Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1441/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Cavabdeh qarşı “ maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Cavabdeh qarşı “ maddi ziyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci qrup əlil X1 Agentlik tərəfindən pasiyentin kreslo araba ilə təmin olunması üçün 07 noyabr 2018-ci il tarixdə tibbi göstəriş verilmişdir. Onun atası cavabdeh sənədlərlə Mərkəzə müraciət etmiş və ona 11 mart 2019cu il tarixdə kreslo arabası təqdim edilmişdir. Lakin həmin vaxt vəsiqəsi aktiv olduğundan S.Süleymanovun vəfat etdiyini aşkar etmək mümkün olmamış, nəticədə vəfat etmiş şəxsin adından cavabdeh kreslo arabasını götürməklə dövlət büdcəsinə ziyan vurulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, həmçinin mübahisənin publik sferaya aid olması qənaətində olmaqla hesab edir ki, Nazirlik tabeliyində olan Mərkəz ona verilmiş səlahiyyətlər çərçivəsində tibbi göstərişi olan şəxsə kreslo arabasının verilməsini yerinə yetirmişdir ki, həmin münasibətlər çərçivəsində yaranmış əsassız varlanma ehtimalı ilə əlaqədar mübahisə inzibati məhkəmə icraatı çərviçəsində həllini tapmalıdır. Məhkəmə, hazırkı mübahisə üzrə oxşar mübahisə olan pensiya alan şəxsin vəfatı ilə əlaqədar artıq ödənilmiş pensiya məbləğinin digər şəxsdən, bir qayda olaraq yaxın qohumlarından tutulmalı olması ilə bağlı mübahisələr üzrə işə inzibati məhkəmə icraatı çərçivəsində qiymət verilməli olması ilə bağlı hüquqi mövqeyin hazırkı mübahisə üzrə tətbiqini zəruri hesab edir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin 2-1(102)-300/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da həmin növ iddiaların mahiyyəti üzrə qiymət verilməsi ilə yanaşı, prosessual baxımından hüquqi mövqeyinin nəzərə alınmalı olması qənaətində olmaqla qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisələr üzrə iddiaya inzibati məhkəmə icraatı çərçivəsində qiymət verilməsi baxımından hər hansı fərq mövcud deyil. Necə ki, pensiya alan şəxsin vəfat etməsinə baxmayaq pensiya ödənişinin davam etməsinə münasibətdə artıq pensiya ödənişinin vəfat edən şəxsə ödənilməli olan məbləği sərəncamına götürən şəxsə münasibətdə iddiaya inzibati məhkəmə icraatı çərçivəsində qiymət verilirsə, hazırkı halda da kreslo arabası verilməsi nəzərdə tutulan, lakin vəfat etmiş şəxsə verilmə üçün əsas aradan qalxmış olsa da kreslo arabasının verilməsi nəticəsində artıq pul vəsaiti şəxsin sərəncamına keçirsə ona qarşı iddia da inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilməlidir. Beləliklə, hazırkı iddia publik sferadadır və inzibati məhkəmədə baxılmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati icraat haqqında qanunvericilik həm inzibati aktın qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə münasibətlərə, həm də inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil edilir. Bu isə o deməkdir ki, inzibat icraatla bağlı qanunvericilik normalarının, prinsiplərinin şamil edildiyi münasibətlər üzrə inzibati aktın qəbul edilib-edilməməsi əhəmiyyət daşımır. Münasibətin publik sferaya aid olması həmin norma və prinsiplərin nəzərə alınmalı olması ilə bağlı konkret qayda müəyyən edir. Adıçəkilən Qanunun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimadın qorunması hüququna istinad imkanlarının mövcudluğu müəyyən edilərsə hazırkı iddianın təmini əsasları da aradan qalxmış olardı. Yəni, inzibati orqanın qanunsuz olsa belə əlverişli inzibati aktı və ya hərəkəti etimad hüququnun qorunmasına istinad hallarında vətəndaşa münasibətdə hər hansı mənfi hüquqi nəticəyə səbəb ola bilməz. Odur ki, hazırkı iş üzrə maraqlı şəxsin etimadın qorunması hüququna istinad imkanlarının mövcud olub-olmadığı müəyyən edilməlidir ki, hazırkı işin faktiki halları üzrə məhz həmin istinad imkanının mövcud olmadığı 67.6.3-cü maddənin tələbindən irəli gəlir. Həmin maddənin müəyyən etdiyi tələbdən də görünür ki, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimad hüququnun qorunması halından söhbət gedə bilməz və məhkəmə hesab edir ki, hazırkı iş üzrə də adıçəkilən hal mövcuddur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işin hallarından da müəyyən edildiyi kimi cavabdeh oğlunun adına kreslo arabasını 11 mart 2019-cu il tarixdə iddiaçıdan təhvil almışdır. Cavabdehin övladı isə ürək çatmamazlığı səbəbindən 07 mart 2019-u il tarixdə vəfat etmişdir. Göründüyü kimi cavabdeh oğlunun vəfatından məlumatlı olsa da 4 gün sonra kreslo arabasının götürülməsi ilə bağlı iddiaçıya müraciət etmişdir ki, məhkəmə hesab edir ki, bu halda cavabdeh nəinki kreslo arabasının verilməli olmaması ilə bağlı halı bilməli idi, hətta onun qanunsuzluğu bilirdi. Göründüyü kimi etimad hüququnun qorunmasına istinadı istisna edən hal konkret olaraq müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin oxşar mübahisə üzrə 2-1(102)-300/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 28-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. cavabdehin onun ərinin vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin ərinə ödənilirdi. Cavabdehin ərinin vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə ərinin vəfatı barədə cavabehi məlumatlandırmaq əvəzinə, ərinin vəfatından sonra da pensiyanı almaqda davam etmişdir. Odur ki, cavabdehin etimadının qanunla qorunması hüququna malik olması barədə məhkəmənin mövqeyi haqlı sayıla bilməz. Odur ki, , iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, artıq ödənilmiş 1244,06 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 1362.89 manat məbləğində pul vəsaitinin iddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1441/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1441/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver