Məhkəmə qərarları › İş №2-1(112)-1443/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1443/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1443/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş imtinanın ləğv edilməsini, təqdim etdiyi qanuni və əsaslı sənədləri üzrə həyətyanı şəxsi ev tikintisi üçün Abşeron rayon keçmiş X7 İcraiyyə Komitəsinin 12 avqust 1989-cu il tarixli, 194 saylı qərarı ilə X3 ərazisində ayrılmış 0,10 ha torpaq sahəsinə dair çıxarış sənədinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Abşeron rayon keçmiş X7 İcraiyyə Komitəsinin mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında 12 avqust 1989-cu il il tarixli, 194 saylı qərarı ilə iddiaçıya X3 ərazisindən 0,10 ha torpaq sahəsi ayrılmış, eyni zamanda bu qərarla həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə də icazə verilmişdir, uzun illərdir iddiaçı həmin torpaq sahəsinə hasar çəkib sahiblənərək orada fərdi yaşayış evi inşa etmiş, hazırda ailəsi ilə bu evdə yaşayır. İddiaçı torpaq sahəsini və inşa etdiyi yaşayış evini özəlləşdirmək və bu barədə mülkiyyət hüquqlarına dair qanunla müəyyən edilmiş qaydada çıxarış sənədi almaq istəyir. Bununla əlaqədar olaraq torpaq sahəsinin ayrılması barədə qərarı, torpağın yerləşmə sxemini və digər müvafiq sənədləri də əlavə etməklə torpağa dair çıxarış sənədi almaq üçün iddiaçı xx.xx.2024-cü il tarixdə toplayaraq 4 saylı Asan xidmətinə rəsmi ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsi ********** nömrə ilə qeydə alınaraq baxıldı və ona rəsmi cavab verildi ki, xx.xx.2024-cü il tarixdə çıxarış sənədi veriləcəkdir. Lakin təyin olunan vaxt çıxarış sənədi verilmədi, sonrkı günlərdə müraciətinə də aydın cavab ala bilməmiş, nəhayət xx.xx.2024cü il tarixdə 1 saylı Bakı Ərazi idarəsinin rəis müavini Aidə Məmmədlinin imzası ilə ona cavab verilmişdir ki, çıxarış sənədi verilməsindən imtina olunur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, 1000 kv.m torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim olunan Abşeron rayon X5 İcraiyyə Komitəsinin 194 nömrəli, xx.xx.1989-cu il tarixli qərarının arxiv arayışında “Zeytun” aqrofirmasının yataqxanasında yaşayan 14 ailəyə fərdi yaşayış evinin tikintisi üçün X1 4,3 ha torpaq sahəsi ayrılması haqqındadır. Elektron kadastr məlumatlarına əsasən 4,3 ha torpaq sahəsinin ayrıcı barədə elektron bazada məlumat mövcud olmadığından faktiki göstərilən 1070 kv.m sahənin 4,3 ha torpaq sahəsinin ərazisindən ayrılıb-ayrılmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsi X3 Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1443/2025 nömrəli qərardadı İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Abşeron Rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 194 saylı qərarına əsasən X3 ərazisindən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 194 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən “Zeytun” aqrofirmasında işləyən və həmin ərazidə yaşayan özlərinə məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi olmayan şəxslərə (həmçinin İddiaçı) hər birinə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin verilməsi haqqında “Zeytun” aqrofirmasının müdriyyətinin, həmkərlar komitəsinin və əmək kollektivi şurasının 6 iyun 1989-cu il tarixli, 9 №-li və “Zeytun” aqrofirmasının 17 iyun 1989-cu il tarixli 113 №-li əmri nəzərə alınmışdır. Yerləşmə sxemindən görünür ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 194 nömrəli, xx.xx.1989-cu il tarixli qərarından çıxarışa əsasən “Zeytun” aqrofirmasında işləyən və həmin ərazidə yaşayan vətəndaş İddiaçı Maştağa subtropik sovxozu ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə dair yerləşmə sxemi Sabunçu RİH tərəfindən tərtib olunmuşdur. Müayinə aktından görünür ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsinə uyğundur, 70 kv.m artıq torpaq sahəsindən istifadə edilir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********24 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 1000 kv.m torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim olunan Abşeron rayon X5 İcraiyyə Komitəsinin 194 nömrəli, xx.xx.1989-cu il tarixli qərarının arxiv arayışında “Zeytun” aqrofirmasının yataqxanasında yaşayan 14 ailəyə fərdi yaşayış evinin tikintisi üçün X1 4,3 ha torpaq sahəsi ayrılması haqqındadır. Elektron kadastr məlumatlarına əsasən 4,3 ha torpaq sahəsinin ayrıcı barədə elektron bazada məlumat mövcud olmadığından faktiki göstərilən 1070 kv.m sahənin 4,3 ha torpaq sahəsinin ərazisindən ayrılıb-ayrılmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsi X3 Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024cü il tarixli T515/24 nömrəli cavab məktubu ilə xx.xx.1989-cu il tarixli 194 nömrəli Abşeron rayon XDS İK-nın qərarından çıxarış məhkəməyə təqdim edilmişdir. Çıxarışdan görünür ki, qərarın 3-cü bəndində qeyd edilmişdir ki, “Zeytun aqrofirmasında işləyən və həmin ərazida yaşayan özlərinə məxsus həyətyanı torpaq sahəsi və yaşayış evi olmayan aşağıdakı şəxslərə hər birinə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında Zeytun aqrofirmasının müdriyyətinin həmkarlar komitəsinin və əmək kollektivi şurasının 6 iyun 1989-cu il tarixli 9 nömrəli və “Zeytun aqrofirmasının 17 iyun 1989-cu il tarixli 113 nömrəli əmri nəzərə alınsın”. Çıxarışa əsasən siyahıda 8-ci sırada İddiaçı adı göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli, 3-21-3-30/2-4961/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,1 ha olsa da, faktiki olaraq hasardaxili 0,107 ha təşkil edir. Torpaq sahəsinin üzərində iki ədəd yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi X3 ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyət torpağıdır. Sahədən yol tərəfdən hasarboyu açıq orta təzyiqli 108 mm-lik qaz xətti keçir. Sahə üzərindəki tikililərin dövlət qeydiyyatı barədə və sahənin üst-üstə düşmə ilə bağlı bazada məlumat yoxdur. Cavabdeh tərəfindən verlmiş 17 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-14909/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində yerləşən torpaq sahəsi (**********92 reyestr nömrəli) və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 78 K saylı fərdi yaşayış evi (**********66-10301 reyestr nömrəli) qeydiyyatdan keçmişdir. Müvafiq qeydiyyatlarına aparılmasına əsas olan sənədlər içərisində mülki əqdlər və kökdə olan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin qərarları çıxış edir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüququnu təsdiqləyən çıxarışla rəsmiləşdirilməsində ilə ifadə olunur. Cavabdeh tərəfin iddianın rəddinə dair mövqeyini əsaslandırmaq məqsədilə istinad etdiyi arqumentlər iddiaçının müvafiq qanunvericiliklə nəzərdə tutulmuş sənədlərə malik olmaması, torpaq sahəsinin faktiki ölçüsünün normadan artıq olması və Abşeron Rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli, 194 nömrəli qərarının yalnız ümumi şəkildə 14 ailəyə torpaq ayrılması ilə bağlı olmasıdır. Məhkəmə cavabdehin irəli sürdüyü arqumentlərə münasibətdə qeyd edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 194 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən ayrılmışdır. Nəzərə alınmalıdır ki, adıçəkilən qərar “Zeytun” aqrofirmasının yataqxanasında yaşayan 14 ailəyə fərdi yaşayış evlərinin tikintisi məqsədilə X3 balansından 4,3 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş və bu ailələrdən birinin də konkret olaraq iddiaçı olduğu həmin qərarın 8-ci bəndində açıq şəkildə qeyd edilmişdir. Bu fakt torpaq sahəsinin iddiaçının da daxil olduğu ailələr qrupu üçün nəzərdə tutulduğuna dəlalət edir. Məhkəmə əlavə olaraq onuda qeyd edir ki, adıçəkilən qərar ləğv olunmadığından, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hazırda öz hüquqi qüvvəsini saxladığından, həmin qərar iddiaçının torpaq sahəsi üzərində hüquqi gözləntilərin olduğunu göstərir. İddiaçı tərəfindən torpaq sahəsinin cizgisi məhkəməyə təqdim edilmiş, cavabdeh tərəfindən faktiki torpaq sahəsinin ölçüsünün 0,107 ha təşkil etdiyi bildirilmiş. Məhkəmə araşdırması ilə torpaq sahəsinin yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olmaqla X4 ərazisindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazi olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmə bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçı ilə qonşuluqda olan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmişdir ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi Abşeron Rayonu XDS İK-nin qərarıdır. Nə qədər ki, cavabdeh oxşar hüquqmüəyyənedici sənədlər əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahəsinin ölçülərinə münasibətdə Məhkəmə diqqətə çatdırır ki, torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən çox olması vəziyyəti də iddianın təminini istisna etmir. Belə ki, iddiaçının real məqsədi hər hansı əlavə torpaq sahəsinə deyil, hüquqmüəyyənedici sənədlə ona ayrılan sahəyə münasibətdə hüquqlarının qeydiyyatının həyata keçirilməsidir ki, göstərilən imtina əsası hazırki iddianın təminini istisna etmir. Göstərilənlərlə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Abşeron Rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 194 saylı qərarına əsasən X3 ərazisindən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar