Məhkəmə qərarları › İş №2-1(112)-144/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-144/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-144/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, əldə etdiyi xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasını xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İddiaçı adına Ukraynanın Avropa Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın tanınması məqsədilə təqdim olunmuş sənədlərin ekspertizası nəticəsində vətəndaşın sözügedən təhsil müəssisəsinin əyani tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir. Bu qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Ukraynanın "xxxx" tərəfindən verilmiş 24 iyun 2016-ci il tarixli В16 №043990 saylı diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentilik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2016-ci ildə Ukraynanın Kiyev şəhərində yerləşən "xxxx" Özəl Ali Təhsil Müəssisəsini bitirmişdir. 24 iyun 2016-ci il tarixli В16 №043990 saylı diploma əsasən “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir. Xarici dövlətdə aldığı ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) prosedurunu keçmək üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 13 oktyabr 2021-ci il tarixli məktubla əyani tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğunu bildirmişdir. Cavabdeh tərəfindən diplom üzrə ixtisasın tanınmaması barədə düzgün olmayan nəticəyə gəlinmişdir, əsassız qərar qəbul edilmişdir və bu hərəkətləri ilə onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (2012/2013-cü, 2013/2014-cü, 2014/2015-ci tədris illəri üzrə ümumiyyətlə Ukraynada olmayıb, 2015/2016-ci tədris ili üzrə - 4 ay 20 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan "xxxx" Özəl Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli B16 №043990 nömrəli Diplomdan görünür ki, İddiaçı bakalavr dərəcəsi üzrə “Hüquqşünaslıq” fakultəsi üzrə "hüquqşünaslıq” ixtisasını bitirmişdir. "xxxx" Özəl Ali Təhsil Müəssisəsinin xx.xx.2016-cı il tarixli 403 saylı arxiv arayışdan görünür ki, İddiaçı:

1. 2012-ci ildə Özəl Ali Təhsil Müəssisəsi "xxxx"-nin 6.030401 "Hüquqşünaslıq” hazırlıq istiqamətinin qiyabi şöbəsinin hüquqşünaslıq fakültəsinə daxilolmuşdur (xx.xx.2012-ci il tarixli 345-c saylı Əmr);

2. 2013-cü ildə qiyabi şöbənin 1-ci kursundan 2-ci kursuna keçirilmişdir (xx.xx.2013cü il tarixli 139c saylı Əmr);

3. 2014-cü ildə qiyabi şöbənin 2-ci kursundan 3-cü kursuna keçirilmişdir (xx.xx.2014-cü il tarixil 547 сп. 1 saylı Əmr);

4. 2015-ci ildə qiyabi şöbənin 3-cü kursundan 4-cü kursuna keçirilmişdir (xx.xx.2015-ci il tarixli 233 cn. 1 saylı Əmr);

5. 18 fevral 2016-cı ildə qiyabi şöbənin 4-cü kursundan gündüz şöbəsinin 8-ci semestrinin 4- kursuna keçirilmişdir (xx.xx.2016-cı il tarixli 71cn. 2 saylı Əmr);

6. 2016-cı ildə yekun dövlət fənnlərarası imtahanı vermiş və 6.030401 "Hüquqşünaslıq" hazırlıq istiqaməti buraxılış imtahan işini müdafiə etmişdir. Attestasiya komissiyasının 16 iyun 2016-cı il tarixli Qərarı ilə ona hüquqşünaslıq ixtisası üzrə, 6.030401 "Hüquqşünaslıq" hazırlıq istiqaməti üzrə bakalavr ixtisas dərəcəsi (xx.xx.2016-cı il tarixli 213c saylı Əmr) və 24 iyun 2016-cı il tarixdə qeydiyyat nömrəsi 8747\16 olan B16 № 043990 saylı diplom, həmçinin ******* saylı diploma əlavə verilmişdir. Gündüz şöbəsində "Bakalavr” təhsil-ixtisas səviyyəsi üzrə təhsil müddəti 4 il təşkil edir. Universitet mülkiyyət forması üzrə özəl ali təhsil müəssisəsi hesab edilir. İddiaçı hazırda bu diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, təhsil- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ixtisasların ekvivalentliyinin müəyyən edilməsi isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndlərinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu birbiri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Qaydaların 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Qaydaların 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. İşdən görünür ki, iddiaçı tədris aldığı ölkəyə 2012/2013-cü, 2013/2014-cü, 2014/2015-ci tədris illəri üzrə ümumiyyətlə getməmiş, 2015/2016-ci tədris ili üzrə cəmi 4 ay 20 gün Ukraynada olmuşdur. Belə olan halda aydındır ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan müddətdə auditoriyada olmamış, bununla da müvafiq normativlərin tələblərini yerinə yetirməmişdir.\ İddiaçı bu halı təhsilini Gürcüstan Respublikasının Tbilisi şəhərində alması ilə əsaslandırmışdır. Belə ki, işdə olan iddiaçının təqdim etdiyi "xxxx" Özəl Ali Təhsil Müəssisəsinin xx.xx.2022-ci il tarixli, 1/12-971/B1 nömrəli məktubundan görünür ki, "xxxx" Özəl Ali Təhsil Müəssisəsi və Gürcüstan Respublikasının Tbilisi şəhərinin "MİMİ" konsultasiya mərkəzi arasında xx.xx.2012-ci il tarixli 4115 saylı təhsil haqqında müqaviləyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək "Hüquqşünaslıq" hazırlıq istiqamətinin "Bakalavr" təhsil dərəcəsi üzrə Hüquq fakültəsinin əyani təhsil formasında Tbilisi şəhəri konsultasiya mərkəzi vasitəsi ilə təhsil almışdır. Məsələnin araşdırılması məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Ukrayna "xxxx" tərəfindən İddiaçı adına verilmiş 24 iyun 2016-cı il tarixli, B16 043990 nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Ekspert Qrupu) tərəfindən yenidən inzibati icraatın aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmiş və bu məqsədlə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Həmin qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3512/2022 nömrəli qərardadının icrası məqsədilə İddiaçı Ukrayna Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 № 043990 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə icraat aparılmaqdadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyaların tanınması Qaydaları”na əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üzrə ümumi tələblərin sırasına aid edilmişdir. Aparılan icraat zamanı İddiaçı 2012-ci ildən 2015-ci ilə qədər Ukrayna ərazisində olmaması, yalnız 2015- 2016-cı tədris ilində Ukraynada təhsil aldığı müəyyən edilmiş, Ukraynanın Avropa Universitetinin Gürcüstanda qanuni əsaslar olmadan və Gürcüstan tərəfindən tanınmayan tədris müəssisəsinin fəaliyyət göstərdiyi məlum olmuşdur. İddiaçı 2012-2015-ci illərdə Ukraynada olmamasının səbəbinin müəyyənləşdirilməsi məqsədilə X3 üzrə Milli Məlumat Mərkəzi, Gürcüstanın Təhsilin Keyfiyyətinin Yüksəldilməsi üzrə Milli Mərkəzinə və Ukraynanın Avropa Universitetinə müvafiq qaydada sorğular göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi məktubda isə göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3512/2022 nömrəli qərardadı əsasında İddiaçı Ukrayna Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 № 043990 nömrəli diplom üzrə əldə etdiyi” Hüquqşünaslıq” (əyani/bakalavriat) ixtisasının tanınması üzrə inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2012/2013getməyib, 2013/2014- getməyib, 2014/2015- getməyib, 2015/2016-4 ay 27 gün. Ərizəçinin ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramf’nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. İddiaçının xarici ali təhsil müəssisəsinin Gürcüstan filialında təhsil aldığı müəyyən edilmişdir. İddiaçının faktiki təhsil aldığı ali təhsil müəssisəsinin Gürcüstandakı filialı qanuni əsaslar olmadan fəaliyyət göstərmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 3.10.1-ci, 4.1.1-ci və 4.1.4-cü yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Həmin məktuba əlavə edilmiş cavabdeh xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil aldığı ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə ümumiyyətlə olmaması müəyyən edilmişdir. Belə ki, ərizəçinin faktiki təhsil aldığı ali təhsil müəssisəsinin Gürcüstandakı filialı qanuni əsaslar olmadan fəaliyyət göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. - bənd 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. - bənd 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. - bənd 1.5.3. əhəmiyyətli fərq – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq; - bənd 1.5.12. xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsil pilləsi üzrə kvalifikasiya (bundan sonra – ali təhsil üzrə kvalifikasiya) – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin ali təhsil pilləsinin bakalavriat (o cümlədən əsas (baza) ali tibb təhsili) və magistratura səviyyələri üzrə şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəddir. - bənd 3.1. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. - 3.2. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. - bənd 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. - bənd 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İstinad olunan normadan görünür ki, qanunverici ali təhsilə aid kvalifikasiyanın tanınmasını o halda tanıyır ki, diplomun əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçsin və dövlət lisenziyası olsun. Lakin işdən görünür ki, iddiaçı təhsil aldığı ölkədə qanunla nəzərdə tutulmuş müddətdə olmamış, təhsil aldığını iddia etdiyi filial isə qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan, iddiaçının aldığı təhsil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar