Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14398/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı X7 üçüncü şəxs qismində göstərilməklə qərarın icrasının məcburi icra olunması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı X7 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4736/2019 saylı icra vərəqəsi üzrə “İcraata başlamaq haqqında” qərarının icrasının məcburi icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Şöbəsinin dövlət nəfinə 50000 manat cərimə olunaraq həmin pulun dövlət büdcəsinə ödənilməsi, borcludan 2020-ci ilin yanvar ayından hesablanmaqla aldığı əmək haqqısınin 1/4 hissəsi miqdarında aliment borcunun tutularaq ona ödənilməsi, Bakı şəhər Nərimanov rayon icra məmuru Ramiz Quliyevin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-4736/2019 saylı qətnaməsi ilə iddiaçı X1 qarşı nikahın ləğvinə dair iddiası təmin olunmuş, iş üzrə üçüncü şəxs X5 aralarında bağlanmış 06 oktyabr 2012-ci il tarixli nikah ləğv olunmuş, birgə nikahdan doğulmuş övladları xx.xx.2014-cü il təvəlüdlü X2 himayəsində saxlanması, X3 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqısının və digər qazanclarının 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunmaq üçün X4, borclunun rəsmi qeydiyyatda olduğu ünvan üzrə, Bakı şəhər Nərimanov rayon İcra Şəbəsinə göndərilmişdir. Bundan sonra qətnamənin icrası icra məmuru Ramiz Quliyev tərəfindən X4 çalışdığı Azərbaycanda neft sənayesi ilə məşğul olan “Schlumberger”” adlı Fransız Kompaniyasına göndərilmişdir. Borclu X4 gəlirlərindən 2019-cu ilin noyabr, dekabr aylarında cəmi iki dəfə aliment tutlaraq ona ödənilmişdir. Aliment tutulmağa başladığdan sonra borclu aliment ödəməkdən qərəzli olaraq yayınmaq üçün işdən çıxmış və Türkiyə Respublikasında TP-OTC şirkətində “FATİH” adlı neft qurğusu tipli qəmidə, sahə mühəndisi vəzifəsinə işə qəbul edilmişdir (ilkin və hazırki iş yerləri eyni xarici şirkətin törəmə müəsisəsidir.) Bundan sonra hər xarici ölkəyə işləməyə getmiş və rəsmi iş yerini cavabdeh Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyevin köməyi ilə ondan gizlətmiş və bildirmişlər. İcra məmuru ona bildirmişdir ki, guya Ruslan Məhərrəmovu işdən azad ediblər və heç yerdə işləmir. Bundan sonra üçüncü şəxs ona sabit pul məbləğində bəzi aylarda aliment ödəmişdir. Bundan sonra borclu rəsmi olaraq ona icra məmuru vasitəsi ilə cəmi 250 manat aliment ödəmişdir. Hazırda borclu aliment ödəməkdən qərəzli olaraq yayınır. O uşağı saxlamaqda çətinlik çəkir. Borclunun bu günə kimi küllü miqdarda aliment borcu yaranmışdır. Lakin icra məmuru Ramiz Quliyev borclu barəsində heç bir icra hərəkətləri aparmamış, icra məmuruna ərizə ilə müraciət etsə də onun ölkəyə girişçıxışının məhdudlaşdırılması barədə qanuna müvafiq tədbir görməmişdir. Belə ki, borclunun rəsmi iş yeri olduğu, xarici firmada, xarici ölkədə işləməsi icra məmuruna məlum olsa da, icra məmuru icra hərəkətləri etmir, borclunun rəsmi iş yerini müəyyənləşdirmir, icra məmuru Quliyev Ramiz qərəzli olaraq borclunun iş yeri barədə məlumatı gizlədir ki, onun əmək haqqısından aliment tutulmasın. Cavabdeh Nərimanov rayon İcra Şöbəsi borclu X4 ölkəyə giriş-çıxışına qərəzli olaraq məhdudlaşdırmır ki, borclu X7 sərbəst iş yerinə gedib gələ bilsin, ölkədən sərbəst çıxsın. Lakin borclu dəfələrlə çalışdığı müəssisədən göndərişlə xaricdə işləmək üçün Türkiyə Respublikasına gedib gəlsə də icra məmuru onun hazırki iş yerini müəyyənləşdirmək istəmir, onun ölkəyə giriş-çıxışını məhdudlaşdırmır, barəsində qanuna müvafiq axtarış vermir. Borclunun işləməsini o özü müəyyənləşdirmiş və bu barədə icra məmuruna da məlumat vermişdir (sənədlər təqdim etməklə). Lakin cavabdeh Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Ramiz Quliyev müvafiq icra hərəkətləri etmir. Məhkəmənin nəzərinə çatdırır ki, borclu X7 Türkiyə Respublikasında TP-OTC şirkətində “FATİH” adlı neft qurğusu tipli qəmidə, sahə mühəndisi vəzifəsində çalışır. Orada quyuların sementaj işlərinə rəhbərlik edir, rəsmi olaraq bir gün üçün 500 ABŞ dollar məbləğində olmaqla maaş alır, həmin maaşı icra məmuru Ramizin köməyi ilə ondan gizlədir, aliment ödəməkdən yayınır. Belə ki, borclu X4 iş rejimi belədir ki, Məhərrəmov Ruslan bir ay Türkiyədə işləyir, hər növbəti ay isə Azərbaycana qayıdır. X7 2019-cu ilin sonundan bu günə kimi məhz bu qrafikdə çalışır. Onu da qeyd etmək istəyir ki, borclu bu şirkətə “İOTA” şirkəti ilə bağladığı ******* nömrəli müqavilə “kontrakt” əsasında dekabr ayının 2019-cu ildən işə qəbul olunmuşdur. Qeyd etmək istəyir ki, borclu, iş üzrə üçüncü şəxs X4 ölkəyə giriş çıxışını müəyyənləşdirmək üçün aidiyyatı orqana sorğu verilsə müəyyən olar ki, borclu bir ay xaricdə işləyir, digər ayı isə ölkəyə qayıdır. Digər tərəfdən həmin faktı borcluya məhkəmə qətnaməsi ilə verilmiş uşaqla ünsiyyətin icra olunmasında da müəyyən etmək olar. Belə ki, X8 bir ay uşaqla bütün görüş günlərində görüşür, lakin digər ayda ölkədə olmadığından uşaqla görüşə gəlməyir. Eyni zamanda məhkəmə Türkiyə Respublikasına sorğu ilə müraciət etsə borclunun iş yeri və əmək haqqısı barədə sübutu əldə etmək olar. O cavabdeh Nərimanov rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, üçüncü şəxs X7 “İOTA” şirkəti ilə bağladığı ******* nömrəli müqavilə “kontrakt” əsasında dekabr ayının 2019-cu ildən işə gəbul olunmuşdur, X7 Türkiyə Respublikasında TP-OTC şirkətində “FATİH” adlı neft qurğusu tipli qəmidə, sahə mühəndisi vəzifəsində çalışır, müəssisənin əlaqə telefon nömrəsi +90 312 6884012-dir və sair. Borclu Türkiyə Respublikasında vergi ödəyicisidir və sair. Bundan sonra cavabdeh Nərimanov rayon İcra Şöbəsi Türkiyə Respublikasının səlahiyyətli orqanlarına və Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə sorğu verilməsi barədə ona məktub vermiş, lakin bu günə kimi həmin müraciətlərin nəticəsini qərəzli olaraq ondan gizlədirlər. Məhkəmə iclasıda iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-4736/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hallar Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-4736/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhəri, Yasamal rayon məhkəməsində mübahisələndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 9-cu bəndi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-14398/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14398/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver