Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14421/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə 3 saylı Bakı “DOST” mərkəzinə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X1 sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı 7 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (7 ildən) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək (7 il 4 ay sığorta stajına uyğun olaraq) 12897,80 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ 36 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 19353,60 manat pensiya kapitalından azdır və minimum pensiya təyinatına (320 manat) imkan vermir. İddiaçıya xx.xx.2013-cü il tarixindən İİİ dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) sosial müavinət təyin edilmiş, ödənişi xx.xx.2025-ci il tarixindən 180 manat məbləğində olmaqla davam etdirilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya müddətsiz gözdən üçüncü qrup əlil kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, 1996-cı ildən isə gözdən əlildir. xx.xx.2013-cü il tarixdən ona müddətsiz 3-cü qrup əlillik verilmişdir, iddiaçı ancaq yüngül işlərdə işləyə bilər. 3-cü qrup əlil olduğuna görə iddiaçını heç bir yer işə götürməmiş, lakin 2019-cu ildən 2020-ci ilə kimi X3 tikintidə mərmər ustası kimi işləmiş, ancaq sonradan sağlamlığı imkan vermədiyinə görə həmin işdən çıxmışdır. 2020-ci ildən hal-hazırkı vaxta kimi “Bazarstore”da işləyir, hər ay sığorta hesabına 250-300 manat arasında pul ödəyir. Pensiyaya çıxmağı ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilatın xx.xx.2025-ci il tarixli rəsmi cavabı ilə ərizəsi təmin edilməmişdir. X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 7 il 4 ay olmaqla qanunla tələb olunan 7 ildən çoxdur. Fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 12.897,80 manat təşkil edir. Lakin cavabdeh təşkilat 36 yaşına uyğun olaraq iddiaçıdan 19.353,60 manat pensiya kapitalı tələb edir. 19.353,60 manat pensiya kapitalı sağlam adamlar üçün nəzərdə tutulmuşdur. İddiaçı isə müddətsiz gözdən 3-cü qrup əlil olduğundan, 7 il 4 ay sığorta stajı, 12.897,80 manat pensiya kapitalı və 36 yaşı olduğuna görə cavabdeh təşkilat tərəfindən pensiyaya çıxarılmalıdır. Cavabdeh iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının sığorta stajı 7 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (7 ildən) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2013-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək (7 il 4 ay sığorta stajına uyğun olaraq) 12897,80 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ iddiaçının 36 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 19353,60 manat pensiya kapitalından azdır və minimum pensiya təyinatına (320 manat) imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, xx.xx.1989-cu il tarixdə doğulmuşdur. 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2013-cü ildən müddətsiz üçüncü dərəcə gözdən əlillik təyin edilmişdir. İşdə olan idiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, o 2013-cü ilin yanvar ayından əmək fəaliyyətinə başlamış, onun 2025-ci ilin iyun ayına 12860,25 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı hazırda ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 13.2-ci maddəsinə görə əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İstinad olunan normalardan görünür ki, orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (İİ və İİİ qrup əlillərə) əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni anda olması tələb edilir:
1. əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda;
2. fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.3cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 15 yaşından etibarən hesablanır. İşdən görünür ki, iddiaçının 7 il 4 ay sığorta stajı var ki, bu da tələb edilən 7 ildən ((36 yaş-15 yaş)x 4 ay = 84 ay= 7 il) artıqdır. Deməli, iddiaçı qanunla tələb olunan ilk şərti ödəyir. İkinci şərtə gəldikdə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamına əsasən əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Belə olan halda aydındır ki, 36 yaşı tamam olmuş iddiaçıya 2025-ci ilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı - 320 manat x (144 ay x 84/200) =320 manat x60,48= 19353,6 manatdır. İş materiallarından isə görünür ki iddiaçının sığorta hesabında 12860,25 manat pensiya kapitalı qeydə alınmışdır, hansı ki, bu da yuxarıda qeyd edilən minimum pensiya təyini üçün tələb olunan 19353.6 manat pensiya kapitalından azdır. Beləliklə, istinad edilən normalara əsasən müəyyən edilir ki, iddiaçının Qanunun 11- 13-cü maddələrinə əsasən əlilliyə görə əmək pensiyası hüququ yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova