Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1430/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində hesablanmış faiz borcunun ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona münasibətdə vergi borcu qismində 222203,56 manat faiz borcunun silinməsi öhdəliyinin icrasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona münasibətdə vergi borcu qismində hesablanmış 222203,56 manat faiz borcunun ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri LGBİ-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcu qismində əsassız olaraq yazılmış 222203,56 manat faiz borcunun silinməsi ilə bağlı müraciət etmiş, lakin onun bu müraciətinə cavab verilməmişdir. Hesab edir ki, hazırki, halda onun üzərinə yazılmış faiz borcu məhkəmə qaydasında silinməlidir. Belə ki, Covid 19 pandemiyası ilə əlaqədar təhlükəli virusun yayılmasının qarşısı alınması üçün Azərbaycan Respublikası ərazisində 2020-ci ilin mart ayından başlayaraq sərt karantin rejimi tətbiq edilmiş, zərurət olmadığı halda yaşayış yerindən çıxmaq vətəndaşlara qadağan edilmişdir. Belə bir vəziyyətdə məlum pandemiya səbəbindən vaxtında vergi borcunun ödənilməsini həyata keçirə bilmədiyindən onun barəsində materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırlmış və 17 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin başlanması rədd edildikdən sonra vergi orqanı ilə onun arasında vergi öhdəliyinin olub-olmamağını müəyyən etmək üçün xx.xx.2022-ci il tarixdə “ASAN imza” alaraq şəxsi kabnetinə daxil olaraq üzərində 222203,56 manat faiz borcunun qoyulmasını müəyyən etmişdir. Əsas vergi borcu vergi tutma obyektinə münasibətdə vergi hesablanma qaydaları pozulmaqla özlüyündə çox hesablansa da onun tərəfindən mübahisələndirilmədən ödənilmiş, lakin buna baxmayaraq bundan başqa ona faiz borcu da hesablanmış, bu faiz borcu dayanmadan həddən artıq artırılmaqla üzərinə əlavə olaraq əsassız öhdəlik də qoyulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1205/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində qeyd edilir ki, vergi borcunun ödənilməsi dair xx.xx.2020-ci il tarixli **********5 saylı bildirişdə qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 367849,08 manat, o cümlədən vergilər üzrə 280830,46 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 87.018, 62 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri hissəsində qeyd edilir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, onun Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 21 aprel 2021-ci il tarixdə cavabdehə dövlət büdcəsinə borcunun ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, xx.xx.2021-ci il tarixinə ümumilikdə 495869,46 manat, o cümlədən vergilər üzrə 326757, 80 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 169111, 66 manat məbləğində borcların 5 gün müddətində ödənuilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Hazırki, halda onun üzərinə faiz öhdəliyinin qoyulması onu son dərəcə çətin və əlverişsiz maliyyə vəziyyətinə salmaqla həyata keçirilən qanusuzluqdur, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində qeyd edilən dövlətin ali məqsədinə, Azərbaycan Respublikası Vergi və Mülki Məcəlləsinin tələblərinə də ziddir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və sonuncudan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********381000 №li yazılı etirazda göstərilmişdir ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.5-ci və 23.1.6-cı maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 274962,40 manat (o cümlədən, faizlər üzrə 222203,56 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 52758,84 manat) borcu mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübu üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan sadələşdirilmiş vergi bəyannaməsi üzrə əsas vergilər üzrə hesablanmış vergilərə tətbiq edilən faizlərdən ibarətdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. İddiaçı (VÖEN: **********) aid şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixə faiz borcu 222203,56 manat, cəmi 274962,40 manat borc hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 169.187,15 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-315/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixə olan dövlət büdcəsinə 169187,15 manat (bir yüz altmış doqquz min yüz səksən yeddi manat on beş qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 405000 (dörd yüz beş min) manat dəyərində olan əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 169187,15 manat (bir yüz altmış doqquz min yüz səksən yeddi manat on beş qəpik) məbləğində borc və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********1 saylı qərar və həmin qərar əsasında tərtib edilmiş **********1 saylı 27 noyabr 2020-ci il tarixli protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli 2-1(103)-2147/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-4673/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(102)-2048/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(103)-2147/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin olunması, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2-1(112)-4673/2021 saylı qərardadının ləğv olunması, işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Q2201332 №-li, xx.xx.2022-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən külli miqdar təşkil edən 444782,02 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini qanunla müəyyən edilmiş müddətdə ödəməkdən yayındığına görə İddiaçı barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən fiziki şəxs İddiaçı sifarişi əsasında verilmiş, xx.xx.2022-ci il tarixli, 107 saylı mütəxəssis rəyində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli 15 + mansard mərtəbəli 78 mənzilli yaşayış binasının layihə sənədlərinə əsasən ümumi sahəsi-8531,58 kv. m. təşkil etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/85xx-xx/7763 №li ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki; - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girşli yaşayış binasının ümumi sahəsinin 8487,5 kv. metr, o cümlədən zirzəmi mərtəbəsinin sahəsi 436,8 kv. metr (faydalı sahəsi 256 kv. metr), qeyriyaşayış sahəsinin 795,0 kv. metr, yaşayış sahəsinin 6102, 2 kv. metr, pilləkən, dəhliz və lift şaxtası sahəsi 1153,5 kv. metr olduğu müəyyən edilmişdir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018 məhəllə, Alı Mustafayev küçəsi 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girişli 15 + mansard mərtəbəli, 78 mənzilli yaşayış binası üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə müvafiq olaraq hesablanmalı verginin məbləğinin 518312, 25 manat olması müəyyən edildi. - Hazırki, tədqiqatla iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumillikdə 815758,00 manat məbləğində ödənişlərin aparıldığı, eyni zamanda aparılan tədqiqatla 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edildi. Həmçinin, bütün yuxarıda qeyd olunanlara əsasən, vergi ödəyicisinə hesablanmış faizlərin düzgünlüyünün müəyyən olunmaması ilə yanaşı faiz borcunun olması müəyyən olunmadı. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsinin (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvəvə olan redaksiyada): 13.2.18-ci maddəsinə əsasən faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmələrdir. 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. 218.3-cü maddəsinə əsasən bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. 221.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. 221.3.1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Beləliklə işin araşdırılan hallarından iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, 3018-ci məhəllə, Alı Mustafayev küçəsi, 21 saylı binanın arxa hissəsində inşa edilmiş 1 girşli yaşayış binasının ümumi sahəsi 8487,5 kv. metr təşkil etdiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq hesablanmalı verginin məbləğinin 518312,25 manat olması müəyyən edilmiş, vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə vergi ödəyicisi tərəfindən ümumillikdə 815758,00 manat məbləğində ödənişlər aparılmış, 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisinə əsassız olaraq faiz borcunun hesablandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə faiz borcunun hesablanması əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 222203 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik faiz borcu ləğv edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 300 (üç yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 222203 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik faiz borcu ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 300 (üç yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1430/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1430/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver