Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-144/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynalxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə və ya həmin vakant vəzifəyə uyğun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilməmişdir.(hakim M.Qarayeva) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1286/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2025/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1286/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynalxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması” kimi oxunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 20 fevral 2013-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə (sonuncu - orta rəis heyəti, gömrük xidməti baş leytenantı, inspektor vezifəsində) xidmət etmişdir. Gömrük orqanlarında xidmətdə olduğu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən heç bir neqativ hallara yol verməmiş, rəhbərlik tərəfindən barəsində heç vaxt heç bir intizam tənbeh tədbiri tətbiq edilməmişdir. 24 iyul 2019-cu il tarixdə sərəncama verilmişdir. Buna səbəb kimi isə müəyyən müddət sonra başqa bir vəzifəyə keçiriləcəyi bildirilmişdir. Verilmiş vədə baxmayaraq, sərəncamda olduğu müddət ərzində ona heç bir iş təklif olunmamış, əksinə 3 ayın tamamında Dövlət Gömrük Komitəsinin sədri tərəfindən xidmətə xitam barədə xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmr imzalanmışdır. Həmin əmrə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri- mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə) uyğun olaraq işdən azad olunduğu qeyd olunub. Halbuki, sərəncama verildiyi gündən işdən azad olunanadək gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi mümkün olduğu halda, ona bu barədə təklif verilməmiş, nə də o, həmin təklifdən imtina etməmişdir. Onun haqsız işdən azad olunması ilə bağlı şikayətinə və işə bərpa olunması ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbərliyinə etdiyi şifahi müraciətlərinə baxılmamışdır. İşə bərpa olunmasını məhkəmədən kənar həlli mümkün olmadığından məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmri ilə Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunun inspektoru Süleymanova X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1289Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti. - Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin surəti. - məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktubları. - Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmrinin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrini mübahisələndirir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mübahisələndirilən əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, İddiaçı 100/068ş saylı əmrlə xx.xx.2013-cü il tarixindən Gömrük Mühafizə Xidmətinin X5 Dəstəsinin kiçik mühafizəçisi vəzifəsinə təyin edilmiş, 100/054ş saylı, xx.xx.2015-ci il tarixli əmrə əsasən həmin tarixdən Xidmətin Baş Gömrük Mühafizə Dəstəsinin əməliyyat şöbəsinin mühafizəçisi vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixli, 100/170ş nömrəli əmrlə həmin tarixdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ümumi şöbəsinin böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/613ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi Pirallahı postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/1184ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Komitənin sərəncamına götürülmüş, 100/1186ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Hövsan postunun inspektoru vəzifəsinə təyin edilmiş, 1000/173ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən İdarənin Beynəlxalq dəniz ticarəti zamanı dəniz postunun inspektoru vəzifəsinə keçirilmiş, 1000/804ş nömrəli xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixindən Komitənin sərəncamına götürülmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/1289ş saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə İddiaçı xidmətinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan hazırkı iddia tələbi ilə mübahisələndirilən əmri "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü (“təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə”) bəndi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilikdə “təşkilati-ştat tədbirlərin keçirilməsi” gömrük xidmətinə xitam verilməsinə əsas kimi göstərilsə də, həmin təşkilati-ştat tədbirlərinin nədən ibarət olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamandan məhkəmə qeyd edir ki, Komitədə əvvəlcədən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə bağlı ayrıca əmrin verilməsi ilə bağlı da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, qanunvercilikdə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Hazırkı halda mübahisələndirilən əmr qəbul edilərkən əmrdə hər iki şərt (digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə) qeyd edilsə də, daha sonra inzibati orqan tərəfindən “və ya həmin vəzifədən imtina etdikdə” sözləri mübahisələndirilən əmrdən çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2022-ci il tarixli məktubla “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2022-ci il 17 may tarixli 1000/374ş nömrəli əmrinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2022-ci il 17 may tarixli 1000/374ş nömrəli əmrinə əsasən Dövlət Gömrük Komitəsinin 1000/1289Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Beləliklə, göründüyü kimi, iddiaçının gömrük orqanlarında xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən “təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması səbəbi ilə xitam verilmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçının təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olub-olmamasını araşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğular göndərmişdir. Məhkəmənin sorğularına cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2021-ci il tarixli 1000-210/2xx-xx/016110 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər quumlarının ştat cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məxfi qaydada təsdiqlənmış və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə X3 və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq dəniz ticarət Limanı gömrük postunda, o cümlədən gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmamış və bu səbəbdən də həmin tarixlərdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq dəniz ticarət Limanı gömrük postuna həmin heyət üzrə işə qəbul həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli 1000-210/2xx-xx/002249 nömrəli məktubla bildirmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəlinin dövri dəşr olunmadığını, həyata keçirilən ştat tədbirləri ilə bağlı həmin cədvəlin elektron qaydada daima yeniləndiyini nəzərə alaraq sorğuda qeyd olunan tarixlər üzrə məlumatların əldə edilməsi, nəşr olunması faktiki olaraq imkan xaricindədir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif etməsinə dair, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, yəni iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, mübahisələndirilən inzibati akt ləğv olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmri ləğv olunduğundan, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynalxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunmalı, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli və həmin müddət onun iş stajına hesablanmalıdır. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Həmin Əsasnamənin 130-cü maddəsinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmri ləğv olunmalı, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynalxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1289Ş nömrəli əmri ləğv olunsun, İddiaçı Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynalxalq Dəniz Ticarət Limanı” postunun inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev