Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1443/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X5 və Daxili İşlər Nazirliyi)“ məhdudiyyətin götürülməsi və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhdudiyyətin götürülməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadları ilə Daxili İşlər Nazirliyi, X2 və X5 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları borcun ödənilməsinə münasibətdə ipoteka predmeti olan əmlaklara borc yönəldilmiş, icra mərhələsində hərracın nəticələrinə uyğun olaraq əmlakların ipoteka saxlayanın mülkiyyətinə verilməsinə dair protokollar tərtib edilmişdir. Həmin əmlaklara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciət isə cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan təmin edilməmişdir. Müəyyən edilmişdir ki, həmin əmlaklar üzərində istintaq orqanının müvafiq məktubları əsasında məhdudiyyət qoyulmuşdur ki, həmin məktublar əsasında əmlaklar üzərinə məhdudiyyətin qoyulması qanunsuz və əsassızdır. Cavabdehin etirazı: İstintaq orqanlarının məktubu əsasında iddia olunan əmlaklar üzərində həbs qoyulmuşdur ki, bu səbəbdən də əmlakların dövlət qeydiyyatına alınmasına dair iddianın təmininə etiraz edilir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2071/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, məhdudiyyətin götürülməsinə dair cavabdeh əmlak orqanına qarşı olan iddiaya mahiyyəti üzrə baxılması mümkündür. Belə ki, qərarda qeyd edilmişdir ki, iddiaçı, cavabdeh tərəfindən əmlak üzərində CPM-in müddəalarına uyğun həbs qərarı olmadan onun mülkiyyət hüququnun məhdudlaşdırılması halına istinad edir ki, bu halda, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin inzibati orqan kimi hərəkətlərinin qanuniliyinə qiymət verməlidirlər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyü ilə bağı məsələni işin hallarını hərtərəfli qiymətləndirmədən həll etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubundan görünür ki, iddia olunan əmlaklar üzərində Daxili İşlər Nazirliyinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubu ilə məhdudiyyət qoyulmuşdur. Məhkəmə qətnamələrindən görünür ki, iddiaçı qarşısında borcun ödənilməsi ilə bağlı üçüncü şəxslərə məxsus əmlaklara ipoteka predmeti kimi tutmanın yönəldilməsi qət edilmişdir. Hərracın nəticələri haqqında protokollardan görünür ki, iddia olunan əmlaklar alıcı olan iddiaçıya satılmışdır. Daşınmaz əmlak haqqında məlumat sənədlərindən görünür ki, əmlaklar üzərində ipoteka və müvəqqəti nəzarət adı altında yüklülük müəyyən edilmişdir. Cavabdehin məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş cavabdehə istintaq orqanları tərəfindən təqdim edilmiş məktublardan görünür ki, iddia olunan əmlaklar üzərində özgəninkiləşdirmənin qadağan edilməsi xahiş edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, üçüncü şəxslərin əməllərinə hüquqi qiymət verilməsi ilə əlaqədar zəruri istintaq tədbirləri görülməkdədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); - 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. - 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: -249.2.1.məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; -249.2.2.məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və onun tabeliyində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Halbuki, qeyd edilən cinayət prosessual qanunvericiliyin normalarının tələblərindən görünür ki, cinayət işi ilə əlaqədar əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Hazırkı iş üzrə isə iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarının, nə də müstəntiqin əsaslandırılmış qərarının qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın təqdim edilmiş məktublar əsasında iddiaçının mülkiyyətində olan əmlaklar üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2071/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2 - 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər (CPM-in 248.1.1; 249.2; 249.5-ci maddələri). Hazırkı halda, iddiaçı, cavabdeh tərəfindən əmlak üzərində CPM-in müddəalarına uyğun həbs qərarı olmadan onun mülkiyyət hüququnun məhdudlaşdırılması halına istinad edir ki, bu halda, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin inzibati orqan kimi hərəkətlərinin qanuniliyinə qiymət verməlidirlər. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh yalnız daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar olmadan inzibati orqan daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması ilə bağlı hərəkətlər həyata keçirirsə, bu halda mülkiyyətçinin həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək imkanları da mövcuddur. Belə ki, cavabdeh hər bir inzibati orqan kimi fəaliyyətində qanunun müddəalarını rəhbər tutmaqla hərəkət etməlidir. Bu növ iddia isə İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi CPM-in 253-cü maddəsi isə hazırkı hala şamil edilə bilməz. Belə ki, həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilən maddə o halda tətbiq oluna bilər ki, əmlak üzərində həbsin əsasında CPM-in 249-cu maddəsinə uyğun məhkəmə və ya müstəntiqin qərarı dayansın. Hazırkı işin hallarında isə belə bir qərarın mövcudluğu müəyyən olunmur. Göründüyü kimi Ali Məhkəmə məhkəmə və müstəntiqin qərarının mövcud olmadığı halda əmlak üzərində məhdudiyyətin məktub əsasındaqoyulmasına dair iddiaya münasibətdə mövqe nümayiş etdirmiş ki, məhkəmə həmin mövqe nəzərə alınmaqla da hesab edir ki, məhdudiyyətin qoyulmasına dair cavabdehin hərəkətləri qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. İş materiallarında mövcud olan protokollardan da göründüyü kimi ipoteka predmeti olan əmlaklar ipoteka saxlayan iddiaçı tərəfindən əld edilmiş, nəticədə sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas yaranmışdır. Məhkəmə ipoteka yüklülüyünün götürülməsinə münasibətdə də hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun: 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 2-ci mərtəbəsində 10 saylı qeyri-yaşayış sahəsinin və X4 məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində olan 83,85,86,87 və 91 nömrəli qeyri-yaşayış sahələrinin üzərindən ipoteka yüklülüyünün və məhdudiyyətin götürülməsi və həmin əmlaklara iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1443/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1443/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver