Məhkəmə qərarları › İş №2-1(112)-14349/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14349/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14349/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 262.722 (iki yüz altmış iki min yeddi yüz iyirmi iki) manat maddi ziyan və 20000 (iyirmi min) manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1436/2016 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Həmin qərarda 2004-2005-ci illərin əmək haqqı son 24 ayın əmək haqqı kimi qəbul edilərək, “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə qüvvədə saxlanılmışdır. Həmin qərar xx.xx.2016-cı il tarixində qanuni qüvvəyə minmişdir və icra edilməsi üçün məhkəmə tərəfindən icra vərəqəsi verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8-1(81)- 28/2018 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(81)-1436/2016 saylı qərarının nəticə hissəsi “İddiaçı 2004-2005-ci illərin əmək haqqı son 24 ayın əmək haqqı kimi qəbul edilərək “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq, yəni xx.xx.2006-cı il tarixdən hesablanması, xx.xx.2006-cı il tarixdən hesablama qaydası və məbləğin xx.xx.2008-ci il tarixdən tətbiq edilmiş hesablama qaydasına və məbləğinə uyğun aparılması, əmək pensiyalarının yenidən hesablayaraq keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi izah edilmiş, qərardan verilmiş şikayət apellyasiya instansiyasında baxılaraq, şikayət qismən təmin edilməklə qərarın nəticə hissəsindəki “xx.xx.2008” tarixi “xx.xx.2006” tarixi ilə əvəz edilmişdir. Hazırkı vəziyyətdə məhkəmə qərarları qanuni olaraq qüvvəyə mindikdən sonra və məhkəməyə qədərki dövrdə cavabdeh orqan daim iddiaçının hüquqlarını pozmuş və öhdəliklərini yerinə yetirməmişdir. Onların təqsiri ucbatından hər zaman maddi və mənəvi zərərə məruz qalmışdır. Onlar bilərək işini uzatmış və lazımi qaydada icra etməkdən boyun qaçırmışlar. Cavabdeh orqan illərlə iddiaçını süründürmüşdür. Hazırkı gündə belə tərəfindən ödənilməyən pullarla bağlı məhkəmə mübahisəsi vardır. Həmin məhkəmə mübahisəsinin həlli ilə əlaqədar hakim Pərviz Hüseynov 01 iyun 2022-ci il tarixli sorğu göndərsə də, artıq 4 aydan çoxdur ki, həmin sorğu icra edilmir. Bununla bağlı cavabdeh tərəf məhkəməyə və ona heç bir məlumat vermir. Onlar hər zamankı kimi işi uzatmaqla maddi zərər vurmağa çalışırlar. Dəfələrlə müraciətlər etməyinə baxmayaraq, onlar dəymiş maddi və mənəvi zərəri ödəmirlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, cavabdeh orqan öz lazımi öhdəliklərini vaxtlı-vaxtında görməmiş və məhkəmə qərarını vaxtında icra etməmişdir. Belə ki, onlar əslində iddiaçıya çatmalı pulu 2015-ci ildə, manatın məzənnəsinə nəzərən devalvasiyalar olmadan versə idilər, bu qədər maddi ziyana məruz qalmazdı. Onlar keçmiş dövr üzrə pensiya fərqi olan 144.388 manat və 78356 manat olmaqla, ümumilikdə 222.745 manat pulu hələ də tam olaraq ödəyib bitirməmişlər. Halbuki həmin məbləğ yeddi il əvvəl ödənsə idi, həmin dövrün məzənnəsi ilə, 285.569 ABŞ dolları edərdi. Bu isə hazırkı dövrdə 485.467 manata bərabərdir. Onlar həmin məbləğdən sadəcə 222.745 manat vermişlər. Cavabdeh orqan aradakı fərq məbləği olan 262.722 (iki yüz altmış iki min yeddi yüz iyirmi iki) məbləğdə mənə maddi zərər vurmuşdur.

3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən həmin tələblə müraciət edilmədiyini bildirərək iddianın mümkün sayılmamasının xahiş etdi.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.

II. İddianın mümkünlüyü

5. Məhkəmə hesab edir ki, iddianın növü kompensasiyanın ödənilməsinə dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə ilkin olaraq qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12987/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı eyni tərəflər (hazırkı cavabdeh phş-in Mərkəzi Filialı) arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardaddan apellyasiya şikayəti verilməyərək öz qanuni qüvvəsini almışdır.

10. Həmin qərara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən tələblə cavabdehə müaciət etməsi halı mövcud olmaması səbəbindən iddia mümkün sayılmamalıdır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

12. Hazırkı işin hallarına qiymət verən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sonradan cavabdeh orqana müraciət etdiyini təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, bu səbəbdən məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli hüquqi yardım barədə iddiaçıya məktub ünvanlamış, iş üzrə cavabdeh orqana olan müraciətinin və müraciətin çatmasını təsdiq edən sənədin və ya cavabdeh orqanın imtina məktubunun məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etmişdir.

13. Eyni zamanda işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iddiaçı iştirakını təmin etməyərək müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir.

14. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

15. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna və həmin iddianın mümkün sayılmamasına əsas olan hallar (nöqsanlar) aradan qaldırılmadığına görə hazırkı iddia mümkün sayılmamalıdır.

16. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar