeyd olunan məqsədlər baxımından göndərişdə olan xəstəliklərlə, X1 tərəfindən təsdiq edilmiş xəstəliklərin beynəlxalq təsnifatında elmə məlum olan insan orqanizmində əlilliyin təyinatına əsas verməyən bütün xəstəliklər ağırlıq dərəcəsindən asılı olmayaraq bərabərdir. Başqa sözlə ekspert rəyində aşkara çıxan göndərişdə olan xəstəliklərin başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, ikinci dərəcəli trombositopeniya və s iddiaçıda mövcud olsa da, iddiaçı həqiqətən də həmin xəstəlikdən əziyyət çəksə də, əlilliyin təyin edilməsi məqsədləri baxımından həmin xəstəliklərlə X1 tərəfindən təsdiq edilmiş xəstəliklərin beynəlxalq təsnifatında olan hər hansı digər bir xəstəliyin heç bir fərqi mövcud deyil. Belə ki, yuxarıda göstərilən normativ hüquqi aktlarda əlilliyin təyinatına əsas verən xəstəliklərin konkret siyahısı müəyyən edilmişdir ki, nə birinci göndərişdə, nə də növbəti göndərişdə adıçəkilən xəstəliklərin hər hansı biri ilə adıçəkilən xəstəliklərin uyğunlaşdırılması mümkün deyil. Odur ki, cavabdeh ilkin olaraq imtina əsaslarında natamam doldurulma, əlavə müalicəyə ehtiyacın olması formasında əsaslara istinad etsə də, protokol qərarından da göründüyü kimi məhz diaqnozun əlillik əlaməti təyin etməməsi barədə düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, məhkəmə gözlə bağlı iddiaçıda mövcud olan xəstəliyin əlillik təyinatına imkan verib-verməməsi baxımından da araşdırma aparılmış qoyulmuş suala cavabdan da müəyyən etmişdir ki, həmin xəstəlik də əlillik təyinatı üçün kifayət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.13-cü yarımbəndindən görünür ki, hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması ikinci dərəcəli əlilliyin təyinatı üçün əsasdır. Lakin ekspert rəyindən də görünür ki, iddiaçının sağ gözün görmə itiliyi korreksiya ilə (k/i) 0,4, sol gözün görmə itiliyi isə 0,2, yəni 0,08-dən yuxarı olmuş 20 dərəcəyədək konsentrik daralma müşahidə edilməmişdir. Göründüyü kimi iddiaçıda mövcud olan və faktiki olaraq da əziyyət çəkdiyi xəstəliklər göndərişdə öz əksini tapsa da, tibb müəssisəsi tərəfindən göndərişdə əksini tapmış xəstəliklər əlillik təyinatına əsas verən bitkin siyahısı müəyyən edilmiş hər hansı xəstəlik hesab edilmir. Hər xəstəlik də əlillik təyinatına əsas vermədiyindən, eləcə də iddiaçıda olan xəstəliklər əlillik dərəcəsinin təyinatına əsas vermədiyindən cavabdehin əlilliyin təyinatından imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-143/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-143/2024
15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver