Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1442/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İmrah Khanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İmrah Khan cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı qaçqın statusu ilə bağlı müraciəti üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılmaqla, qanuni inzibati aktın qəbul edilməsi və İddiaçı (Pasport: YS4135432) qaçqın statusunun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Pakistan İslam Respublikasının Hasan Abdali şəhərində 15 may 1994-cü ildə doğulmuşdur, milliyyətcə pəncabi, dini etiqatına görə müsəlmandır. İddiaçı müxalifət yönümlü olduğum üçün dövlət tərəfindən təqib edilmişdir. Bununla bağlı onun polisə müraciət etməyi barədə sənədi də var həmin sənədlə onun 3 dəfə silahla vurulmağım təsdiq olunur. Həmçinin dövlət məmurları tərəfindən döyülməyini təsdiq edən şəkilləridə vardır. Azərbaycan Respublikasına gələrək qaşçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 07 may 2024-cü il tarixdə müraciət etmişdir. İddiaçının müraciəti 3/37/1- K-34xx-xx/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının müraciəti ilə bağlı heç bir araşdrıma aparılmadan “İnzibati icraat haqqında” Qanunvericiliyin tələbləri pozulmaqla müraciətinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməmiş, yalnız ona qanunvericiliyin tələblərinin izah olunması barədə məktub verilmişdir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət edərək xx.xx.2024cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Sonradan əcnəbi sui-istifadə edərək ölkə ərazisində olma müddətini artırmaq üçün olma müddətinin bitməsinə az qalmış xx.xx.2024-cü il tarixdə DMX-yə online şəkildə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Xidmət əməkdaşları tərəfindən DMX-yə dəvət edilərək onunla qanunvericiliyin tələbləri əsasında söhbət aparılmışdır. İddiaçı ilə söhbət zamanı onların qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, yəni ilkin uyğunluq aşkar edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməsi nəzərlərinə çatdırılmaqla onlara qanunvericiliyin tələbləri izah olunmuş və bununla bağlı şəxsə rəsmi qaydada cavab məktubu göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi elektron poçt ünvanına daxil olmuş 7 may 2024-cu il tarixli, 3-37/1-K-34xx-xx/2024 qeydiyyat nömrəli müraciətinə aidiyyəti üzrə baxılmış, müraciətdə qeyd olunan məsələ ilə bağlı 24 may 2024-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin inzibati binasında onun görüş keçirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Qaçqın vəsiqəsində göstərilən məlumatlar X1 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Qaçqın vəsiqəsində göstərilən məlumatların X1 Sistemi üzərindən təqdim edilməsi qaçqın vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır. “Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. Normanın məzmununa görə qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Mübahisəyə dair işin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış və inzibati icraat aparılmışdır (yazılı etirazda da iddiaçı ilə danışıqların aparıldığı qeyd olunmuşdur). İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən iddiaçıya qaçqın statusunun verilməsindən inzibati orqanın imtinası qanuni və əsaslı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1879/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İrqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3101/2019 saylı xx.xx.2019-cu il tarixli; 2-1(102)- 2018/2021 saylı xx.xx.2021-ci il tarixli qərarlarında nümayiş etdirilmişdir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1442/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1442/2025
24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver