Məhkəmə qərarları › İş №2-1(112)-1437/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1437/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1437/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan. İddiaçılar İddiaçı və X1 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, həyat yoldaşı X3 və azyaşlı övladı X2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9/4a ünvanına daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı, həyat yoldaşı X3, azyaşlı oğlu X4 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9/4a ünvanında qeydiyyatsıız yaşayırlar. Qeyd olunmuş ünvana qeydiyyata düşmək üçün Cavabdehnə müraiət etmiş, lakin onun müraciətinə imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin tərəflərin nümüayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1983-cü ildə doğulmuşdur. AA0805133 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən X3 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1987-ci ildə doğulmuşdur. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 17622İ-3219 saylı məktubdan görünür ki, onların ailə üzvləri ilə birgə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9/4a ünvanın pasport qeydiyyatına alınmaqları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadıqları evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış,order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulmuş başqa sənəd ) və mülkiyyət sahibinin razılıq ərizəsini QMB-yə təqdim edilməsi, qeyd olunan sənədlərin hər hansı birinin QMB-nə təqdim edə bilmədikdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2010 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X3 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kəndçi küçəsind 9/4a saylı evdən qeydiyyatda olmuş, qeyd olunan ünvana xx.xx.2018-ci ildə qeydiyyata düşmüş, DİN-nin 5-012 nömrəli qərarına əsasən xx.xx.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. İcra nümayəndəliyində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2211 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kəndçi küçəsində 9/4a saylı evdən qeydiyyatda olmuş, qeyd olunan ünvana xx.xx.2018-ci ildə qeydiyyata düşmüş, DİN-nin 5-012 nömrəli qərarına əsasən xx.xx.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. İcra nümayəndəliyində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-8670-1220 nömrəli məktubdan görünür ki, X1 və İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, 9/4A ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar və xx.xx.2019-cu il tarixdə qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmışdılar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 018-3790-1220 nömrəli məktubdan görünür ki, xx.xx.1983cü il təvəllüdlü İddiaçı qızı və xx.xx.1987-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Cavabdeh inzibati binasının yerləşdiyi Şirin Mirzəyev küçəsi 127 ünvanında qeydiyyatdadırlar. Beləliklə, iş materiallarından görünür ki, iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9/4a ünvanına pasport qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçıların Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9/4a ünvana qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq o cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, ev 9/4a ünvanınaa order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Cavabdeh onların və yetkinlik yaşına çatmayan övladlarının həmin evə qeydiyyata alınmasından imtinası qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki iddiaçılar İddiaçı və X1 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı İddiaçı, həyat yoldaşı X3 və azyaşlı övladı X2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi 9/4a ünvanına daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X1 cavabdeh Nizami Rayon Polis İdarəsinə qarşı pasport qeydiyyatına alınması tələbi barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar