Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1443/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul edilmiş qərar əsassızdır və hər hansı hüquqi əsasa söykənmir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən həm ümumi, həmçinin güzəşti iş stajı yoxlanılmış, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən olunmuşdur. Həmin dövrdə inzibati orqan pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə açmamışdır. Başqa sözlə desək iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hər hansı müdaxiləsi olmamışdır. Bundan başqa isə cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtinin ödənilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki iddiaçının güzəştli iş stajının olduğunu təsdiq edən güzəştli arayışlar mövcuddur ki, həmin arayışlarda olan məlumatlar mötəbər hesab olunur. Bundan başqa iddiaçının güzəştli iş stajına aid olar illərdə güzəştli əsasların təsir altına düşərək ikiqat ölçüdə nəzərə alınır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya 09 dekabr 2017-ci il tarixdən (57 yaşdan) Fondun Salyan rayon Şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərin araşdırılması zamanı 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının "xxxx" QSC İD 12 nömrəli Salyan yol sahəsi tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2019-cu il tarixli, 246 nömrəli arayışın verilməsinə baxmayaraq, onun işlədiyi AQMu və ya DQKu kran drezin maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 №-li siyahısında, eləcə də qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi halda iddiaçıya xx.xx.2017-ci il tarixdən (57 yaşdan) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində ümumilikdə 3339,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi, əmək pensiyasının faktiki dayandırıldığı, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmış və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi iddiaçının güzəştli iş stajına malik olmaması əsası ilə dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə xx.xx.2019-cu il tarixdə pensiyanın dayandırılması barədə qərar qəbul etməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı onun pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası xx.xx.2019-cu il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməlidir. Digər tərəfdən Məhkəmə İddiaçı irəli sürdüyü iddianın təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə əsaslı olmasını da hesab edir. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanuna, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün üç şərt ödənilməlidir: 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsidir. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olması ilə bağlıdır. Məhkəmə, hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın (güzəştli iş stajının 12 il 06 aydan az olub-olmaması) araşdırılması ilə bağlı ilkin olaraq iddiaçının əmək kitabçasında əks olunan vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə uyğunluğunu yoxlayır. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, o,: -xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək gözətçi; -xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə; -xx.xx.1983-cü il tarixdən yol montyoru, xx.xx.1983-cü il tarixdən defektoskop briqadası operator köməkçisi, xx.xx.1984-cü il tarixdən maşinist, xx.xx.1984-cü il tarixdən AQM-u kran drezin maşinistinin köməkçisi, xx.xx.1985-ci il tarixdən AQM-u kran drezin maşinisti; xx.xx.1991-ci il tarixdən xx.xx.2016-cı il tarixədək DQK-u kran drezin maşinisti; -xx.xx.2016-cı il tarixdən "xxxx" QSC İD 12 nömrəli Salyan yol sahəsinin Emalatxana sexinə DQK-u 689 maşinist vəzifəsində işləmişdir. Məhkəmə, hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın (vəzifələrin uyğun olub-olmaması hissəsində) araşdırılması ilə bağlı sorğu ilə "xxxx" QSC-yə müraciət etmiş, İddiaçı xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətini həyata keçirdiyi yol montyoru, defekteskop briqadası operator köməkçisi, AQMu kran drezin maşinist köməkçisi, AQM-u maşinist, DQK-u kran drezinə maşinist peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə məlumatın (hər peşə ayrıayrılıqda bölmə, kod üzrə göstərilməklə) təqdim edilməsini xahiş etmişdir. Həmin sorğuya cavab məktubunda İddiaçı dəmir yolu nəqliyyatı üzrə yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində (kod: 23001000-19825) nəzərdə tutulduğu; eyni zamanda AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşələrinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində (kod: 2300200a-11448) müəyyən edilən “drezinaların sürücüləri” peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri ilə eynilik təşkil etdiyini; “defektoskop briqadası operator köməkçisi” və “AQM-u kran drezin maşinistinin köməkçisi” peşələrinin isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin sırasında təsbit edilmədiyi göstərilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə onun yol montyoru, AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin sırasında təsbit edildiyini vurğulamışdır. Doğrudur ki, AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşəsinin adları Siyahıda konkret göstərilməsə də, sorğuya cavab məktubunda həmin peşədə işləyən şəxslərin əmək funksiyalarının Siyahıda nəzərdə tutulan drezinaların sürücüləri peşəsində işləyən şəxslərin əmək funksiyaları ilə eynilik təşkil etdiyi müəyyən olunur. Məhkəmə, yuxarıda adı çəkilən peşələrin Siyahıda konkret olaraq həmin adda nəzərdə tutulmadığı, lakin funksional fəaliyyət baxımından drezinaların sürücüləri peşəsi ilə uyğunluq təşkil etməsi ilə bağlı qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə qeyd olunan məlumatlara istinad edərək hesab edir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun AQM-u maşinisti və DQK-u kran drezin maşinisti peşələrində işlədiyi zaman icra etdiyi əmək funskiyalarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci bölməsində (kod: 2300200a-11448) müəyyən edilən “drezinaların sürücüləri” peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri ilə uyğunluğu müəyyən olunduğundan, iddiaçının həmin peşələrdə işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Təbii haldır ki, həmin arayışın tədqiqi və güzəştli pensiya təyinində nəzərə alınıbalınmaması inzibati məhkəmə icraatında məhkəmənin müstəsna səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən müvafiq sorğular verilərək, eyni zamanda yuxarıda adıçəkilən siyahılar tətqiq edilərək aparılmış araşdırma nəticəsində mötəbərliyinə şübhə yarada biləcək hər hansı məqam aşkar edilməmişdir. Belə olan halda iddiaçının güzəştli iş stajına daxil olan dövrlər xx.xx.1983xx.xx.1983 (yol montyoru – 05 ay 27 gün); xx.xx.1985-xx.xx.2006 (AQM-u maşinisti və DQK-u kran drezin maşinist -20 il 07 ay 27 gün) dövrləri əhatə edir ki, bununla onun güzəştli iş stajının 12 il 06 aydan (21 il 01 ay 24 gün) çox olması sübut olunur. Hər nə qədər mübahisə predmeti olmasa da, yəni cavabdeh tərəfindən mübahisələndirilməsə belə məhkəmə araşdırması nəticəsində iddiaçının 57 yaşının tamam olduğu tarixə ümumilikdə 25 ildən artıq iş stajına malik olduğu da müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Məhkəmə pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı da araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçıya əmək pensiyasının ödənilməsi xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli sərəncam ləğv edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının faktiki dayandırıldığı, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1443/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1443/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver