Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1442/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Rspublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, İddiaçı ona müharibə veteranı vəsiqəsinin və statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia ərizəsinə verilmiş etirazını onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən iddiaçının hərbi biletində qeyd edildiyi kimi avqust, dekabr 1992-ci il tarixlərdə xidməti barədə məlumat yoxdur. Hərbi biletdə aparılan qeydlər hərbi hissə komandiri tərəfindən verilmiş nizami hissə üzrə əmrlər əsasında verilir. Bundan başqa, iddiaçının Müdafiə Nazirliyinin müvafiq komissiyasına müraciəti yoxdur və buna görədə iddianın mümkünlük məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən inzibati işin hazırlıq icraatı zamanı keçirilmiş məhkəmə iclasında İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsi rəhbər tutularaq iddiaçıya “hüquqi yardım” göstərilmiş, hazırki inzibati iş üzrə iddianın mümkünlük məsələsinin araşdırılması üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsi”nin verilməsinə dair ünvanlanmış müraciətin və həmin müraciətə verilmiş cavab məktubunun (imtina məktubunun) təqdim edilməsi tələb olunmuşdur. İş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və son olaraq şifahi məhkəmə baxış iclası 18 may 2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə,öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialardaiddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsimüddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, qanunverici məcburetmə və öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehin etirazından və iş materiallarında olan sənədlərdən müəyyən edildi ki, iddiaçı ümumiyyətlə “müharibə veteranı statusunun və müharibə veteranı vəsiqəsinin verilməsi” ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım göstərərək, iddiaçının “müharibə veteranı statusunun və müharibə veteranı vəsiqəsinin verilməsi” ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə edilən müraciətin və ona verilən imtina məktubunun surətinin təqdim olunması tələb olunsa da, iddiaçı tərəfindən tələb olunan sənədlər təqdim olunmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 30.01.2019-cu il tarixli, 9/2-5582 nömrəli məktubunun imtina olmadığını qeyd edərək əlavə olaraq bildirir ki, həmin məktub iddiaçının sorğusu əsasında verilmiş və onun nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında yalnız xidməti barədə məlumatın olmadığını təsdiq edən sənəddir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının 8.3-cü bəndində qeyd edilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Rspublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1442/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1442/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver