Məhkəmə qərarları › İş №2-1(112)-14302/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14302/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14302/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, daşınmaz əmlak üzərində yaranan hüququn əldə edilməsi üçün ünvan 1 ünvanında ona aid mənzilin və torpağın mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 1001 saylı sərancamı ilə fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 2-də torpaq sahəsi ayrılmışdır. Ona ayrılmış torpaq sahəsində (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 2.) yaşayış evi tiksə də, bu günədək mənzilin və torpağın mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmayıb. Sənədləşmə üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə № 9-213- 30/2-H-0455-8/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla qeyd olunan ünvanda yerləşən mənzilin və torpağın mülkiyyət hüququnun qeydiyyata alınması üçün torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizgisisinin və xx.xx.2000-ci il, 1001 saylı sərəncamın arxiv arayışı tələb olundu. Bir neçə dəfə Milli Arxiv idarəsinə müraciət etsə də, sərəncamın əsli Bakı Dövlət arxivində tapılmadığı üçün Milli Arxiv idarəsindən sərəncamın arxiv arayışı verilməyib. Qaradağ Rayon İcra Hakimiyyətinə xx.xx.2000-ci il tarixli, 1001 saylı sərəncamla ona ayrılmış torpaq sahəsində inşa etdirdiyi mənzilin və torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün yerləşmə cizgisinin verilməsi və mənzilin layihəsinin təsdiqlənməsi ilə bağlı müraciətimə xx.xx.2024-cü il tarixli, №5-13/1-H-73-091/2024 nömrəli məktubla xx.xx.2000-ci il, 1001 saylı sərəncamın arxiv arayışı tələb olunaraq bildirildi ki, rayon icra hakimiyyətində sərəncamın saxlanma müddəti 5 (beş) ildir. Saxlanma müddəti daimi olan sənədlər Azərbaycan Respublikası Milli Arxiv idarəsinə göndərilmişdir. xx.xx.2000-ci il, 1001 saylı sərəncamla bağlı inşa etdirdiyi mənzilin və torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olundu. 2007-ci ildən bu ünvanda yaşayırıq. Lakin 2023-cü ildə satdığı mənzilə ünvan 2 ünvanından qeydiyyatdadır. Satdığı mənzilin sahibi evdən qeydiyyatdan çıxmağını tələb edir. Özü birinci qarabağ müharibəsi iştirakçısıdır. Hazırda yaşadığı mənzil (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Yeni massiv 2, ev 11) bütün kommunal xidmətlərə (Qaz, işıq, su) qoşulub, bələdiyyənin torpaq, əmlak vergiləri və bütün komunal xərclər 2007-ci ildən ödənilir. Evin sənədləşməsi üçün xx.xx.2000-ci il, 1001 saylı sərəncamın Milli Arxiv idarəsinə göndərilməməsi vətəndaşın məsuliyyətinə aid deyil. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilən möhürlü sənədə görə məsuliyyət daşıyır.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “təqdim olunan sənədlər surətdir. Tərəfinizdən təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının 11 sentyabr 2023-cü il tarixli məktubuna əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1001 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmçinin qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir.”

4. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1001 nömrəli sərəncamında qeyd edilmişdir ki, Sahil qəsəbəsi, Ş.Əskərov küçəsi, ev 7, mənzil 104-də yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində 300 kv.m. torpaq sahəsi ayrılmışdır.

5. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 5-13/1-H-73-091/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanılma müddəti 5 (beş) ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra dövlət arxivinə təhvil verilir. Rayon icra hakimiyyətinin başçısı tərəfindən 2019-cu il tarixinədək imzalanmış sərəncamlar və onlara aid digər sənədlər Azərbaycan Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir.

6. "xxxx" MMC-i tərəfindən tərtib edilmiş eskiz layihəsindən görünür ki, Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində İddiaçı aid fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

10. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar

20. Cavabdehin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, İddiaçı aid ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 2 mərtəbəli, yarımzirzəmili yaşayış evidir. Torpaq sahəsi hasar daxilindədir, 3 tərəf qonşu, 1 tərəf yoldur. Fərdi yaşayış evinin faktiki vəziyyətə uyğun eskizi, evdə yaşayış vardır.

21. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti 5 ildir. Müvəqqəti mühafizə müddəti bitdikdən sonra Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivinə verilir.

22. Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubuna qeyd edilmişdir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1001 saylı sərəncamının Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur.

İV. Məhkəmənin mövqeyi

23. İddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır.

24. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. Məhkəmə qeyd edir ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsində 300 kv.m. torpaq sahəsinin ona Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1001 nömrəli sərəncamı əsasında ayrıldığını iddia etsə də, Dövlət Arxivinin Bakı Filialında mövcud olan həmin sərəncamında iddiaçı barəsində heç bir məlumat olmadığı müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənəd (yerləşmə cizgisi) işə əlavə edilməmişdir.

28. Torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Bu səbəbdən də torpaq sahəsinin səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə hüquq qeydiyyata alına bilməz.

29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin və Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 2 ünvanında yerləşən 11 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar