Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1434/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 064 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.1988-ci il təvəllüdlü İddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. İddiaçının tərxis edilməsinə səbəb barəsində aparılmış xidməti araşdırma olmuşdur. Belə ki, iddiaçı növbəti planlı tibbi yoxlamadan keçən zaman narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Xromotoqrafık analizi nəticəsində orqanizmdə marixuana narkotik vasitəsi aşkar edilmişdir. Hərbi xidmətdən tərxis edilməsi barədə xx.xx.2022-ci il tarixli əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı mədəbağırsağında yaranmış problemlərlə əlaqədar bu sahə üzrə həkimə müraciət etmiş, sonuncu ona nevroloqa müraciət etməsini tövsiyə etmişdir. Buna görə də iddiaçının yaxın tanışlarının məsləhəti ilə "Olimp-Hospital” da işləyən həkim-nevroloqa müraciət elmişdir. Həkim iddiaçını müayinə etdikdən sonra ona "Sevpram” və "Atarax” adlı psixotrop tərkibli dərmanları qəbul etməsini tövsiyə etmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli resept blanklarından da görünür ki, iddiaçıya psixotrop tərkibli dərmanların vaxtaşırı qəbul edilməsi tövsiyə olunmuşdur. İddiaçı növbəti planlı tibbi yoxlamadan keçən zaman xx.xx.2022-ci il tarixində narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Məhz həkim tərəfindən ona tövsiyə olunmuş dərmanları qəbul etdikdən sonra iddiaçı narkotik vasitələrin analizini vermişdir. Bununla belə qənaətə gəlmək olar ki, iddiaçının dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. Qəbuledilməz hal odur ki, iddiaçı psixotrop tərkibli dərmanlar qəbul etmişdir və analiz nəticələrində psixotrop dərmanların izləri aşkar edilməli idi. Lakin marixuananın izləri aşkar edilmişdir. İddiaçı analiz verməmişdən əvvəl DTX Hərbi Hospitalının analiz nümunələrini qəbul edən məsul işçisinə "Sevpram" və “Atarax" adlı psixotrop tərkibli dərmanlarını mütəmadi qəbul etdiyini bildirmiş və həmin işçi iddiaçının gözləməsini xahiş etmişdir. Bu barədə DTX-nin daxili təhlükəsizliyə məsul idarəsi ilə əlaqə saxlanılmış, iddiaçı ora çağırılmışdır. Məhz iddiaçı özü psixotrop dərmanları qəbul etmə faktını etiraf etdikdən sonra onun analiz nəticələrində marixuananın izləri aşkar edilmişdir. Analiz nəticələri həqiqəti əks etdirmir, qərəzlidir və onun məqsədyönlü şəkildə xidmətdən uzaqlaşdırılmasına hesablanmışdır. İddiaçı növbəti planlı tibbi yoxlamadan bir gün sonra xx.xx.2022-ci il tarixində X2 mərkəzinə müraciət edərək narkotik maddələrinin istifadəsi ilə bağlı analiz vermişdir. Analiz nəticələri neqativ çıxmışdır. Analiz nümunələri marixuanın (THC) mövcudluğu üzrə də yoxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 11 may 2022ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 618 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir maddələrin izləri aşkar edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasına müraciət edərək, narkotik maddələrin istifadəsi ilə bağlı sidik və qan analizi vermişdir. Analiz nəticələri neqatif çıxmışdır. Bu bir daha onu deməyə əsas verir ki, iddiaçı narkotik maddələrinin aludəçisi deyil. DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təmin edilməsi üçün verilmiş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik maddələri mütəmadi olaraq qəbul edirdisə bu sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. Bununla da DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yalnış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə iddiaçı qanunsuz əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. iddiaçı 2013-cü ilin avqust ayında keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmətə başlamış, xidməti dövrü ərzində kiçik gizir rütbəsindən baş leytenant rütbəsinə kimi yüksəlmiş, zabit qismində xidmətini davam etdirmişdir. Xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş, pul mükafatları almışdır. Təhlükəsizlik orqanlarının 100 illik yubileyi medalı ilə təltif edilmişdir. Xidmət dövründə nümunəvi, əmr və təlimatların tələblərinə riayət edən, vətənpərvər hərbçi kimi xarakterizə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 2-ci hissəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı hissəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. Beləliklə, növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. Yoxlama zamanı İddiaçı qeyri-səmimilik nümayiş etdirərək orqanizmində narkotik vasitənin aşkarlanmasını mədəbağırsağında yaranmış problemlərlə əlaqədar həkimin təyinatı üzrə qəbul etdiyi dərman preparatları ilə əlaqələndirməyə çalışsa da, ondan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi aşkar edilmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı təyin edilmiş dərman preparatlarının heç birinin tərkibində “marixuana (TCH)” narkotik maddəsi mövcud deyildir. İddiaçı götürülmüş qan və sidik nümunələri bu sahə üzrə “qızıl standart” adı almış Kütlə Spektrometriyalı qaz və maye xromotoqrafiyası metodu ilə yoxlanılmışdır. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydalan"nın tələblərini və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarxidə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi, vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1988-cİ il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X2 Mərkəzi Poliklinikin xx.xx.2022-ci il tarixli analiz nəticəsindən görünür ki, İddiaçı PCP (Piperidin), TCA (Trisiklik antidepressant), THC (Kannabinoid), TML (Tramadol), MDT (Metadon), MOP (Morfin), MDMA (Ekstazi), BZD (Benzodiazepin), COC (Kokain), BAR (Barbiturat), AMP (Amfetamin) neqativdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhəri Narkoloji Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 618 nömrəli Aktına əsasən İddiaçı yoxlanılan narkotik vasitə və psixotrop maddələrdən THC, TML, BZO, MTD aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə götürülmüş xx.xx.2022-ci il tarixli Respublika Gigiyena və Epidemologiya Mərkəzi PHŞ, Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasının analizin nəticələrinə əsasən İddiaçı qan nümunəsində yoxlanılan THC delta 9, THC-COOH, THC-OH 11, Tramadol, Benzodiazepin, Amfetamin maddələrinin göstəriciləri 0-dır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 23/624 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, tədqiqatın başlanma tarixi 07 may 2022-ci il, tədqiqatın başa çatma tarixi 13 may 2022-ci il. Mərkəzi laboratoriyaya tədqiqat üçün təqdim olunan İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. "CLİA WAİVED” ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı Marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə vermişdir. Genişləndirilmiş xromotoqrafik analiz zamanı şəxsin qan və sidik nümunəsində Marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Yekun Rəy: Tətbiq edilən tədqiqat metodlarının nəticəsinə və praktiki təcrübəyə əsaslanaraq qərara gəlirəm ki, LCMS-8030 cihazının xromotoqrafik analizinin nəticəsinə əsasən müayinə olunan şəxsin qan və sidik nümunəsində Marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 19/1029 nömrəli məktubunda bildirilmişdir ki: -Marixuana (THC) maddəsi orqanizmin fərdi xüsusiyyətlərindən və istifadənin tezliyindən asılı olaraq qan və sidikdə fərqli zaman aralığında testlərdə aşkar oluna bilər. Həmin maddənin bir dəfə istifadəsindən sonra 1-3 gün, həftədə 4 dəfə istifadə halında 5-7 gün, xronik istifadəçilərdə isə 30 gün müddətində orqanizmdə xüsusi testlərlə bioloji nümunələrdə aşkar oluna bilər. -Narkotik maddələrinin insan orqanizmindən əsas xaric olma yolu tər və sidik vasitəsilə olur. Orqanizmdəki narkotik maddələrin əsasən də sidikdə təyini müddətinin azaltmaq üçün istifadəçi şəxs sidik qovucu preparatlar verilərək bol miqdarda maye köçürülür. Bununla da orqanizmdəki narkotik maddənin konsentrasiya miqdarı azaldılaraq təyin olunma müddəti qısaldılır. -Qeyd olunan dərman preparatları ATARAX və SEVPRAM dərman preparatlarının Marixuana (THC) maddəsini yanlış pozitiv verməsinə səbəb ola bilməz. Çünki qeyd olunan dərman preparatlarının tərkibində THC (Tetrahydrocannabinol) narkotik molekulu mövcud deyildir. Aşkar olunan maddə Marixuana (THC) maddəsi dünyada qızıl standart olan LCMSMS analizatorunda kütləspektrometrik metodla aşkar edilmişdir. Kütləspektrometrik metodla analiz zamanı maddələr hər biri öz xarakteristik ana və köməkçi ionun təyini üsulu ilə aparılır. Qeyd olunan məlumatlar müasir elmi araşdırmalar əsasında ən son ədəbiyyata əsaslanaraq təqdim edilmişdir (1. Moeller, Karen E., Kelly C. Lee, and Julie C.Kissack. “Urine drug screening: practical guide for clinicians.” X7. Vol.83. No. 1. Elsevier, 2008; 2. Cotten SW, Duncan DL, Burch EA, Seashore CJ, Hammet-Stabler CA. Unexpected interference of baby wash products with a cannabinoid (THC) immunoassay, Clinical biochemistry. 2012;45(9):605-9; 3. Montesano C, Sergi M, Odoardi S, Simeoni MC, Compagnone D, Curini R. A p-SPE procedure for the determination of cannabinoids and their metabolites in urine by LC-MS/MS. Journal of Pharmaceutical analysis. 2014;91:169- 75; 4. Thompson LK, Cone EJ. Determination of 9-tetrahydrocannabinol in human blood and saliva by high-performance liquid chromatography with amperometric detection. Journal of Chromatography B: Biomedical Sciences and Applications. 1987;421:91-7.; 5. Hadener M, Weinmann W, van Staveren DR, Konig S. Rapid quantification of free and glucuronidated THCCOOH in urine using coated well plates and LC-MS|MS analysis. Bioanalysis. 2017;9(5):485-96.) Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 23/717 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sidik və qan nümunələri 07 may 2022-ci il tarixdə götürülmüşdür. İlkin ekspress testin nəticəsinin pozitiv olması barədə məlumat həmin gün iddiaçıya bildirilmiş və eyni tarixdə ondan izahat alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-14663 nömrəli məktubunda bildirilmişdir ki: - Marixuana (THC) maddəsinin son istifadə edilmə tarixindən sonra sidikdə 3 gündən 4 həftəyə qədər müddətində aşkarlanması mümkündür. Bu göstərici narkotikin istifadəsi tezliyindən orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. - Müasir detoksikasiya metodları ilə bu müddəti bir qədər azaltmaq mümkündür. - Atarax və Sevpram dərman preparatlarının istifadə olunması zamanı qan və sidik nümunəsində marixuana (THC) maddəsinin aşkar olunmasına səbəb olub-olmaması barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X5 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 5990 nömrəli məktubunda bildirilmişdir ki:
1. THC-tetrahidrokanobinol (Marixuana) maddəsinin son istifadə (istehlak) edilmə tarixindən sonra qan və sidik nümunələrində onun tezlik istifadəsindən asılı olaraq 3 gündən - 36 günədək qalması və aşkar olunması mümkündür.
2. Bu müddətin qısaldılması efferent metodları (qan yuma) vasitəsilə qısaldıla bilər.
3. Müayinə sürətli ekspress test üsulu ilə olunubsa, bu testlərin istifadə qaydalarında bu haqda heç bir məlumat qeyd edilməyib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 064 nömrəli Əmrinə əsasən DTX-nin 21 sentyabr 2016-cı il tarixli Q/097 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış qaydalarında təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi ilə bağlı məhkəmədə xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. -156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). -168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın: -2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. -6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. -7-ci bəndinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qəbul edilən şəxslər və ya bu subyektlərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icbari narkoloji müayinədən keçirilirlər. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: -6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.1-ci maddəsinə əsasən tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. -24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -24.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında: 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı DTX əməkdaşı baş leytenant rütbəsində xidmət edərkən DTX Hərbi-tibb baş idarəsində keçirilmiş növbəti dispanser müayinəsinə cəlb edilmiş, tibbi müayinə zamanı narkotestlərin təyini nəticəsində iddiaçıdan götürülmüş qan və sidik analiz nümunələrində Marixuana (THC) aşkar olunmuşdur. Bundan sonra cavabdeh iddiaçının “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış qaydalarında təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə istinadən onu “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə xidməti uyğunsuzluğa görə xidmətdən azad etmişdir. Hazırkı iddia üzrə iddiaçının mübahisələndirilən əmrin ləğvi ilə bağlı gətirdiyi dəlillər aşağıdakılardır: -İddiaçıya həkim tərəfindən ona tövsiyə olunmuş psixotrop tərkibli dərmanları mütəmadi qəbul etdiyindən növbəti planlı tibbi yoxlamadan keçən zaman narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. -İddiaçının növbəti planlı tibbi yoxlamadan bir gün sonra xx.xx.2022-ci il tarixində X2 mərkəzində, 11 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzində, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində narkotik maddələrinin istifadəsi ilə bağlı verdiyi sidik və qan nümunələrində analizin nəticələri neqativ çıxmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçının qeyd edilən dəlilləri mübahisələndirilən əmrin ləğvinə əsas vermir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının qəbul etdiyi "Sevpram" və “Atarax" adlı müalicə məqsədilə təyin olunmuş dərman preparatlarının tərkibində marixuana (THC) maddəsinin olması və ya həmin preparatların istifadə olunması zamanı qan və sidik nümunəsində marixuana (THC) maddəsinin aşkar oluna bilməsi məhkəmə sorğularına verilmiş mütəxəsis cavablarında (rəylərində) öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli daxili yoxlamadan sonrakı gün öz təşəbbüsü ilə digər tibb müəssisələrində yenidən analiz verməsinin zərurliyini əsaslandıra bilməmişdir. Halbuki, iddiaçıdan növbəti dispanser müayinəsi ilə əlaqədar 07 may 2022-ci il tarixdə sidik və qan nümunələri götürülmüş, testin nəticəsinin pozitiv olduğu barədə məlumat həmin gün iddiaçıya bildirilmişdir. Eyni gündə iddiaçıdan alınmış izahatın məzmunundan görünür ki, iddiaçı aparılmış analiz nəticələrinin pozitv çıxmasının səbəbini müalicə üçün qəbul etdiyi dərmanlarla əlaqələndirmiş, lakin analizin nəticələrinə birmənalı etirazını bildirməmiş, yenidən analiz aparılmasını və yaxud digər ixtisaslaşmış tibb müəssisələrində yenidən analizə göndərilməsini cavabdehdən bilavasitə tələb etməmişdir. Bundan əlavə iddiaçıdan alınmış qan və sidik nümunələrinin xx.xx.2022-ci il tarixli analizin nəticəsinin müsbət, sonrakı tarixlərdə- xx.xx.2022-ci il tarixdə qan nümunəsi, xx.xx.2022-ci il tarixdə sidik nümunəsi, xx.xx.2022-ci il tarixdə qan nümunəsinin analiz nəticələrinin neqativ olmasına aydınlıq gətirilməsi ilə bağlı məhkəmə müvafiq qurumlara sorğular göndərilmişdir. Sorğulara verilmiş yuxarıda sadalanan cavablarda ümumi alınana nəticələr ondan ibarət olmuşdur ki, narkotik maddələrinin insan orqanizmindən əsas xaric olma yolu tər və sidik vasitəsilədir. THC-tetrahidrokanobinol (Marixuana) maddəsinin son istifadə (istehlak) edilmə tarixindən sonra qan və sidik nümunələrində aşkar edilməsi istifadə edilmə tezliyindən və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq 3 gündən 30 günədək qalması və aşkar olunması mümkündür. Müasir detoksikasiya metodları ilə, o cümlədən sidik qovucu preparatlar verilərək bol miqdarda mayenin qəbul edilməsi, eləcə də qan yuma vasitəsilə bu müddətlər qısaldıla bilər. Beləliklə, şəxsin orqanizmində narkotik vasitənin son istehlak tarixindən ən azı 30 günədək qalmasının mümkünlüyü, bu müddətin başlanğıc və son tarixinin müəyyən edilə bilməməsi, eləcə də müvafiq metodlarla narkotik maddənin orqanizmdən çıxarılmasının tezləşdirilməsinin mümkünlüyünü nəzərə aldıqda hesab olunur ki, iddiaçı barəsində əmrin qəbul edilməsinə əsas verən halın mövcudluğunu istisna edən hal iş üzrə sübut olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova