Məhkəmə qərarları › İş №2-1(112)-14365/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14365/2025

06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14365/2025 06.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində X3 cəlb olunmaqla cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanından formal qeydiyyatda olan, orada yaşamayan, yaşayış yerini dəyişən, köçüb gedən xx.xx.1959-cu il təvəllüdlü X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanından formal qeydiyyatda olan, orada yaşamayan, yaşayış yerini dəyişən, köçüb gedən X2 qeydiyyatdan çıxması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müraciətində göstərilən X2 qeydiyyatdan çıxarılmasından imtina olunmuş və həmin məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Yaşayış yeri üzrə qdydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadır. X3 qeydiyyatda olsa da, həmin mənzildə bir gün də olsun yaşamamışdır. 2005-ci ildən əlaqəsi itmişdir, həmin vaxtdan harada olması barədə məlumat yoxdur. Həmin şəxslə nə onun, nə də digər ailə üzvlərinin heç bir əlaqəsi yoxdur. X3 mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmasına görə o onun əvəzinə ev pulu, bələdiyyə və digər dövlət ödənişlərini ödəməyə məcbur olur və maddi zərər çəkir. Bundan başqa gələcəkdə mənzilini satmaq və ya başqa bir sərəncam vermək istədiyi halda, həmin şəxsin orada qeydiyyatda olması onun razılıq verməsinə əsas verəcəkdir. Həmin şəxsi tapmamağı, ondan razılıq ala bilməməyi onun mülkiyyət huququnu kobud şəkildə pozmaqla nəticələnə bilər. Həmin şəxsin mənzilində qeydiyyatda qalması dövlət üçün də bir sıra çətinliklər yarada bilər. Belə ki, onun öz yaşadığı yerdə deyil, onun mənzilində qeydiyyatda olması onun inzibati xəta, cinayət hadisəsi zamanı, seçki və sosial təminat hüquqlarının realizəsi, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə axtarılmasında çətinliklər yarada bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclası barədə məlumatlandırılsa da, iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. III. Tədqiq edilən sübutlar: Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-53/2-Ə-32439/11 saylı imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi' əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilir ki, mülkiyyətində olan ünvan 3 ünvanından X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 001430 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yasamal 2 küçəsi, 4 saylı evin 42.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 184 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” təqdim edilmiş ******* saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti nəzdində Mənzil Tikinti Kooperativinin İdarə Heyəti 182 saylı MTK-nın xx.xx.2025-ci il tarixli aktından görünür ki, X2 ünvan 6 ünvanında heç vaxt yaşamadığı və hazırda da yaşamadığına dair qeydlər təsdiq olunmuşdur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-12/2-469/2025 saylı məktubundan görünür ki, ünvan 7 ünvanı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balasında olmadığı üçün cavabladırılması imkan xaricindədir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində Mənzil Tikinti Kooperativinin İdarə Heyəti 182 saylı MTK-nın 035/08 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-24270 nömrəli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdən hazıradək ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, adı göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-41978/2025 saylı məktubundan görünür ki, X1 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. IV. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alıması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:

14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxsin həmin mənzildə faktiki olaraq yaşamaması işin mübahisələndirilməyən halıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Deməli tərəflər arasında olan münasibətlər 2009-cu il oktyabrın 1-dək yarandığından, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Baxılan işdə üçüncü şəxs iddiaçının ailə üzvü deyil və istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan, habelə notariat qaydasında təsdiqlənən yazılı razılaşma müəyyən olunmur. Məhkəmə vurğulayır ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da, həmin ünvanda faktiki olaraq yaşamır, mənzilə dair istifadə hüququ mövcud deyil. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X2 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

qəraraaldı: İddia təmin edilsin. X2 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar