Məhkəmə qərarları › İş №2-1(112)-14411/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14411/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14411/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xəzər Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şivəxanova (Qurbanova) Dilruba Elşad qızı və onun azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvan iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evin yeganə mülkiyyətçisidir. X5 iddiaçının oğlu X1 arvadı olub. X5 həmin evdə qeydiyyatda olsa da, bir gün olsun belə yaşamayıb. X5 Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək cavabdeh X4 qarşı “nikah pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X5 ilə cavabdeh X6 ilə aralarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması barədə qət edilmişdir. İddiaçı cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1542/2023-cü il tarixli qətnaməyə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı istifadə və sahibliyində olan ünvan 3 ünvanında yerləşən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızma məxsus olan əşyaların çıxarılaraq cavabdehə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5322/2023-cü il saylı 13 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızının şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1542/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şıvəxanova (Qurbanova) Dilruba Elşad qızı ünvan 4 ünvanda yerləşən evdən qeydiyyatdan çıxmır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı iddia da iddiaçının mənafeyi namində məhz iddiaçının konstitusion hüquqlarından biri olan mülkiyyət hüququnun təminatı ilə əlaqədar qaldırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçı daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxslərin qeydiyyatını mübahisələndirərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. Bu səbəbdəndir ki, hazırkı iş üzrə iddiaçının əmlaka dair iddia qaldırılmasında hər hansı hüquqa malik olub-olmamasının müəyyən edilməsi və nəticədə subyektiv hüququn mövcud olub-olmaması müəyyən edilməlidir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı Şivəxanova (Qurbanova) Dilruba Elşad qızının və X3 yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etsə də, həmin tələbə münasibətdə yaşayış sahəsinə dair onlardan daha üstün mövqedə olduğunu nümayiş etdirən hüquqmüəyyənedici sənədi təqdim edə bilməmişdir. İş materiallarından da aydın olduğu kimi iddiaçı yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları mövcud olmayan şəxsdir. Onun həmin əmlakda faktiki yaşaması hazırkı iddianın qaldırılmasına münasibətdə mümkünlük baxımından vəziyyəti iddiaçının xeyrinə dəyişməyən hal hesab edilir. Məhkəmə diqqətə çatdırır ki, vətəndaşın daşınmaz əmlaka qeydiyyata alınması onun həmin əmlak üzərində mülkiyyət hüququnun əldə etməsini ifadə etmir. Bilavasitə vətəndaşın qeydiyyata olmasını təsdiq edən sənəd hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, iddiaçı üçün hər hansı hüquq yaratmamaqla yanaşı, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması mənasını ifadə etmir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Hazırda da iddaçının mübahisəli yaşayış sahəsində qeydiyyatda olması, onun daşınmaz əmlak üzərində sərəncam, sahiblik və mülkiyyət kimi hüquqlarının yaranmasını ehtiva etmir. Təbii haldır ki, hazırkı növ iddialar mülkiyyət hüquqlarının qorunması ilə bağlı olduğundan mülkiyyət hüququna malik olmayan şəxsin, ümumiyyətlə digər əmlak hüquqları da mövcud olmayan şəxsin əmlaka dair mövcud olmayan hüququn müdafiəsinə dair iddianın da mümkünlüyü ödənilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-400/2020 nömrəli analoji işi ilə bağlı 03 iyun 2020-ci il tarixli qərarında da Məhkəmə özbaşına tikinti ilə bağlı iddiaçının başqa şəxsi qeydiyyatdan çıxarılmasına münasibətdə də iddianın mümkün sayılmamasını qanuni və əsaslı saymışdır. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-952/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-1133/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xəzər Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar