Məhkəmə qərarları › İş №2-1(112)-1443/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1443/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1443/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Ağayev küçəsi. A./Yat ev 43, 4 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Qeyd edilən mənzil iddiaçıya xx.xx.1998-ci il tarixində işlədiyi “Balaxanıneff' NQÇİ tərəfindən 11 №-li order əsasında istifadəsinə verilmişdir. Qeyd edilən mənzildə iddiaçı 1998-ci ildən qeydiyyatdadır. Keşmiş yataqxana binası olan və mənzil fonduna daxil edildiyindən, iddiaçı tərəfindən Bakı şəhəri Mənzil Komunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanmasını xahiş etmiş və nəticədə xx.xx.2017-ci il tarixində Bakı şəhəri Mənzil Komunal Təsərrüfatı Departamentinin 02/4 №-li Sərəncamı ilə kirayə müqaviləsi bağlanmışdır. İddiaçı xüsusi olaraq qeyd edir ki, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi mənzildə artıq 25 (iyirmi beş) ildir ki, istifadə edir və yaşayır. İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Ağayev küçəsi, A./Yat ev 43, 4 saylı mənzilə dair çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2023-cü il tarixində məktubla müraciətinə “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır” kimi qeyd etmişdir. İddiaçı hesab edir ki, müvafiq məktub imtina kimi qiymətləndirilməlidir və əsassızdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.

4. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Ağayev küçəsi, A./Yat ev 43, 4 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********41 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, A./Yat ev 43, 4 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 43, 4 saylı mənzilinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 02/4 saylı, sərəncamı xx.xx.2017-ci il tarixdə verilmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 33.4 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

6. “Balaxanıneft” NQÇİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 11 nömrəli Orderə əsasən “Balaxanıneft” NQÇİ-nin ailəli yataqxanasında yaşayış sahəsi almaq üçün order vətəndaş İddiaçı verilir: İşlədiyi yer: “Balaxanıneft” NQÇİ Vəzifəsi: Təmir operatoru Ailə tərkibi: 4 (Dörd)

1. İddiaçı – özü – 1960

2. X6 – arvadı- 1968

3. X4 – oğlu – 1991

4. X5 – oğlu -1993 Yataqxana ünvan 2 ünvanında yerləşir. Əsas: xx.xx.1997-ci il tarixli, 9 №-li protokol

7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 43 saylı evin 4 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” xx.xx.2017-ci il tarixli, 02/4 saylı Sərəncamında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 1998-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 43 saylı evin, yaşayış sahəsi 18,06 kv.metr olan 1 otaqlı 4 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 43 saylı evin, yaşayış sahəsi 18,06 kv.metr olan 1 otaqlı 4 saylı mənzili 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.

8. İş materiallarına əlavə olunan **********707 saylı Ərizədə qeyd olunur ki, X5 qeydiyyatda olduğu ünvan 4 ünvanında olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə heç bir etirazı yoxdur.

9. İş materiallarına əlavə olunan **********708 saylı Ərizədə qeyd olunur ki, X6 qeydiyyatda olduğu ünvan 4 ünvanında olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə heç bir etirazı yoxdur.

10. İş materiallarına əlavə olunan **********707 saylı Ərizədə qeyd olunur ki, X5 qeydiyyatda olduğu ünvan 4 ünvanında olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə heç bir etirazı yoxdur.

11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən mütəxəssislər tərəfindən sözügedən ünvanda araşdırma aparılmış və müəyyən olunmuşdur ki, bina 1989-cu ildə keçmiş “Azərneftistehsalatbirliyinin” 3 nömrəli Tikinti Quraşdırma İdarəsi tərəfindən ailəli insanlar üçün inşa edilmiş, 1 bloklu, 7 mərtəbəli yataqxana binasıdır. Binanın qəzalı vəziyyətdə olması haqqında Agentlikdə heç bir məlumat yoxdur.

12. 147 saylı MKİS tərəfindən verilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 43 ünvanında yerləşən 4 saylı mənzilə dair plan məhkəməyə təqdim edilmişdir.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü), X6 (xx.xx.1968-ci il təvəllüdlü), X5 (xx.xx.1993-cü il təvəllüdlü), X4 (xx.xx.1991-ci il təvəllüdlü) ünvan 5 ünvanında qeydiyyatdadırlar.

14. İş materiallarında olan Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən icazəsiz tikili yoxdur, 7 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşir, yaşayış sahəsi kimi istifadə olunur.

15. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvan 6 ünvanında yerləşən digər mənzillərə dair ilkin hüquqmüəyyənedici sənədlər, hüquqların qeydiyyata alınması barədə məhkəmə qərarları və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar (elektron) məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, həmin binadakı mənzillər analoji qaydada təqdim edilmiş sənədlərə uyğun qəbul edilmiş məhkəmə qərarları əsasında ilkin qeydiyyata alınmışdır.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

24. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

25. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

30. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 43 saylı evin 4 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” 02/4 saylı Sərəncamı xx.xx.2017-ci il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, “Balaxanıneft” NQÇİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 11 nömrəli Orderə əsasən Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 43 ünvanında yerləşən ailəli yataqxananın 4 saylı mənzili İddiaçı 4 nəfər ailə tərkibi ilə verilmişdir (xx.xx.1998-ci il tarixli, 11 nömrəli Orderdə əsas olaraq xx.xx.1997-ci il tarixli, 9 №-li protokol qeyd olunmuşdur). Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 43 saylı evin 4 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2017-ci il tarixli, 02/4 saylı Sərəncamında İddiaçı 1998-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 43 saylı evin, yaşayış sahəsi 18,06 kv.metr olan 1 otaqlı 4 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) yaşadığı qeyd olunmuşdur.

31. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin (arvadı və 2 oğlunun) razılığının olubolmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin (X6, X5, X4) razılıq ərizələrinə əsasən mənzilə dair iddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə razılıq ifadə olunmuşdur, etirazları yoxdur.

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 43 saylı evin 4 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2017-ci il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin qanuni əsaslarla istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.

33. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər.

34. Məhkəmə eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunan binanın qəzalı vəziyyətdə olması haqqında Agentlikdə heç bir məlumat olmadığı bildirilmişdir.

35. Eyni zamanda binanın qəzalı vəziyyətdə olmasına dair hər hansı məlumat mövcud deyildir.

36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən 4 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar