Məhkəmə qərarları › İş №2-1(112)-1433/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1433/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1433/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, X2 tərcüməçiliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə pensiya təyin edildikdən sonra sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ona əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə 28 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və fərdi hesabında toplanmış 26 354,69 manat pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi qulluqçu kimi xx.xx.1993cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. O, pensiyaya çıxdıqdan sonra xx.xx.1994-cü il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində onun sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. O, xx.xx.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək yığılmış kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişdir ki, müraciətinə dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab verildikdən sonra əmək pensiyasının yenidən hesablanmasına baxılacaqdır. Pensiyasının qanunla nəzərdə tutulan müddət ərzində yenidən hesablanmadığını görərək o, nümayəndəsi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə cavabdehə yenidən müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Cavabdehin hərəkətsizliyini əsassız və qanunsuz hesab edir və imtina kimi qiymətləndirir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-18683/2024 nömrəli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 1487,78 manat müəyyən edilmişdir. İddiaçıya 10 iyul 1993-cü il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Bununla əlaqədar, aparılmış araşdırma zamanı iddiaçının əmək pensiyasının təminat xərcliyinə uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Buna görə də, verilmiş sorğuya cavab olaraq, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən iddiaçnın əmək pensiyası yenidən hesablanaraq 747,75 manat məbləğində müəyyən edilmiş, həmçinin keçmiş üç il müddət üçün hesablanmışdır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad edildiyi 1 dekabr 2015-ci il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5174,88 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 72 (144 - 72) aya bölünərək adıçəkilən şəxsin əmək pensiyasının (747,75 manat) üzərinə 71,87 (5174,88:72) manat əlavə edilərək pensiya məbləği 19 may 2019-cu il tarixdən (Mərkəzi Filiala müraciət edilən 19 may 2022-ci il tarixdən üç il geriyə) 819,62 (747,75+71,87) manata artırılmışdır. Bundan başqa iddiaçının 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 960,06 manat məbləğində müəyyən edilmişdir. İddiaçı növbəti dəfə işdən azad edildiyi 13 yanvar 2020-ci il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7226,01 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünərək iddiaçının əmək pensiyasının (960,06 manat) üzərinə 100,36 (7226,01:72) manat əlavə edilərək pensiya məbləği həmin tarixdən 1060,42 (960,06+100,36) manata artırılmışdır. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1166,46 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1337,93 manat, 1 yanvar 2024-cü il tarixdən isə 1487,78 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış ümumilikdə 7821,65 manat fərq məbləği 2024-cü ilin noyabr ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 217,27 manat) adıçəkilən şəxsin əmək pensiyasının (1487,78 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Əmək pensiyalarının 1 yanvar 2025-ci il tarixdən növbəti dəfə indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1608,29 manat təşkil edir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının əmək pensiyasının məbləği qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, o, 2006-cı ildən sonra fasiləsiz olaraq işləmişdir və onun fərdi hesabında 26 354,69 manat pensiya kapitalı toplanmışdır. Belə ki, bununla bağlı ona işəgötürən müəssisə tərəfindən aparılan məcburi dövlət sosial sığorta haqqları barədə məlumatı əks etdirən hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin məhkəmə sorğusuna 02 aprel 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya 10 iyul 1993-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Onun fərdi hesabın sığorta hissəsində xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə qeydə alınmış pensiya sığorta kapitalı 30792,66 manat təşkil edir, xx.xx.2020-ci il tarixindən sonra isə pensiya sığorta kapitalı qeydə alınmamışdır. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında 28.110.2024-cü il tarixli, 3-17-1/3-3-18683/2024 nömrəli Qərarından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdən DİN tərəfindən əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyası Əmək pensiyaları haqqında AR Qanununun 37.3.2-1-ci maddəsinə əsasən FHN tərəfindən göndərilmiş yeni məlumat vərəqinə əsasən yenidən hesablanmışdır. İddiaçının yenidən hesablanmış pensiya məbləği 1487,78 manat təşkil etmişdir. İddiaçının əmək pensiyasının hesablanması qaydası haqqında cavabdehin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad edildiyi 1 dekabr 2015-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5174,88 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünərək (5174,88:72 ay (144 ay-72 ay))=71,87 manat) 19 may 2019-cu il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyiniz 19 may 2022-ci il tarixindən üç il geriyə) müəyyən olunmuş pensiyasının (747,75 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 819,62 (747,75+71,87) manat məbləğində müəyyən edilib. Bundan başqa, iddiaçının 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası yenidən hesablanaraq 960,06 manat məbləğində müəyyən edilib. İddiaçı növbəti dəfə işdən azad edildiyi 13 yanvar 2020-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7226,01 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünərək (7226,01:72 ay (144 ay-72 ay))=100,36 manat) həmin tarixədək müəyyən olunmuş pensiyasının (960,06 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1060,42 (960,06+100,36) manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən 1166,46 manat, 29-cu maddəsinə əsasən indeksiəşdirilmə ilə əlaqədar 1337,93 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 1487,78 manat məbləğində müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış ümumilikdə 7821,65 manat fərq məbləği cari ilin noyabr ayından etibarən Qanunun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun qaydad hissə-hissə (hər ay 217,27 manat) adıçəkilən şəxsin əmək pensiyasının (1487,78 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Cavabdeh tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. İşdən görünür ki, iddiaçıya pensiya təyin edildikdən sonra o, müxtəlif işlərdə, o cümlədən xx.xx.2006-cı ildən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda və "xxxx" Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır. Cavabdehin iddiaçının müraciətinə cavab məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Sığortaolunan haqqında məlumatdan görünür ki, yanvar 2006-mart 2020 dövr üzrə iddiaçının fərdi hesabında 26354,69 manat pensiya kapitalı toplanmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. İddiaçı müvafiq tələblə cavabddehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır (1.0.7.). Fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (1.0.8.). Pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir (1.0.10.). Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.2.). İşləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.1.). Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (37.3.1.). Qanunun qeyd edilən müddəalarından görünür ki, əmək pensiyası təyin olunduqdan sonra işləməyə davam edən əmək pensiyaçıları 6 il işlədikdən sonra onların əmək pensiyası toplanmış sığorta kapitalına uyğun olaraq yenidən hesablanır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçıya 10 iyul 1993-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan sonra iddiaçı müxtəlif işlərdə işləməyə davam etmiş və fərdi hesabına toplanmış sığorta kapitalına əsasən onun əmək pensiyası 01 dekabr 2015-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5174,88 manat pensiya sığorta kapitalına uyğun olaraq birinci dəfə, eyni zamanda 13 yanvar 2020-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7226,01 manat pensiya sığorta kapitalına uyğun olaraq ikinci dəfə yenidən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçının fərdi hesabına olan pensiya kapitalına dair məlumat məhkəməyə təqdim edilmişdir. Həmin məlumatdan görünür yanvar 2006-mart 2020-ci illər dövrləri ərzində iddiaçının fərdi hesabına toplanmış pensiya kapitalı ümumilikdə 26934,49 manat təşkil edir. Lakin, cavabdeh tərəfindən iddiaçının pensiya kapitalı birinci dəfə hesablanarkən 5174,88 manat, ikinci dəfə hesablanarkən isə 7226,01 manat müəyyən edilmişdir ki, bunun cəmi 12400,89 manat təşkil edir. Bu isə iddiaçının əmək pensiyasının ikinci dəfə hesablandığı dövrə qədər olan pensiya kapitalından təqribən 2 dəfə azdır. Qeyd edilən məsələnin aydınlaşdırılması üçün cavabdehin nümayəndələrinə məhkəmə tərəfindən sual ünvanlansa da, onlar həmin məsələyə tam aydınlıq gətirə bilməmişlər. Belə ki, həmin məbləğin ola bilsin ki, indeksləşdirilmiş məbləğ olduğunu bildirmişlər. “Əmək pensiyaları haqqında” Qanuna əsasən Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir (29.1.). Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir (29.1-1.). Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (29.3.). Qanunun qeyd edilmiş müddəalarından görünür ki, indeksləşdirmə həm qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının pensiyasının sığorta hissəsinə münasibətdə, həm də sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına münasibətdə aparılır. Hazırda iddiaçının pensiyasının sığorta hissəsindən yox, onun fərdi hesabına 2006cı ildən sonra toplanmış pensiya kapitalından söhbət gedir. Həmin kapital isə pensiyanın yenidən hesablandığı 2020-ci ilin yanvar ayına 26354,49 manat təşkil etmişdir. Lakin, cavabdeh həmin vaxta qədər iddiaçının əmək pensiyasının sığorta hissəsində toplanmış 12400,89 manat sığorta kapitalı hesablamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və İddiaçı fərdi hesabında toplanmış 26 354,69 manat pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar