Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14326/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 8, mənzil 11 ünvanından X8, X10, X9 və X4 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X8 arasında Bakı şəhər 18 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nə əsasən X8 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 8, mənzil 11-i iddiaçıya satmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 8, mənzil 11-i alıb orada yaşayır. Evin sahibi X8, Türkiyə Respublikasında yaşayır. X1 iddiaçının adına Türkiyədən hansısa bir sənədin göndərilməsini və mənzilin iddiaçının adına sənədləşdirilməsini xahiş etsə də, o müxtəlif bəhanələr gətirərək, evin İddiaçı adına sənədləşdirilməsindən boyun qaçınmışdır. Mənzili iddiaçı aldıqdan sonra mənzilin əvvəlki sakinləri oradan köçüb getsələr də, lakin həmin şəxslərdən - X8, X10, X6 və X7 hələ də iddiaçının mənzilində pasport qeydiyyatında qalmışlar. Üçüncü şəxslərin mənzildə pasport qeydiyyatında qalmaları iddiaçının bir sıra hüquqlarını məhdudlaşdırır. Onlara görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da iddiaçının hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. İddiaçı üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 8, mənzil 11-dən qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda üçünçü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının Sabunçu Rayon Polis İdarəsinin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir.
3. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 8, 11 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
4. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 ünvandan özünün və iddia ərizəsində qeyd edilən şəxslərin qeydiyyatdan çıxdıqlarını bildirdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
11. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
12. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədiyi ünvan - ünvan 2çının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
14. Göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva