Məhkəmə qərarları › İş №2-1(112)-1431/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1431/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1431/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» barədə iddia tələbinə üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) x xxxx 1983-cü il tarixdən x xxxxxxx 1983-cü il tarixədək “Sahil” restoranında fəhlə, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxx 1984-cü il tarixədək “Bakı” Univermağında satıcı, xx xxxxxx 1985-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək “Moskva” Univermağında fəhlə, satcı və şöbə müdiri, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 1993-cü il tarixədək X2 mağazalarında mağaza müdiri, xx xxxxxx 1993cü il tarixdən x xxxxxx 1994-cü il tarixədək Hüquq-axtarış Kooperativində inspektor vəzifələrində işləmişdir. 1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun x xxxxxx 1994cü il tarixli 025 nömrəli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul olunaraq, Respublika Daxili Qoşunların icrasına nəzarət üzrə hərbi prokurorluğunun dəftərxana müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun x xxxxxx 1996-cı il tarixli 202 nömrəli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin müfəttişi, xx xxxxxx 2001-ci il tarixli 74 nömrəli əmri ilə Analitik-İnformasiya şöbəsinin müfəttişi, xx xxxxx 2001-ci il tarixli 75 nömrəli əmri ilə Təşkilat-analitik şöbəsinin müfəttişi, xx xxxx 2004-cü il tarixli 70 nömrəli əmri ilə Müraciətlərə baxılması şöbəsinin böyük müfəttişi, x xxxx 2005-ci il tarixli 20 nömrəli əmri ilə Respublika Hərbi Prokurorluğunun rəhbərliyi yanında mütəxəssis (kadr işi üzrə), xx xxxx 2009-cu il tarixli 25 nömrəli əmri ilə Kadrlar şöbəsinin baş mütəxəssisi (kadrlarla iş üzrə), xx xxxx 2015-ci il tarixli 69 nömrəli əmri ilə Kadrlar və hüquqi təminat şöbəsinin baş mütəxəssisi (kadrlarla iş üzrə), xx xxxxxx 2015-ci il tarixli 174 nömrəli əmri ilə Kadrlar və hüquqi təminat şöbəsinin baş məsul icraçısı (kadrlarla iş üzrə) vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxx 1994-cü il tarixli 64/t nömrəli əmri ilə ehtiyatda olan leytenant hərbi rütbəsi verilmiş, xx xxxxxx 2004-cü il zarixli 0119 nömrəli əmri ilə ehtiyyatda olan leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunaraq leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun xx xxxx 2004-cü il tarixli 04 nömrəli əmri ilə baş leytenant, x xxxxxx 2005-ci il tarixli 01 nömrəli əmri ilə kapitan, x xxxxxx 2008-ci il tarixli 34 nömrəli əmri ilə mayor hərbi rütbəsi almışdır. Azərbaycan Respublikası Hərbi prokurorunun x xxxx 2020-ci il tarixli 87 nömrəli əmri ilə x xxxx 2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilib prokurorluq orqanlarından xaric edilməklə, ehtiyatda olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək x xxxxxx 1994-cü il tarixdən 29 fevral 2004-cü il tarixədək hərbi vəzifədə mülki işçi kimi işlədiyi müddəti hərbi xidmət müddətinə əlavə olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş x xxxxxx 2020-ci il tarixli hp-10/607 nömrəli məktubda qeyd idilmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir, «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinin «d» bəndinin 2-ci abzasında zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün - ilk zabit hərbi rütbəsi verilməsi əmr imza edilən gün onun xidmət ilinin başlanğıcı hesab edilir. Göstərilənlərə və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsinin yenidən yazılaraq, onun x xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2004-cü il tarixədək hərbi vəzifədə işlədiyi 10 il 27 gün mülki iş stajının hərbi xidmət kimi hesablanmaqla yeni məlumat vərəqəsinin tərtib edilərək həmin İdarəyə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və opna əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsini müəyyən edən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağrıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları ...gündən bu statusu itirirlər. Hərbi xidmətin başlanğıcını müəyyən edən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinin “d” bəndinin 2-ci abzasında zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün onun xidmət ilinin başlanğıcı hesab edilir. Buna görə də İddiaçı hərbi xidmətə başlaması anı iddia ərizəsində əks olunduğu kimi x xxxxxx 1994-cü il tarixdən deyil, xx xxxxxx 2004-cü il tarixdən, yəni ona “leytenant” hərbi rütbəsi verilməklə könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmətə qəbul edildiyi tarix götürülməlidir. Bundan başqa «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarət olduğundan İddiaçı hərbi vəzifəli kimi x xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2004cü il tarixədək ehtiyatda olmuş, xx xxxxxx 2004-cü il tarixdə Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə qəbul olunaraq Respublika Hərbi prokurorunun sərəncamına göndərildiyindən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən hərbi qulluqçu statusunu həmin tarixdən əldə etmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 2.0.9-cu maddəsində hərbi qulluqçular dedikdə ehtiyatda deyil, həqiqi hərbi xidmətdə olan şəxslər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən edilir ki, İddiaçı ilk hərbi rütbəsini x xxxx 1994-cü il tarixdə aldığını göstərsə də, həmin dövrdən sonra o, ehtiyatda olmuş lakin toplanışlar keçməmiş və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməmişdir. Göründüyü kimi, İddiaçı x xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2004-cü il tarixədək olan müddət ərzində Respublika Hərbi Prokurorluğu orqanlarında işlədiyi müddətin də hərbi qulluqçu kimi hesablanılmaqla DSMF Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə “məlumat vərəqəsi” göndərilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik qoyulması haqqında iddiası əsassızdır. Qeyd olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmin Qanunun 2.0.9-cu maddəsinə görə hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Həmin Qanunun 24-cü maddəsinə görə hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. «Hərbi qulluqşuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: - d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün – ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün, zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün – ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün, ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün – hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Həmin maddədə həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bındinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin mübahisələndirdiyi hal Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı kimi İddiaçı x xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında müvafiq vəzifədə mülki işçi olaraq işlədiyi müddətin hərbi qulluqçunun xidmət dövrü kimi nəzərə alınmaqla məlumat vərəqəsində əks olunmasıdır. Məhkəmənin mövqeyi isə belədir ki, İddiaçı x xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında hərbi rütbə daşıması tələb olunmayan vəzifələrdə (dəftərxana rəisi, Kadrlar şöbəsinin müfəttişi və s.) işlədiyi müddət onun hərbi qulluqçu kimi hərbi xidmət müddətinə daxil edilə bilməz. Çünki, həmin vəzifələrdə işlədiyi dövrdə o, hərbi qulluqçu statusuna malik olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanının iddiaçının x xxxxxx 1994-cü il tarixdən xx xxxxxx 2004-cü il tarixədək hərbi prokurorluq orqanlarında işlədiyi müddətin həbi qulluqçu qismində onun xidmət dövrü kimi nəzərə alınmaqla yeni “məlumat vərəqəsi”nin tərtib olunması və aidiyyəti quruma göndərilməsindən imtinası qanuna zidd və iddaçının hüquqlarının pozulmasına səbəb olan hal deyil. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar