Məhkəmə qərarları › İş №2-1(112)-14313/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14313/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14313/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı X3 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı, X3 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 11 iyul 2023-cü il tarixli İP 1759 №-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən X5 (satıcı) Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 23, mənzil 20 Yeni Qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 11, M7, m2 ünvanda yerləşən mənzili İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. Alqı-satqı və ipoteka müqaviləsi zamanı X3 və X2 ərizə yazaraq mənzilin X5 tərəfindən satılmasına və ipotekaya qoyulmasına razılıq vermişlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 23, mənzil 20 Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 11, M7, m2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li arayışına əsasən X3 və X2 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, mülkiyyətinizdə olan Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 11, M7, mənzil 2 (köhnə qaydalarla: Sadıx Dadaşov küçəsi, ev 23, mənzil 20) ünvanından X3 və X1 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz”. İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 11, M7, m2 (keçmiş qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 23, mənzil 20) mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər alqı-satqı olunan tarixdən qeyd olunan mənzildə yaşamırlar və qeydiyyatda olması formal xarakter daşıyır. Bütün bu səbəblərdən də hesab edir ki, üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Ona görə də üçüncü şəxslər ona məxsus evdən pasport qeydiyyatından çıxarılmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və üçüncü şəxslər həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçıdan əvvəlki mülkiyyətçi mənzili alqı-satqı edərkən üçüncü şəxslər notarial qaydada təsdiq edilmiş ərizə verərək mənzilin satılmasına və ipotekaya qoyulmasına razılıq vermişlər. İddiaçı hazırda üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının mülkiyyətində olan qeyd olunan mənzildə üçüncü şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadıqları və istifadə hüquqları olmadığı iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, üçüncü şəxslər mənzilin əvvəlki sakinləri (əvvəlki mülkiyyətçinin ailə üzvləri) olmuş və üçüncü şəxslər alqı-satqı və ipoteka müqaviləsi bağlanan zaman ərizə yazaraq mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmədiklərini bildirmişlər. Üçüncü şəxslər mənzil iddiaçıya satılmamışdan əvvəl həmin mənzildə pasport qeydiyyatına alınmışlar. Bu isə iddiaçının həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün faktiki olaraq yaşadığı yeni yaşayış yeri üzrə qeydiyyata alına bilər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X3 və X1 Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 23, mənzil 20 (Yeni Qaydalarla: AZ 1141, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar