Məhkəmə qərarları › İş №2-1(112)-14368/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14368/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14368/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/2-S-203341/2023 nömrəli, 05.09.23 tarixili "əmək pensiyasından tutulma haqqında" qərarın ləğv edilərək, əmək pensiyasının bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən tutulmuş olan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh qismindən çıxarılmışdır.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından Mərkəzi Hərbi Klinik hospitalının rəis müavini vəzifəsindən yaşa görə ehtiyyata buraxılmış və ona xidmət illərinə görə pensiya təyin edilmişdir. İstefada olan polkovnikdir. Bu ilin avqust ayında pensiyanı aldıqda, məbləğin əvvəlki aydan 395,56 (üç yüz doxsan beş manat əlli altı qəpik) manat az olduğunu aşkar etmişdir. 17 avqust tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dölət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialına qəbula getmiş və səbəbi ilə maraqlanmış və yazılı cavab vermələri barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində Dölət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi filialının 317-1/2-S-203341/2023 nömrəli, 05.09.23 tarixili məktubunda bildirilir ki, “Tərəfimizdən verilmiş sorğuya cavab olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyanızın vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, əmək pensiyanız yenidən hesablanaraq müvafiq təminat xərcliyinizin ( vəzifə maaşı 915,0 manat, rütbə maaşınız 159,0 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşınızın 40% miqdarında əlavəniz 429,60 manat və ərzaq payı əvəzinə verilən kompensasiyası 64,0 manat olmaqla cəmi təminat xərcliyiniz 1567,60 manat) 100% - 1567,60 manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4.-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 1724,36 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar artırılaraq 1977,84 manat təşkil edir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 3847,28 manat müəyyən edilib. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 3847,28 manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə (hər ay 197,78 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Qanunun 39.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyanızdan və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Göründüyü kimi, Qanunun 39.2-ci maddəsinə əsasən sizdən əmək pensiyaçısının 10% miqdarında tutulma həyata keçirilir.” Məktubdan da görünür ki,

1. Vəzifə maaşının hansı normativ hüquqi akt nəzərə alınaraq azaldıldığı qeyd olunmur. 2. Əgər xidmətdən buraxılandan sonra, hər hansı normativ hüquqi akt əsasında vəzifə maaşı aşağı salınıbsa, bu ona hansı əsaslarla şamil edildiyi göstərilməyibdir. 3. Artıq ödənilmiş pensiyanı məbləğini və tutulaşaq pensiyanın məbləği barədə arayışın xx.xx.2023-cü il tarixində tərtib edilməsinə baxmayaraq, artıq avqust ayında onun razılığı olmadan 197,78 manat tutulmağa başlanılıb. 4. İddiaçıya güya “artıq ödənilmiş vəsaitin” hansı əsasla və kimin təqsiri üzündən ödənilməsini cavabdeh göstərməmişdir. Hesab edir ki, cavabdehin tələbi tamamilə əsassızdır. İddiaçının vəzifə maaşının 985 manatdan 915 manata endirilməsi qanunsuzdur, əgər hər hansı normativ hüquqi akt onun hərbi xidmətdən sonra qəbul olunubsa, o, iddiaçıya şamil oluna bilməz. Cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, pensiyaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərini kobud şəkildə pozlmaqla həyata keçirilmişdir. İddiaçıya heç bir məlumat verilmədən, heç bir araşdırma aparılmadan pensiyası azaldılmışdır, belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin (Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması), eləcə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü (Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı) və 67-ci (Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması) maddələrinə görə pensiyanın ödənilməsində yaranmış uyğunsuzluq barədə məlumat verilməli və razılığı alınmalı idi ki, bu baş verməyibdir. Cavabdeh tərəfindən pensiya məbləğinin artıq ödənilməsinin məhz pensiyaçının təqsiri üzündən baş verdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu halda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə vətəndaşa ödənilmiş pensiya məbləğinin azalıdılması qanuni və əsaslı sayıla bilməz. İddiaçıdan asılı olmayan hallar nəticəsində pensiyanın güman olunan “səhv təyin edilməsi (hesablanması)” belə “artıq ödənişin” tutulması üçün əsas yarada bilməz. Cavabdehin iddiaçıya ünvanladığı sənədlərdə güman etdiyi pensiyanın səhv təyin edilməsində (hesablanması) təqsirli olmağı barədə, ödənişin səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd yoxdur və göstərilməmişdir. İddiaçının etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildir. Eləcə də inzibati aktın qanunsuz olduğunu bilməyi və ya bilməli olmağının pensiyaçıdan gözlənilməsi məntiqli deyildir. Belə ki, pensiya təminatı sahəsində dövlət nəzarətini həyata keçirən, bunun üçün müvafiq bazaya və mütəxəssis heyətinə malik inzibati qurum tərəfindən əmək pensiyasının səhv təyin edildiyi, həmin halların araşdırılması, qiymətləndirilməsi ilə bağlı müvafiq ixtisasa malik olmayan pensiyaçıdan səhv təyinatın müəyyən edilməsinin gözlənilməsi də əsassızdır. Göründüyü kimi inzibati orqan tərəfindən pensiya səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin-pensiyaçının hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Pensiya təyini və səhv hesablamalarla bağlı qəbul edilmiş qərar daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni iddiaçı üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-S-203341/2023 nömrəli, xx.xx.2023cü tarixili "əmək pensiyasından tutulma haqqında" məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 13 fevral 2001-ci il tarixindən sizə xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Tərəfimizdən verilmiş sorğuya cavab olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyanızın vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, əmək pensiyanız yenidən hesablanaraq müvafiq təminat xərcliyinizin (vəzifə maaşınız 915,00 manat, rütbə maaşınız 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşınızın 40 faizi miqdarında əlavəniz 429,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 1567,60 manat) 100 faizi- 1567,60 manat məbləğində müəyyən edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 1724,36 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar artırılaraq 1977,84 manat təşkil edir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sizə artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 3847,28 manat müəyyən edilib. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 3847,28 manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə (hər ay 197,78 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Qanunun 39.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Göründüyü kimi, Qanunun 39.2-ci maddəsinə əsasən sizdən əmək pensiyanızın 10 faizi miqdarında tutulma həyata keçirilir.”

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 13 fevral 2001-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Tərəflərindən verilmiş sorğuya cavab olaraq iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, əmək pensiyası yenidən hesablanaraq müvafiq təminat xərcliyinin (vəzifə maaşı 915,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 429,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 1567,60 manat) 100 faizi-1567,60 manat məbləğində müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1724,36 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar artırılaraq 1977,84 manat təşkil edir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 3847,28 manat müəyyən edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.

7. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

13. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

14. İddia mümkündür.

İİİ.Məhkəmənin mövqeyi

15. Hazırkı iş üzrə iddiaçının tələbi əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsidir.

16. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiyasından tutulmalar aparılmışdır.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

19. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

İV.Qeyd edilənlərin hazırki işə tətbiqi

20. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də əmək pensiyasından tutulmalar dayandırılmalı və tutulmuş pul vəsaitinin geri ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Məhkəmə nəzərə alır ki, iddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür, xx.xx.2001-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir, əmək pensiyasından tutulmalar nəticəsində iddiaçı bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən pensiyasının itirilməsi ilə üzləşmişdir və məhkəmə iddiaçının həmin dəyişikliyə uyğunlaşmağının perspektivlərinin zəif olduğunu hesab edir. Pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, pensiyanın dayandırılması ilə bağlı inzibati orqan hər hansı qərar qəbul edilmədən faktiki olaraq pensiya ödənişinindən tutulmalar aparmışdır. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.

24. İş materiallarına, həmçinin məhkəmənin sorğusuna pensiyadan tutulmalar aparılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilməsi - konkret olaraq pensiyadan tutulmaların aparılması barədə qərarın qəbul edilməsi müəyyən olunmur. Bu isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir.

25. Məhkəmə bu qərarda ifadə edilmiş yanaşmanı nəzərə alaraq hesab edir ki, işin konkret hallarına əsasən pensiyadan tutmaların aparılması nəticəsində cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

26. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada pensiyadan tutulmalar aparılmışdır.

27. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyətinə uyğun olaraq əmək pensiyasından tutmaların aparılması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar