Məhkəmə qərarları › İş №2-1(112)-14363/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14363/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14363/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “İİ qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin dayandırıldığı (xx.xx.2011-xx.xx.2021-ci ilədək on il ikinci qrup) xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən xx.xx.2024-cü il tarixədək kəsilən pensiyanın ona ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2011- xx.xx.2021-ci illərdə, yəni 10 il iddiaçıya xəstəliyinə görə İİ qrup pensiya təyin olunmuş, daha sonra xx.xx.2024-cü ildə 2 illik, ikinci qrupdan üçüncü qrupa keçirilmişdir. Belə ki, 1998-1999-cu illərdə bir dəfə evdə, iki dəfə Qarayev adına 2 saylı kilinik uşaq xəstəxanasında hepatit Anın uzun gedişli xroniki formasında müalicə almışdır. Aparılan müayinə və genetik testlərin nəticəsində ona Multigennaya Trombofiliya, Artrial Hipertenziya, Böyrək mənşəli trombisitar mikroanqiyapatiya, Simtom Jilbert diaqnozları qoyulmuşdur. Daha sonra iki il 2009-2011-ci illərdə beş dəfə Moskvada müayinələrdə və müalicələrdə olmuşdur. İddiaçı 2011-ci ildə xəstəliyinə görə pensiya ilə bağlı müraciət etmiş və ona xx.xx.2011-ci ildə D68.6 Diaqnozu ilə İİ qrup pensiya təyin olunmuşdur. Moskvada və daha sonra 2011- 2021-ci illərdə Nadir İsmayılov tərəfindən Psixiatr müalicələrində olmuşdur. Buna görə də iddiaçıya xx.xx.2024-cü ildə 2 illik İİİ qrup təyin olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçıda mövcud olan qan xəstəliyi D68 qanunvericilikdə müddətsizdir səbəbi isə genetik xəstəlikdir və müalicəsi yoxdur. Həmçinin Aorta kökünün Anivirzması xəstəliyinin yeganə müalicəsi cərrahi əməliyyatdır. Əks halda 55-mm yuxarı aorta yırtılır. İddiaçıya 2 il müddətinə pensiya verilir. Onun bir çox xəstəlikləri əlilliyi qiymətləndirilərkən nəzərə alınmayıb və ona 50 % əmək qabiliyyəti qiymətləndirilib. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. İPM-ə əsasəm məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (33.1.). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (33.2.). İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir (33.3.). İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq 2011-cü ildə 10 il müddətinə İİ qrup əlillik dərəcəsi təyin edilmiş, əlilliyin müddəti 2021-ci ildə bitmişdir. 2022-ci ildə yenidən göndəriş alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlilliyin təyin edilməsindən imtina etmişdir. İddiaçı 2024-cü ildə yeni tibbi göndəriş alaraq cavabdehə müraciət etmiş, ona 2 il müddətinə İİİ əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hazırda 2021- 2024-cü illər arasında olan olan dövr üzrə əlillik dərəcəsinin bərpa edilməsini xahiş edir. İPM-də göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.2.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı 2021-ci ildə tibbi göndəriş əsasında cavabdehə müraciət edərək imtina cavabı aldıqdan sonra həmin imtinanı mübahisələndirməmiş, bununla bağlı cavabdehə qarşı hər hansı iddia qaldırmamış, hətta sonradan, yəni 2024-cü ildə yeni tibbi göndəriş alaraq cavabdehə müraciət etmiş və ona əllillik dərəcəsi təyin edilmişdir. Bütün bunlardan sonra isə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona, 2021-2024-cü illər arasındakı dövr üzrə əlillik təyinatı aparılmasını (əlilliyin bərpa edilməsini) xahiş edir. Lakin, iddiaçının əlillik dərəcəsi bu və ya digər səbəbdən ləğv edilməmiş, dayandırılmamış, sadəcə əlillik müddət bitmiş və iddiaçının yeni müraciətinə əsasən ona əlillik təyinindən imtina edilmişdir. İddiaçı isə bundan 4 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Bununla da o, qanunvericiliklə həmin iddianın irəli sürülməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “İİ qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar