Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1440/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı-“Yaradan-90” kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı X5 üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiаçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, iddiаçı İddiaçı-“Yaradan-90” kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 21 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 ünvan 1 ünvanında yerləşən 15,0 kv.metr qeyri-yaşayış sahəsinin ona təklif olunmadan hərraca çıxarılaraq satılması ilə əlaqədar şikayət ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə müraciət etmiş, cavabdeh 04 may 2022-ci il tarixli məktubunda həmin qeyri-yaşayış sahəsinə dair “Yaradan-90” kiçik müəssisəsi ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi arasında hər hansı icarə müqaviləsinin bağlanılmadığını və ünvan 2 ünvanında yerləşən 18.8 kv.m qeyri-yaşayış sahəsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə hərraca çıxarıldığını və obyektin hərracın qalibi tərəfindən özəlləşdirildiyini qeyd etmişdir. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən hərracın nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində iddiaçının əsl İddiaçı-“Yaradan-90” kiçik müəssisəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, əsl olmayan iddiaçı X2 əsl İddiaçı-“Yaradan-90” kiçik müəssisəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 84 №-li, xx.xx.1994cü il tarixli sərəncamı ilə “Əlincə” xeyriyyə cəmiyyətinin tabeliyində olan “Yaradan-90” K.M-nin ofis yeri ünvan 2 ünvanı, sərəncamla 15 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi iddiaçıya sahibkarlıq üçün verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi 2016-cı ildə əsas qanuni sahib sayılan ona məxsus yeri hərracda alıcı qismində təklif etmədən hərraca qoyaraq satmışdır. Cavabdehin etirazı: İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlətə məxsus ümumi sahəsi 18,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin hərrac yolu ilə özəlləşdirilməsinə dair keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və xx.xx.2016-cı il tarixində keçirilmiş hərracda X5 hərracın qalibi olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərracın qalibi X5 arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair xx.xx.2016-cı il tarixli, 3117 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli sərəncam verilmişdir. Qeyd edilən əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin 01 dekabr 2022-ci il tarixli qərardadı ilə, X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə, iddiaçının mübahisələndirdiyi hərracdan (o cümlədən sərəncamdan) daha əvvəl məlumatlı olması və ya onlara rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 84 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamının surətindən görünür ki, “Yaradan-90” kiçik müəssisəsinin xahişi nəzərə alınaraq ona Puşkin küçəsi 13 №-li binanın 15 kv.metr olan qeyri-yaşayış sahəsi Nizamnamə Fəaliyyətini həyata keçirmək üçün icarəyə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 23 sentyabr 2016-cı il tarixli, 117 №-li sərəncamı ilə, digər müəssisələrlə (obyektlərlə) yanaşı, hazırda mübahisə predmeti ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi qərara alınmışdır; 25 oktyabr 2016-cı il tarixli, 20/01 nömrəli “hərrac protokolu”ndan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar keçirilmiş hərracın qalibi X5 olmuşdur; 27 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, 25 oktyabr 2016-cı il tarixli, 20/01 nömrəli “hərrac protokolu”na əsasən Əmlak Məsələləri Dövlət Komitəsi qeyd edilən qeyri-yaşayış sahəsini 60.**0 manata hərracın qalibi X1. Tətbiq edilən hüquq: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; ... 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 1.6 Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. ...
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: ... 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2**0-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”:
1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyriyaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.
2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri.
4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: ... 4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur: a) hüquqi şəxslər üçün: hüquqi şəxsin nizamnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; qeyri-yaşayış sahəsinin texniki pasportu; b) fiziki şəxslər üçün: şəxsiyyəti təsdiq edən sənəd; qeyri-yaşayış sahəsinin texniki pasportu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 1** faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 1** faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Dövlət Xidməti tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir.
6. Qeyri-yaşayış sahələrinin alıcısı qismində "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər.
7. Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”:
1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.
7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.
8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.
15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).
18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.
19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: ... 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; Maddə 25. Dövlət əmlakının özəlləşdirilməsi haqqında məlumat 25.1. Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. 25.2. Özəlləşdirilən dövlət müəssisəsi (obyekti) barədə məcburi qaydada dərc olunmalı məlumatların siyahısı Dövlət Proqramında müəyyən edilir. 25.3. Dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsinin nəticələri haqqında məlumat 15 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunmalıdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin nəticələri haqqında məlumatın məzmunu Dövlət Proqramında müəyyən edilir. 25.4. Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.
Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2**0-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: 4.4.1. Dövlət əmlakının hərraclar vasitəsilə satışı özəlləşdirilən əmlakın onun barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada pul müqabilində özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. 17.4. Hərracların və müsabiqələrin keçirilməsinin plan-qrafikləri, özəlləşdirilən konkret müəssisələr haqqında məlumatlar, kütləvi informasiya vasitələrində və xüsusi nəşrlərdə müsabiqənin, hərracın və səhmlərin açıq satışının keçirildiyi gündən azı 30 (otuz) gün əvvəl dərc edilir.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2**0-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”: 2.1. Satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir; …
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan yaşayış binalarında qeyri-yaşayış sahələri dövlət fonduna aid olmaqla dövlət əmlakı hesab edilir. Yerli icra hakimiyyəti orqanlarının balansında olan dövlət əmlakı barədə dövlət əmlakının mərkəzi registrində qeydiyyat aparılır. Daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişiklik, o cümlədən əqdlər bağlanması, icarəyə verilməsi dövlət registrində qeydə alınır. Sərəncamında registrə daxil edilmiş daşınmaz dövlət əmlakı olan qurumlar daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini hər il Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər. İşin hallarından görünür ki, mübahisə predmeti qeyri-yaşayış sahəsi dövlət fonduna aid edilmiş, sonradan Nəsimi rayon MKTB-nin balansına verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi özəlləşdirilməyə çıxarılarkən Nəsimi rayon MKTB-nin balansında olmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsi dövlət mənzil fondunun qeyri-yaşayış sahəsi statusunda olmuş, yuxarıda qeyd olunan tələblərə uyğun olaraq balansaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında həmin əmlak dövlət əmlakının registrinə daxil edilmişdir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş (......), bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, dövlətin balansına keçmiş yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinə dair dövlət əmlakının idarəedicisi ilə icarə müqaviləsinin bağlanması tələb olunduğu halda iddiaçı belə bir icarə müqaviləsi bağlamamışdır. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən tələblərindən görünür ki, yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan yalnız fiziki və hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş yaşayış binalarında yerləşən qeyriyaşayış sahələri ilk növbədə 1** faiz dəyəri ilə icarəçiyə təklif olunur. Hazırkı iş üzrə iddiaçı qeyd edildiyi kimi sözügedən qeyri-yaşayış sahəsinin icarəçisi olmamış, bu barədə dövlət əmlakının sərəncamvericisinə müvafiq icarə müqaviləsi təqdim edilməmiş, dövlət əmlakının registrinə sözügedən sahənin istifadədə olması ilə bağlı məlumat təqdim edilməmiş, müvafiq qeydlər edilməmişdir. Belə olan halda hesab olunur ki, iddiaçının icarəçi kimi həmin qeyri-yaşayış sahəsini almaqda üstünlük hüququ mövcud olmamış, cavabdeh orqanın isə özəlləşdirməyə çıxararkən iddiaçıya əmlakı ilk növbədə təklif etmək kimi öhdəliyi yaranmamışdır. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair keçiriləcək hərrac barədə qanunvericilikdə müəyyən edilmiş qaydada qabaqcadan kütləvi informasiya vasitələrində məlumat dərc olunmuşdur. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə keçirilmiş hərracda ən yüksək məbləği təklif edən X5 hərracın qalibi olmuş, onunla əmlakın satıcısı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən hərracın keçirilməsi qaydalarının pozulma halları müəyyən olunmamışdır. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı-“Yaradan-90” kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “hərracın nəticələrinin ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov