Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1430/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı QSC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus aptekdə həyata keçirilən operativ vergi tədbiri zamanı 03.05.2021-ci il tarixdə saat 13:00-da qonşu marketdə çalışan xanım aptekə yaxınlaşaraq dərman almaq istəmiş, lakin pul olmadığı üçün dərmanın aptekdə qalmasını qeyd etmişdir. Satıcı da müştərinin qonşu olduğundan dərmanı götürü pulu gətirməsini qeyd etmişdir. Müştəri çıxdıqdan sonra vergi orqanının əməkdaşı daxil olmuş, qiyməti 0,60 manat təşkil edən 2 ədəd tibbi maska və 1 ədəd santafil almış, satıcı isə texniki səhv olaraq üzrlü səbəbdən vergi orqanı əməkdaşına təqdim etdiyi qəbzə həm qonşuya təqdim edilmiş mallarla bağlı məlumatları, həm də əməkdaşın aldığı məhsulun qiyməti ilə bağlı məlumatları təqdim edilmiş çek təqdim etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir və iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilmədiyindən əsaslı olaraq qeyd olunan 0,60 manat ödənildiyi halda müvafiq çekin vurulmadığı faktı öz təsdiqini tapmış və müvafiq şəkildə rəsmiləşdirilmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək hüquqi şəxsin QSC-dən QSCyə keçirilməsi nəzərə alınmaqla iddiaçının əsl İddiaçı QSC-ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddiaçı əsl İddiaçı QSC-ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ; -50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Məcəllənin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Məhkəmə isə, operativ vergi yoxlaması zamanı aşağıdakı işin faktiki halları ilə də təsdiq edildiyi kimi nəinki vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması, ümumiyyətlə vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması qənətinə gəlməklə hesab edir ki, qəbul edilmiş qərar əsassızdır. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, 21 aprel 2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla iddiaçıya məxsus aptekdə 22.04.2021-06.05.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərar alınmışdır. Həmin qərar əsasında keçirilmiş yoxlamaya dair 03 may 2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, 03.05.2021-ci il tarixdə saat 13:00-da 0,60 manat məbləğində məhsulun alındığı, lakin satıcı tərəfindən çekin vurulmadığı müşahidə edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən çek vurulmuş, lakin həqiqətən də cavabdehin qeyd etdiyi kimi 0,60 manat məbləğində məhsulla bağlı ayrıca çek vurulmamış, vergi orqanı əməkdaşından əvvəl gəlmiş müştəriyə satılmış məhsulla birlikdə, ümumilikdə satılan 5.81 manatlıq məhsula dair çek vergi orqanı əməkdaşına təqdim edilmişdir ki, həmin çekdən də müəyyən edilir ki, 1 ədəd 0,20 manat məbləğində santavik, 0,40 manat məbləğində 2 ədəd tibbi maskanın satışı ilə əlaqədar məlumatlar da məhz həmin çekdə olmuşdur. Satıcının vergi orqanı əməkdaşına vermiş olduğu izahatda, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilərkən vermiş olduğu ifadədən müəyyən edilmişdir ki, qonşu marketdə işləyən xanım ona yaxınlaşaraq dərman almış, həmin şəxsin pulu üstündə olmadığından pulu gətirmək istəyərkən satıcı onun qonşu olduğunu nəzərə alaraq məhsulu götürməsini, pulu sonra gətirməsinin problem olmadığını bildirmişdir. İstər satıcının, istərsə də marketin işçisinin məhkəmə şahid kimi verdiyi ifadələrdən həmin hallar öz təsdiqini tapmış, əlavə olaraq market işçisi həmin vaxt özünü çox pis hiss etdiyini və sakitləşdirici dərman almaq üçün aptekə daxil olduğunu qeyd etmişdir ki, satıcının əvvəldən tanıdığı market işçisinə dərmanın pulunu sonradan gətirməsini bildirməsi, həmin şəxsin sakitləşdirici dərman vasitəsi alması, aptekdə ümumi abı-hava barədə ümumi xarakterli məlumat verməklə, həmçinin də şahid ifadələrinin həqiqiliyinə məhkəmədə şübhə yaratmır. Daha sonra isə, satıcı bildirir ki, aptekə başqa şəxs daxil olmuş, 0,60 manat məbləğində məhsul almış və məhsulun qiyməti və adları ilk müştəri aptekə daxil olarkən aldığı məhsulların adları və qiymətləri daxil edilməklə texniki xəta kimi çapa vurularaq çek formasında sənədi həmin şəxsə təqdim etmişdir. Qeyd olunur ki, işin hazırkı halları mübahisə edilmir və eyni zamanda, məhkəmə onun da nəzərə alır ki, hazırkı halda vergi pozuntusu barədə qəbul edilmiş qərar satıcının birinci şəxsə çek təqdim edilmədən məhsulu verməsi barədə olmadığından, mübahisə məhz vergi orqanı əməkdaşına çekin təqdim edilməsi ilə bağlı olduğundan, satıcının, dolayısı ilə də iddiaçının vergi orqanı əməkdaşına 0,60 manat məbləğində məhsulun alınması əvəzində həmin məbləğ və məhsullar qeyd edilməklə çekin əvəzinə, 5,81 manat məbləğində ilkin və sonrakı müştərinin aldığı məhsullar barədə məlumatların birgə göstərilməklə tərtib edilmiş çekin verilməsinin hüquq pozuntusu olub-olmaması yoxlanılır. Bununla əlaqədar olaraq ilkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarətkassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3. NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi. 8.3. İstifadəçinin vəzifələri: 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. Məcəllənin: 0.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X1); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Qanunvericiliyin tələbindən də göründüyü kimi nəzarət-kassa aparatının çekləri hansı məlumatların qeyd edilməli olması ilə bağlı konkret tələblər müəyyən edilmişdir ki, həmin məlumatların göstərilməklə pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin, yəni iddiaçının vəzifəsidir. Məhkəmə də hesab edir ki, iddiaçı həmin vəzifənin yerinə yetirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verməmiş, yoxlamanı həyata keçirilməsi ilə əlaqədar məhsul almış vergi orqanı əməkdaşına aldığı məhsullar barədə məlumatın əks olunduğu çeki təqdim etmişdir ki, məhkəmə qeyd edir ki, həmin çekdə əvvəlki müştərinin aldığı məhsullar barədə məlumatların əks olunması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, Məcəllənin 58.7-ci maddəsi iddiaçının hərəkətində hər hansı pozuntunun olmamasını ifadə tərzi baxımından konkret sübut edir. Maddədən də göründüyü kimi Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsi müəyyən edilmişdir. Həmin maddənin tələbi baxımından məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı 3 hala diqqət yetirilməsi məcburidir. İlkin olaraq maddədən də göründüyü kimi bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə qeyd olunan pozuntunun olmadığı aşkardır. Belə ki, həmin hissə 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə ilə bağlıdır ki, burada çekdə məbləğin əksik və ya artıq göstərilməsi kimi texniki hal yox, məhz aparatın özünün qüsurlu çek verməsindən söhbət gedir ki, hazırkı iş üzrə belə bir pozuntu mövcud olmamış, iddiaçıda olan nəzarət-kassa aparatı qanunvericiliyin tələblərinə uyğun olaraq istismarda olmaqla istifadə edilmişdir ki, həmin çekdə texniki xarakterli hər hansı məlumatın yanlış daxil edilməsi aparatın istismara yararsızlığı ilə bağlı deyildir. Burada hazırkı mübahisənin yekunlaşmasında həlledici məqam isə alıcıya təqdim edilməli olan çekin verilməməsi və və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi ilə bağlıdır ki, məhkəmə həmin maddələrin istər məntiqi, istərsə də dilçilik baxımından şərhinin zəruriliyi mövqeyindədir. Belə ki, əgər məhkəmə hesab edirsə ki, satıcının digər müştərinin aldığı məhsulları, vergi orqanının əməkdaşının aldığı məhsullar barədə məlumat və qiymətlərinin əks olunduğu çekin təqdim edilməsi alıcıya təqdim edilməli olan çekin verilməməsidir, bu zaman vergi ödəyicisinin təqsiri aşkar sübut ediləcəkdir. Lakin məhkəmə hesab etsə ki, burada göstərilən məlumatların birlikdə qeyd edilməklə çekin təqdim edilməsi təqdim edilməli olan çekin verilməsi anlayışına xələl gətirmir və hər bir halda satılan məhsullar barədə məlumatlar öz əksini tapmış və ilkin müştərinin aldığı məlumatların qeyd edilməsi vergi öhdəliyindən yayınma məqsədi olmadan sadəcə texniki xətadır, bu zaman vergi pozuntunun mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə də, ikinci mövqeyi əsaslı hesab edərək qeyd edir ki, həqiqətən də iddiaçının satıcısının hərəkətlərində vergi öhdəliyindən yayınma ilə bağlı hal müəyyən edilməmişdir. Belə ki, işin faktiki halları, o cümlədən satıcının verdiyi izahat və ifadə sübut edir ki, dövriyyənin gizlədilməsi, vergi öhdəliyindən yayınma kimi əlamətlər olmadan satıcının hərəkətləri texniki xarakterli səhv olmadan iddiaçının təqsirsizliyinə xələl gətirmir. Bundan əlavə, qeyd olunmalıdır ki, məbləğin səhvən artıq göstərilərək məhsulların birlikdə çekdə qeyd olunması ilkin müştəriyə münasibətdə əhali ilə pul hesablaşmalarının pozuntusu ehtimalı yaratsa belə, vergi orqanı əməkdaşına çekin təqdim edilməsində əhali ilə pul hesablaşmaları qaydalarının pozuntusundan söhbət gedə bilməz. Belə ki, maddədən də göründüyü kimi təqdim edilməli olan çekin verilməməsi ilə ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinin fərqləndirildiyi aşkardır. Qeyd olunan mövqe onunla bağlıdır ki, Maddədə “təqdim edilməli olan çekin verilməməsi” ifadəsi ilə “ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” ifadələri köməkçi nitq hissəsi kimi bağlayıcıların növü olan iştirak bağlayıcıları (həm , həm də , həm də ki , o cümlədən , o sıradan , nəinki , hətta , habelə , həmçinin və s) vasitəsi ilə yox, bölüşdürmə bağlayıcıları (ya, ya da, ya da ki,və ya, və yaxud, yaxud da, gah, gah da, gah da ki, istər,istərsə də), yəni konkret olaraq və ya bağlayıcısı vasitəsi ilə əlaqələndirilmişdir. Qeyd olunan həlledici nüans isə onu göstərir ki, əgər cavabdehin mövqeyi əsaslı hesab edilərsə “ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” ifadəsi, həmçinin “təqdim edilməli olan çekin verilməməsi” ifadəsinin tərkibində getməyəcəkdir ki, cavabdehin hazırkı qərarı qəbul etməsinin əsassızlığı da məhz bununla bağlıdır. Halbuki, cavabdehin mövqeyi o vaxt əsaslı hesab edilə bilər ki, ifadə aşağıdakı formada olmuş olsun: “Təqdim edilməli olan çekin verilməməsi”, həmçinin (o, cümlədən və s) “ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” Lakin, maddədə istifadə olunan bağlayıcının və ya olması onu deməyə əsas verir ki, “çekin ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” ifadəsi “təqdim edilməli olan çekin verilməməsi” ifadələri üst-üstə düşmür. Belə ki, Məcəlləyə görə “təqdim edilməli olan çekin verilməməsi” dedikdə ümumiyyətlə çekin verilməməsi nəzərdə tutulur ki, qeyd olunan hal ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə aidiyyəti olmayan, əksinə məbləğin səhvən artıq göstərildiyi çekin verilməsinin vergi məsuliyyəti yaratmadığı təsdiq edir. Beləliklə, ödənilmiş məbləğdən səhvən yuxarı məbləğ göstərilməklə çekin təqdim edilməsi şəxsə maliyyə sanskiyasının tətbiqi əsası qismində çıxış etmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cаvаbdеh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.06.2021-ci il tarixli, **********3739 nömrəli saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1430/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1430/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver