Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14420/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsindəki 7 saylı evin 1 saylı mənzilinin ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 65,2 kv.m, köməkçi sahə isə 15,8 kv.m olmaqla 4 otaqlı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 7 saylı evin 1 saylı mənzilinin iddiaçının adına özəlləşdirilərək mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 576 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 7 saylı evin 1 saylı mənzili 7 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, kürəkəni və 3 nəvəsi ilə birlikd) iddiaçıya verilmiş və bu barədə müvafiq order yazılmışdır. Müvafiq akta əsasən həmin mənzilin ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 65,2 kv.m, köməkçi sahə isə 15,8 kv.m olmaqla 4 otaqdan ibarətdir. Hazırda həmin mənzildə qızı X9, kürəkəni X4, özü, gəlini X5, nəvələri X6, X1, X10 və X11 qeydiyyatdadır. Onların hamısı yetkinlik yaşına çatmışlar və mənzilin özəlləşdirilməsinə razıdırlar. Mənzili özəlləşdirmək məqsədi ilə iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasları ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, qeyd edilən mənzilin ikinci mərtəbəsinə pilləkən quraşdırılması tələbin təminindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçı mənzilin ikinci mərtəbəsini deyil, yalnız birinci mərtəbəsini özəlləşdirmək istəyir. Bunun üçün isə o, hüquq müəyyənedici sənədə malildir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixədək qəbul edilmiş sərəncamlarının, onların verilməsinə əsas olmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 576 saylı sərəncamı məhkəməyə təqdim edilmişdir. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 576 saylı sərəncamına əsasən M.Arif küçəsində 7 saylı evin, yaşayış sahəsi 30 kv.m olan iki otaqlı 1 saylı mənzilinə 7 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, kürəkəni, 3 nəvəsi) iddiaçıya daimi order verilmiş və orderdə iddiaçının və onun ailə üzvləri oğlu X7, qızı X9, kürəkəni X4, nəvələri X12, X1 və X3 adları qeyd edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Nərimanov rayonu, M.Arif küçəsi 7, mənzil 1 hüquq müəyyənedici sənəd üzrə və faktiki 4 otağa malikdir və yaşayış sahəsi hüquq müəyyənedici sənəd üzrə 65.2 kv.m, faktiki 63.4 kv.m, ümumi sahəsi isə hüquq müəyyənedici sənəd üzrə 81 kv.m, faktiki 79.3 kv.m təşkil edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şəraitin yaradılmadığı bildirilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilən mənzilin faktiki olaraq ümumi sahəsinin 137.9 kv.m (yaşayış sahəsi 103.8 kv.m) təşkil etməsi, mənzilin həyət tipli mənzil olmasına baxmayaraq ümumi istifadədə olması və 2 mərtəbəli, 6 otaqdan ibarət olması bildirilmiş, mənzilin eksiz planı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanında X9, X4, İddiaçı, X5, X6, X1, X10 və X11 qeydiyyatdadır. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən X13 ünvan 1 ünvanında qeydiyyatdadır. Notariat qaydada təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X9, X4, X5, X6, X1, X10, X11, X13 və orderdə adları olan X7 və X8 həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına etiraz etməmişlər. Təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 038138 saylı orderdən görünür ki, ünvan 1 iddiaçının istifadəsinə verilmişdir. Orderdə iddiaçıdan başqa, ailə üzvləri oğlu X7, qızı X9, kürəkəni X4, nəvələri X12, X1 və X3 adları qeyd edilmişdir. Təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli aktında göstərilmişdir ki, Bakı şəhəri, M.Arif küçəsi, ev 7 ünvanında yerləşən 1 saylı mənzilin ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 65,2 kv.m, köməkçi sahəsi isə 15,8 kv.m olmaqla 4 otaqlıdır. Mənzildə yeni tikili aşkar edilməmişdir. Bütün sanitar normalara uyğundur. Komissiya həmin evin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy verir və göstərilən məsələnin sənədləşdirilməsini məqsədəuyğun sayır. Təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli texniki rəyində göstərilmişdir ki, Bakı şəhəri, M.Arif küçəsi, ev 7 ünvanında yerləşən 1 saylı mənzil iddiaçıya məxsusdur. Mənzildə təmir və daxili rekonstruksiya işləri aparılmış və mənzil mövcud vəziyyətdə ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 65,2 kv.m, köməkçi sahəsi isə 15,8 kv.m olmaqla 4 otaqlı olmuşdur. Mənzildə son zamanlar əlavə tikinti işləri aparılmamışdır, bütün sanitar və texniki normalara cavab verir. Komissiya həmin mənzilin mövcud vəziyyətdə sənədləşdirilməsini və müvafiq sərəncam verilməsini məqsədəuyğun sayır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zamanı mənzilin ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, 1-ci mərtəbədən 2-ci mərtəbəyə pilləkən sahəsinin quraşdırıldığı müəyyən edilmiş, lakin 2-ci mərtəbəyə texniki baxış keçirilməsi üçün mütəxəssislərə şərait yaradılmamışdır. Əlavə olaraq qeyd edilir ki, qeyd olunan mənzilə dair təqdim edilmiş plan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilin özəlləşdirilərək onun üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz (8). İşdən görünür ki, iddiaçı Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 576 saylı sərəncamı və xx.xx.2022-ci il tarixli, 038138 saylı orderinə əsaslanaraq Bakı şəhəri, M.Arif küçəsi, ev 7 ünvanında yerləşən 1 saylı mənzili öz adına özəlləşdirmək istəyir. O, həmin tələblə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasının əsasını o təşkil edir ki, mənzilin 1-ci mərtəbəsindən 2-ci mərtəbəsinə pilləkən sahəsi quraşdırılmış və 2-ci mərtəbəyə texniki baxış keçirilməsi üçün mütəxəssislərə şərait yaradılmamışdır. Qeyd olunan mənzilə dair təqdim edilmiş plan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının əsaslandığı orderin mövcudluğu məhkəmədə şübhə doğurmur. Belə ki, orderin təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Habelə həmin orderin verilməsini təsdiq edən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 576 saylı sərəncamı da Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə göndərilmişdir. Həmin sərəncam hazırda qüvvədədir və ləğv edilməmiş, etibarsız hesab edilməmişdir. Mənzil üzərində hüquqlara malik olan bütün şəxslər mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişlər. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə qeyd edir ki, qeyd edilən hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, mənzildə aparılmış hər hansı dəyişikliklər iddiaçının mülkiyyət hüququna maneçilik təşkil edə bilməz və 2-ci mərtəbəyə texniki baxışın keçirilməsi formal əhəmiyyətə malikdir. Eyni zamanda iddiaçı yalnız müvafiq sərəncamla ona verilmiş mənzil sahəsinin öz adına özəlləşdirilməsini istəyir. Mənzilin ikinci mərtəbəsinin də iddiaçı tərəfindən istifadə edilməsi, birinci mərtəbə ilə ikinci mərtəbə arasında pilləkənin mövcud olması tələbin təminindən imtina üçün əsas deyildir. Çünki iddiaçı mənzilin ikinci mərtəbəsi üzərində hər hansı hüquqa istinad etmir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 7 saylı evin 1 saylı mənzilinin iddiaçının adına özəlləşdirilərək, həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 7 saylı evin 1 saylı mənzilinin (hüquq müəyyən edici sənədə əsasən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 65,2 kv.m, köməkçi sahəsi isə 15,8 kv.m olmaqla, 4 otaqlı) İddiaçı adına özəlləşdirilərək həmin mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-14420/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14420/2025
18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver